Rusiyanın Komi Muxtar Respublikası Dövlət Şurasının deputatı, “Uxtaneftqazgeologiya” şirkətinin baş direktoru Akif Sayadov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Bu məlumatı Komi Muxtar Respublikasının Baş İstintaq İdarəsi yayıb.

“Akif Sayadov bir çox ağır iqtisadi cinayətlər törətməkdə şübhəli bilinir. Ona görə də Kominin baş prokuroru Sergey Bajutovun təqdimatı əsasında oktyabrın 27-də Akif Sayadov barədə həbs-qətimkan tədbiri seçmək zərurəti yarandı” - deyə Baş İstintaq İdarəsindən bildirilib.

Bununla belə idarənin müstəntiqləri Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi regional şöbəsinin Akif Sayadovun “beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə və dəstəkləməkdə şübhəli bilinməsinə dair” yaydığı informasiyanı İTAR-TASS-a şərh etməkdən imtina ediblər.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi regional şöbəsinin rəhbəri Fuad Sayadov deyib ki, bu ittiham çox absurddur.

“Akif Sayadovun vəkilləri artıq bu cəfəng iddia ilə məşğul olmağa başlayıblar. İstintaq Akif Sayadov barədə qərar çıxararkən onun ağır xəstə olmasını, müalicəsinin davame tdirilməli olduğunu təəssüf ki, nəzərə almadı. Sıktıvkardakı müvəqqəti saxlama təcridxanasında bu cür intensiv müalicə aparmaq mümkün olmayacaq.

Akif Sayadovun həbsi və onun personası ətrafında gedən proseslər barədə artıq Komi Muxtar Respublikasının rəhbərliyinə də məlumat verilib. Mən Azərbaycan hökumətini və Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyini də bu barədə məlumatlandıracağam” - deyə Fuad Sayadov bildirib.

Qeyd edək ki, Akif Sayadov Rusiyanın əməkdar geoloqu, Kominin nüfuzlu və imkanlı şəxslərindən, habelə Komidəki Azərbaycan diasporunun liderlərindən biridir.

1951-ci ildə Naxçıvanda, Culfanın Qazançı kəndində doğulan Akif Sayadov 1977-ci ildən bəri neft-qaz sənayesi sahəsində çalışır. Əvvəlki illərdə müxtəlif məsul vəzifələrdə çalışıb. 2008-ci ildən isə "Uxtaneftqazgeologiya" ASC-nin rəhbəridir.

Virtualaz.org

Xəbər lenti