Aprelin 25-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda 2-5 aprel tarixində keçirilən hərbi əməlliyatlarla bağlı xüsusi müraciət qəbul olunub. Partiyanın mətbuat xidmətindən “Basta”ya göndərilən sənədi təqdim edirik:

2-5 aprel hərbi əməliyyatlarının nəticələrinin araşdırılmasına dair

Müsavat Partiyasının

MÜRACİƏTİ

12 may 1994-cü il tarixdə imzalanan Bişkek Protokolu Müsavat Partiyası tərəfindən heç vaxt müsbət qarşılanmamış və təslimçilik aktı kimi qiymətləndirilmişdir. Partiya Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə, suverenliyinin dünya birliyi tərəfindən tanınmış bütün ərazisinə şamil edilməsinə, BMT-nin 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsinə tərəfdar olmuşdur.

Torpaqlarımızı işğal edən tərəfin danışıqlar zamanı qeyri-konstruktiv mövqeyi, hər hansı bir güzəştdən imtina edərək, işğal altındakı ərazilərin müstəqilliyində israr etməsi səbəbindən Müsavat Partiyası bu ilin aprelin 2-də başlayan hərbi əməliyyatları anlayışla qarşılamış, hərbçilərimizin göstərdikləri şücaət və vətənpərvərlikdən məmnunluq və qürur hissini ifadə etməklə, Azərbaycan Ordusuna mümkün ola biləcək hər cür dəstəyə hazır olduğunu bildirib. Bununla yanaşı, aktiv hərbi əməliyyatların artıq dayandığı indiki dövrdə Müsavat Partiyası cəmiyyəti qayğılandıran bəzi məsələlərə aydınlıq gətirilməsini istəyir.

Müsavat Partiyası ilk növbədə  hakimiyyət strukturlarından hərbi əməliyyatların başlanılması və dayandırılması səbəbləri, gedişi haqqında ictimaiyyətə məlumat verilməməsini pisləyir, bunu normal idarəçilik forması olan “hökumətin hesabatlılığı” prinsipinə zidd hesab edir.

Müsavat Partiyası 3 gün davam edən hərbi əməliyyatlarda 100-dək hərbçimizin həlak olmasını xüsusi həyəcanla qeyd edərək, bu itkilərin nə qədər əsaslı olması, hərbi əməliyyatların Ali Hərbi Komandanlıq tərəfindən nə qədər peşəkarlıqla hazırlanması haqqında ictimaiyyətdə heç bir məlumatın olmamasını vurğulayaraq, son hadisələrlə bağlı ictimai nəzarət prinsipi əsasında araşdırmaların aparılmasını, nəticələr barədə xalqa məlumat verilməsini tələb edir.

Partiya son hərbi əməliyyatların Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin və əlillərin sosial şəraitini yenidən gündəmə gətirməsini hakimiyyətin diqqətinə çatdırır. Şəhid ailələrinə və övladlarına, Qarabağ əlillərinə və veteranlarına verilən müavinətləri yetərli hesab etməyən Müsavat Partiyası onların əhəmiyyətli dərəcədə artırılmasını, imtiyazların genişləndirilməsini, Qarabağ döyüşlərində həlak olanların ailə üzvlərinin hərbi xidmət zamanı ön xəttə göndərilməməsi kimi önləyici qərarların alınmasını, təxirəsalınmaz ehtiyacı olanlardan başlayaraq bütün şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasını hakimiyyətdən tələb edir.

Azərbaycanda mövcud olan qeyri-demokratik rejimin, siyasi motivli həbslərin Qarabağ ətrafındakı informasiya savaşımıza mənfi təsirini qeyd edən Müsavat Partiyası siyasi məhbusların dərhal azad olunmasını, köklü demokratik siyasi və iqtisadi islahatların həyata keçirilməsini hakimiyyətdən tələb edir.

***

Divanın iclasında həmçinin gənc fəal Nərgiz Yaqublunun bu günlərdə keçirilən anım tədbiri yüksək qiymətləndirilib. Mərasimin təşkilatçılarına təşəkkür olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı Qarabağ Azadlıq Təşkilatının Qarabağla bağlı keçirdiyi tədbirdə iştirakları barədə məlumat verib.

İclasda müsavatçıların Şuşa uğrunda döyüşdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun ad günü münasibətilə Şəhidlər Xiyabanında onun və Milli Qəhrəman Ramiz Qəmbərovun ziyarətləri barədə məlumat verilib.

Müstəqil media olan “Meydan TV”yə və onun əməkdaşlarına qarşı cinayət işinin qaldırılması ilə bağlı məlumatların narahatlıq doğurduğu bildirilib. Hakimiyyətin bu addımı ifadə azadlığına qarşı repressiya tədbirlərinin davamı kimi pislənilib.

Xəbər lenti