Borçalı Cəmiyyəti İdarə Heyəti növbəti toplantısını keçirib.

Teleqraf.az-ın məlumatına görə, toplantıda Cəmiyyət təmsilçiləri Osman Əhmədoğlu və Elbəyi Cəlaloğlunun Gürcüstana səfəri, Kvemo Kattli qubernatoru P.Xizanişvili ilə bağlı hesabatları dinlənildikdən sonra 8-ci Elat Bayramı ilə bağlı görüləcək işlər müzakirə olunduqdan sonra İH-nin qərarı ilə Osman Əhmədoğlunun rəhbərliyi ilə Elat Bayramı Təşkilat Komitəsinin iş planı , habelə yaxın günlərdə Gürcüstana ezam olunacaq qrupun tərkibi müəyyən olunmuşdur.

İclas iştirakçıları iyunun 25-də bir qrup şəxsin Borçalı Cəmiyyəti adından toplantı keçirmələlərini kəskin şəkildə pisləyərək ölkə qanunvericiliyinin pozulması faktı haqda əlaqədar qurumlara müraciət etmişdir.

 İH baş verən utancverici olay haqda rəsmi açıqlama da qəbul etmişdir:

“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin rəsmi açıqlaması.

Məlum olduğu kimi bu il 28 may tarixində Borçalı İctimai Cəmiyyəti Nizamnaməsinə uyğun olaraq növbəti 8-ci konfransını keçirmiş, sədrin, Nəzarət Təftiş Komissiyasının, maliyyə qrupunun hesabatları dinlənilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Bunun ardınca isə Cəmiyyətin üzvü olmayan, onun işində iştirak etməyən, hər zaman təşkilatı nüfuzdan salmaqla məşğul olan bir qrup insan toplaşaraq 25 iyun tarixində “Borçalı” İctimai Cəmiyyətinin nüfuzuna xələl gətirən addım atmışlar. Beləliklə, Azərbayycan Respublikası qanunlarına və “Borçalı” İctimai Cəmiyyətinin 1993-cü ildə rəsmi dövlət qeydiyyatından keçmiş, 2002-ci ildə əlavə və düzəlişlər edilmiş mövcud Nizamnaməsinin tələblərinə sayğısızlıq nümunəsi göstərərək, “Borçalı” İctimai Cəmiyyəti adından "uzurpatorluq" edərək saxta “növbədənkənar konfrans" geçirmiş, yeni sədr , İdarə heyəti, nəzarət təftiş komissiyası “seçmişlər”.

“Borçalı” İctimai Cəmiyyəti bəyan edir ki, bu toplantının heç bir hüquqi əsası yoxdur, Cəmiyyətin İdarə Heyəti növbədənkənar toplantı haqqında hər hansı qərar verməmiş və növbədənkənar konfrans tələbi ilə də Cəmiyyətə heç bir müraciət daxil olmamışdır. Odur ki, 25 iyun tarixində keçirilən toplantı təxribat xarakterli, aqressiv köklənmiş, təşkilata aidiyyəti olmayan şəxslərin “Borçalı” İctimai Cəmiyyətinin adını və sədr də daxil olmaqla digər seçkili qurumların səlahiyyətlərini mənimsəmə cəhdidir.

 “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti bildirir ki, 25 iyun “toplantısında” mövcud ölkə qanunvericiliyinə və milli-mənəvi dəyərlərimizə etinasızlıqla “seçilən” Kərəm Məmmədov “Borçalı” İctimai Cəmiyyətinin sədri deyildir və onun “Borçalı” İctimai Cəmiyyəti adından danışmaq, onu təmsil etmək hüququ yoxdur. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir və "Cəmiyyət" 15 nəfərlik İdarə Heyəti ilə fəaliyyətdədir.

“Borçalı” İctimai Cəmiyyəti bir daha bəyan edir ki, Cəmiyyət növbəti legitim ümumi yığıncağını 28 may 2016-cı ilə tarixində keçirmiş və Nizamnaməsinin tələblərinə əməl olunmuşdur. “Borçalı” İctimai Cəmiyyəti Azərbaycan ictimaiyyəti və soydaşlarımızı bu qanunsuzluğa biganə qalmamağa, soydaşlarımızı qurulmuş bu məkrli oyunun təsirinə düşmədən növbəti Elat Bayramına daha ciddi hazırlaşmağa dəvət edir. Eyni zamanda, Cəmiyyət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq qurumlarından 25 iyun 2016-cı il tarixli toplantının legitim “Borçalı” İctimai Cəmiyyətinin aidiyyəti olmadığını nəzərə alaraq mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərar vermələrini xahiş edir və inanır ki, hüquqa etinasız yanaşanlar haqqında adekvat və prinsipial qərar veriləcəkdir.

Xəbər lenti