Yeni qanuna görə, kredit götürən şəxs dünyasını dəyişərsə, onun yerinə ailə üzvləri pulu ödəməli olacaqlar 

Azərbaycan əhalisini narahat edən mühüm məsələlərdən biri kreditlərlə bağlıdır. Xeyli müddətdir müzakirəsi gedən, 3 milyona yaxın insanı narahat edən bu məsələnin çözülməsi üçün edilən təkliflərə rəğmən, rəsmi qurumlar heç bir tədbirlər görmürlər. 

Politika.Az xəbər verir ki, xüsusən də dollarla götürülən kreditlərlə bağlı durum daha acınacaqlıdır. İndiyə qədər təqribən 2 milyard dollara qədər vəsaitin ABŞ valtyutası şəklində kredit verildiyi Mərkəzi Bank tərəfindən də təsdiqlənir. İlkin mərhələdə banklar AMB ilə danışıqlar apararaq, onlara təklif etmişdilər ki, bu qədər pulun 1,05 manatla ödənişinə razıdırlar. Bir şərtlə ki, yerdə qalan 50 qəpik fərqin ən azı yarısını AMB onlara versin və ya güzəşt eləsin. Lakin Mərkəzi Bank bu təkliflərəi qəbul etməyib, mövcud qaydalara uyğun şəkildə ödənişləri davam etdirməsi vurğuladı. 

Qeyd edək ki, hazırkı durum çox acınacaqlıdır, artıq banklar verdikləri kreditləri geri ala bilmirlər. Üstəlik, kreditləri verə bilməyən vətəndaşlar da intiharlara əl atmağa başlayıblar. Artıq qısa müddətdə 50-dən çox insan bu və ya digər şəkildə həyatlarına qəsd ediblər. Prosesin dayanacağı və ya səngiyəcəyi isə inandırıcı görünmür. Ona görə ki, zaman kedikcə ödəmələrdə problemlər daha da artmağa başlayır, banklar da bunun müqabilində vətəndaşları nəinki sıxışdırır, hətta təhdid etməkdən də çəkinmirlər. Məsələn, banklar müştərilərinə bildirir ki, əgər kredit ödənilməsə, onun əmlakı əlindən alınacaq. Bu isə kredit alana pis təsir edir, bütün əmlakını itirəcəyini, uşaqlarının küçələrdə qalacağı təəssüratı yaradır. Ardından da onda belə bir fikir formalaşır ki, əgər özünü öldürərsə, o zaman kredit ödənişləri də dayanacaq, əmlak da yerində qalacaq. 

Politika.Az xəbər verir ki, Mərkəzi Bankı bunun qarşısını almaq üçün olduqca optimal bir yol fikirləşməyə başlayıb. Daha doğrusu, buna yol yox, pul qazanmağın yeni qaydası demək daha doğru olar. AMB-nin yaxın vaxtlarda Milli Məclisə qanun layihəsi təqdim edəcəyi gözlənilir. Həmin qanun layihəsinə əsasən kredit alan şəxs götürdüyü kreditin miqdarından asılı olmayaraq, onu geri qaytaran zaman dünyasını dəyişərsə, ödənişlər birbaşa onun ailə üzvlərinə şamil olunacaq. Ailə üzvləri ödənişdən imtina edəcəyi təqdirdə, onlara məxsus əmlakın kredit götürülən hissəsi qədəri müsadirə ediləcək. Yəni, intihar edən şəxs bununla problemi çözdüyünü düşünməsin, əksinə, həmin ödəmə yükünü ailə üzvlərinin üzərinə qoymuş olacaq. 

Maraqlıdır ki, AMB vəziyyətdən çıxış üçün daha asan yollar fikirləşəcəyi təqdirdə, vətəndaşı deyil, yenə bankları düşünən addım atmaq istəyir. Sanki Mərkəzi Bank əhalinin deyil, bankların hüquqlarını qoruyan təşkilatdır. Halbuki AMB ilk olaraq insanları düşünməli, artından da bankların maraqlarını qorumalıdır.Politika.Az xəbər verir ki, əgər bu qanun layihəsi parlamentdən keçərsə, bu intihar hallarının qarşısını alsa da, banklara qarşı aqressiyanın artmasına gətirib çıxaracaq.

Xəbər lenti