Daxili Işlər Nazirliyi (DIN) Kürdəmir rayonunun Sığırlı kənd sakini Qılman Piriyevin polis serjantı Asif Fərəcli və qohumları tərəfindən döyülməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin “Azadlıq”a göndərdiyi açıqlamada deyilir: “Istintaq hərəkətləri ilə hadisənin baş verdiyi əraziyə, Qılman Piriyevə məxsus ”VAZ-2106″ markalı 10 EH 966 dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin, vəkilin bəhs etdiyi, döyülmə anının əks olunduğu kamera görüntülərinə istintaq orqanı tərəfindən baxış keçirilib, digər təxirəsalınmaz tədbirlər görülüb. Qılman Piriyev iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb və dindirilib.

Iş üzrə ifadələri alınmış Elburus, Müslüm və Kərim Kərimovlar 30 mart 2016-cı il tarixdə sat 23:30 radələrində Kürdəmir rayonu Sığırlı kənd məscidinin qarşısında Qılman Piriyevi döyərək xəsarət yetirdiklərini etiraf ediblər.

Kürdəmir RPŞ-nin polis nəfəri, polis serjantı Asif Fərəcli şahid qismində verdiyi ifadəsində həmin gün özü və qohumları ilə Qılmanla sonuncunun yaxın qohumu olan bir xanımı mütəmadi olaraq narahat etməsi mövzusunda söhbət etməyə getdiklərini, lakin bu zaman aralarında münaqişə yarandığını, Qılman Piriyevi döymədiyini və ona xəsarət yetirmədiyini bildirib. Qeyd etməliyik ki, Asif Fərəclinin hərəkətlərinə Şöbənin rəhbərliyi tərəfindən hüquqi qiymət verilib və o, ciddi intizam məsuliyyətinə cəlb edilib. Asif Fərəclinin daxili işlər orqanlarında qalıb-qalmaması istintaqın nəticəsindən asılı olacaq.

Indi ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərindən fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186-cı maddəsi (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işinin başlanılmasını tələb edən vəkilin nəzərinə çatdırmaq istərdim ki, istintaqın gedişi qeyd olunan maddələrlə cinayət işinin başlanılmasını istisna edir. Çünki Qılman Piriyevə yetirilən xəsartələr sağlamlığa az ağır zərərvurmaya aiddir, hadisənin baş verdiyi nə məkan, nə də motiv Cinayət Məcəlləsinin vəkilin tələb etdiyi 126.2.4-cü maddəsinin dispozisiyasına qətiyyən uyğun deyil. Yəni nə məkan ictimai yerdir, nə də hadisənin motivində xuliqanlıq elementləri vardır. Hər iki xüsusatı hadisənin törədildiyi yer, üstəlik, tərəflərin ifadələri və kamera görüntüləri də təsdiq edir.

Ikinci maddə ilə əlaqədar qeyd olunmalıdır ki, istintaq zamanı Qılman Piriyevə məxsus avtomobilə 340 manat ziyanın dəydiyi müəyyən edilib ki, bu da CM-in 186-cı maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır.

O ki qaldı, yalnız 1 nəfərin məsuliyyətə cəlb olunması məsələsinə, qeyd etməliyəm ki, vəkilin digər iddiaları kimi, bu fikri də həqiqətdən uzaqdır. Artıq Kərimov qardaşlarının ikisi, Elburus və Kərim Kərimovlar müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. Müslüm Kərimovun da məsuliyyət məsələsi araşdırılır. Hazırda cinayət işi rayon prokurorluğu tərəfindən götürülüb”.

Xəbər lenti