“Azərbaycanda sorğu mərkəzlərinin apardığı tədqiqatlarda Azərbaycan xalqının böyük əksəriyyətinin müharibə tərəfdarı olması həm normal, həm də ölkə başçısına dəstəkdir”.

Bunu Teleqraf.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Azərbaycanın dinc vasitələrlə sülhə nail olmaq istədiyini dəfələrlə bəyan etdiyini xatırladan millət vəkili söyləyib ki, əgər beynəlxalq birlik bunu bacarırsa, tətbiq etsin və işğalçı Ermənistan öz ordusunu Azərbaycandan çıxarsın: “Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistan ordusu işğal olunmuş əraziləri tərk etmək istəmir. Belə olan halda, Azərbaycan xalqının müharibə istəməkdən başqa çıxış yolu yoxdur. Azərbaycan xalqı aprel döyüşlərində bir daha əmin oldu ki, ölkəmizin mütəşəkkil ordusu var. Ordumuz Cənubi Qafqazda, ümumiyyətlə, postsovet məkanında ən güclü ordulardan biri olduğunu sübut etdi. Ermənistanın arxasında hansı qüvvələrin durmasından asılı olmayaraq, Azərbaycan ordusunun gücü Ermənistan ordusu ilə müqayisə edilməzdir. Ordumuzda döyüş əhval-ruhiyyəsi ilə yanaşı, kadr potensialı, hərbi texnika yüksək səviyyədədir. Ölkəmizin təkcə hərbi deyil, eləcə də diplomatik sahədə də uğurları var. Lakin Ermənistan özü etiraf etdi ki, onlar uzun illərdir nə diplomatik, nə də digər sahələrdə heç bir uğura nail ola bilməyiblər. Azərbaycan prezidenti isə qətiyyətlə bəyan etdi ki, əgər erməni əsgərləri ölmək istəmirsə, rədd olub getsin. Hesab edirəm ki, bu ifadə xalqda böyük əhval-ruhiyyənin yaranmasına səbəb olub”.

Millət vəkili həmçinin deyib ki, aprelin əvvəlində baş verənlər zamanı bütün dünya Azərbaycanda mövcud olan prezidentlə xalqın birliyinə bir daha şahid oldu: “Onlar baş verənlərdən ehtiyat edərək qələbəmizin bir addımında dayanmağı xahiş etdilər ki, danışıqları davam etdirsinlər. Lakin cox təəssüf ki, həmin döyüşlərdən bir müddət keçməsinə baxmayaraq, torpaqlarımızın qaytarılması istiqamətində nə beynəlxalq aləm, nə də Ermənistan tərəfi bir addım belə atmır. Onlar əvvəlki kimi status-kvonu saxlamaq istəyirlər. Əgər danışıqlar heç bir nəticə verməsə, o zaman Azərbaycan hökuməti xalqın müharibə istəyini nəzərə alaraq, hərbi əməliyyatlara başlayacaq”.

Xəbər lenti