Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələrin Azərbaycan Silahlı Qüvvələrinə təsir edə biləcəyi ilə bağlı iddialara cavab verib.

K. Vəliyev APA-nın bununla bağlı sorğusuna cavabında bildirib ki, nurçular və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur:"Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”.
K. Vəliyev bildirib ki, bu gün ordumuzda aparılan ideoloji təbliğat işləri, dövlətçilik ənənələrinin qorunması və Ali Baş Komandana sadiqlik Silahlı Qüvvələri bütün xarici və daxili radikal təsirlərdən uğurla qorumağa imkan verir: “Türkiyəli hərbi müəllimlərin və digər mütəxəssislərin Azərbaycan Silahlı Qüvvələrində çalışması məsələsinə gəlincə isə bildirirəm ki, 2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır və fəaliyyət göstərmirlər. Azərbaycandan kənarda qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının da heç bir əsası yoxdur”.
K. Vəliyev Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib:“Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq”.
Virtualaz.org xatırladır ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert, superhaber.tv saytının yazarı Mete Yarar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna təlim keçdiyini, azərbaycanlı hərbçilərin Türkiyə ali hərbi məktəbələrində təhsil aldığını nəzərə alaraq “potensial təhlükə” barədə xəbərdarlıq edib.
Mete Yarar bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna təlim keçib. Hərbi personalın hazırlanması iki ölkə arasında hərbi əməkdaşlığın əsas komponentlərdən birini təşkil edib. “Həm Türkiyədə hərbi məktəblərdə, hərbi akademiyalarda təhsil alan azərbaycanlı zabitlər var, həm də Azərbaycandakı Ali Hərbi Məktəbdə dərs keçən, briqada komandiri, qərargah rəhbərliyi postlarını tutan Türk Silahlı Qüvvələri personalı var”-Mete Yarar superhaber.tv-yə bildirib.
Ekspert deyib ki, hərbi çevriliş cəhdinə görə tutulan FETÖ-çülər ifadələrində təşkilat tərəfindən hərbi məktəblərə sızdırıldıqlarını etiraf ediblər. “Bu baxımdan bizim hərbi məktəblərə sızdığı bəlli olan virus Azərbaycan ordusuna da yoluxduruldumu? Türkiyədə 90-cı illərin sonlarında bu təşkilata bağlı zabitlər yetişdirilərkən Azərbaycanda da eyni şey ola bilərmi? Bu çevriliş cəhdi əcaba Azərbaycanda da yaşana bilərmi? Bu baxımdan Azərbaycan dövlətinin və ordusunun xəbərdar edilməsi yerində ola bilərmi?”-Mete Yarar sual edirb.

 

Xəbər lenti