Azərbaycanda  erkən  nikah  problemi; statistika, səbəblər  və həlli  yolları

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİSEF-in açıqlamasına əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlirik. Bu yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. UNİSEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundu. BMT-nin Uşaq Fondu hökumətin dini liderlərlə yaxından əməkdaşlıq edərək, insanların hazırkı düşüncə tərzinin dəyişdirilməsinə nail olmağa çağırıb. Hazırda daha çox azərbaycanlı erkən nikahları məqbul hal sayırlar. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan Qeyri-hökümət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. Nikahda iki tərəf- kişi və qadın iştirak etsə də, erkən nikah dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Azərbaycanda 16 ildə 50 976 erkən nikah bağlanıb. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. 13-16 yaşda olan uşaqların haqqları var kı, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə heç olmasa, ailənin nə olması haqda nəzəri biliklərə yiyələnsinlər. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar. Rəsmi statistikaya əsasən son altı ildə ölkədə erkən nikahlardan 21,5 minə yaxın uşaq doğulub. Altı  ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların statistikası;

Nikahlar və İllər

    2010

    2011

    2012

 2013

 2014

 2015

Ümumi nikahların    sayı

 

  79 172

 

  88 145

 

  79 065

 

  86 852

 

  84 912

 

 68 773

Erkən nikahların sayı

 

   4883

 

    5138

 

     295

 

    229

 

    479

 

   391

15-17yaşlı analar tərəfindən doğulan uşaqların

 

   4103

 

   4392

 

    3236

 

   2855

 

 

   3296

 

 

   2895

Erkən nikahların baş verməsinin əsas səbəbləri nədir və hansı fəsadları var?

Erkən yaşda nikaha daxilolma sosial problem kimi aktual mövzulardan biridir. Birmənalı olaraq  yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Bəzən, mütəxəssislər də hesab edir ki, ailədəki sosial durumun zəif olması da erkən nikaha səbəb olur. Ailənin sosial durumu aşağı olduğundan valideyn övladına lazım olan məktəbli forması, eləcə də məktəb ləvazimatları ala bilmədiyindən çıxış yolu övladını məktəbdən çıxarmaq olur. Lakin, araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər. Hətta icra hakiminin də qızını erkən yaşda ərə verməsinə rast gəlinib. Müşahidələrə görə qızların erkən yaşda ailə qurması dəb halını alıb. Bəziləri isə bundan həvəslənir, bunu adi hal kimi qəbul edir, bu “dəblə” ayaqlaşmağa çalışırlar. Təəssüf ki, bu sonradan cəmiyyət üçün böyük yaraya çevrilir. Qızlarını erkən yaşda ərə verən valideynlər düşünürlər ki, qızımızı erkən yaşda ərə verməsək daha ərə verə bilməyəcəyik, "evdə qalacaq". Bu da əsas səbəblərdən biridir. Bizim kimi şərq cəmiyyətlərinin çoxunda qız övladına münasibət birmənalı deyil. Elə ailələr var kı, xüsusilə də qız deyil, oğul övladı olmasını arzulayır. Bu cür ailələrdə qız övladı varsa, tez bir zamanda qızı ərə verməyə can atırlar. Həmçinin problemin kökündə ənənəvi davranış üsulları dayanır. Xüsusilə də daha çox ucqar rayon və kəndlərdə insanlar ənənəvi streotiplərdən xilas ola bilmirlər, elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, keçmişdə olduğu kimi mütləq ərə verilməlidir, qız onların başını aşağı edəcək nəsə etməyincə ərə versələr yaxşıdı. Dilimizdə “Qız yükü duz yükü”, “Tez evlənənlə tez yuxudan duran qazanar” deyimlərini əldə bayraq edən insanlar erkən yaşda övladlarını ailə sahibi edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. Onlar övladlarının təhsillərini davam etdirmələrini deyil, erkən yaşlarda nigaha cəlb edib, ailə qurmalarına üstünlük verirlər. Bu cür erkən nikahlar isə sonradan bir sıra böyük fəsadlara yol açır. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara normal yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

Bu istiqamətdə aparılan araşdırmalara görə Azərbaycanın cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdu. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Buna görə də, bu yaşda qızların ərə verilməsi düzgün hesab edilmir. Tibbə məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər. Həkimlər və tibbi eksperlər isə bildirir ki, qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Eyni zamanda yetkinlik yaşına çatmadığı üçün həmin qızlar sağlam ailənin qurulmasına töhvə vermək üçün müvafiq bilik və bacarıqlara malik olmurlar. Digər tərəfdən onların fizioloji inkişafı da buna imkan verməyən amillərdəndir. Boşanmaların da əksəriyyəti erkən yaşda qurulan ailələrdə baş verir. Onlar boşandıqdan sonra heç bir təhsilləri olmadığına görə, qadın üçün ağır sayılan işlərlə məşğul olmağa məcbur olurlar. Bəzi hallarda isə çıxış yolu tapa bilməyərək, intihara meyl edirlər. Bu gün erkən yaşda nikaha girib təhsildən yayınlar sabahın anaları olur. Beləcə, baş tutan erkən bir nikah gələcəkdə başqa bir erkən nikah riskini artırır. Cəmiyyət bütün bu fəsadlara etinasız qalmamalıdır.

Erkən nikahların baş verməsində məsuliyyət kimin üzərinə düşür?

İnsanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Obyektiv yanaşsaq, burada tək məsuliyyət valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. İşlədiyim məktəb dövründən xatırlayıram ki, o zaman sinif rəhbərləri dərsə gəlməyən şagirdlərin arxasınca gedirdilər. Müşahidə etdiklərimə görə, deyə bilərəm ki, bir çox valideynlər məktəb direktorları ilə "razılaşırlar" ki, mənim övladım dərsə gəlməsin. Çünki, artıq ya nişanlıdır, ya da molla kəbini ilə ailə qurub. Hesab edirəm ki, bununla bağlı həm də cəmiyyət tərəfindən ictimai qınaq olmalıdır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Yəni kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə dörd min manata qədər cərimə və yaxud dörd ilə qədər həbs nəzərdə tutulur. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşib.

Erkən nikah problemini aradan qaldırmaq üçün hansı tədbirləri görmək lazımdır?

Qeyd olunan problemlərin həll olunması isə onlarıın səbəblərinin aradan qaldırılmasından və həmin bölgə, kənd və məktəblərdə ciddi maarifləndirmə işlərinin aparılmasından keçir. Erkən nikahlarla bağlı maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqdır. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşından aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan, molla kəbini ilə ərə verilirlər. Molla kəbini isə heç bir hüquqi məsuliyyət kəsb etmir. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Bu cür maarifləndirmə nəticəsində həm də mülkiyyət hüquqlarının pozulması problemi insanların nəzərinə çatdırılmalıdır. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Paralel şəkildə təhsilə yönləndirmə olmalıdır. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə imkan tanımalıdırlar. Onlar ənənəvi düşüncə tərzindən uzaqlaşmalı və bu kimi davranışlardan çəkinməlidirlər. Psixoloq və həkimlərin rəylərində evlilik üçün optimal yaş həddi 19-30 arası yaş sayılır. Azərbaycanda evliliyin yaş həddi dövlət tərəfindən qızlar və oğlanlar üçün 18 yaşdır. Buna baxmayaraq, bu gün ölkəmizdə hələ də “Erkən nikahlar və uşaq hüquqlarının pozulması” prosesi davam edir. 2015-ci ilin sonunda Bakıda keçirilən “Erkən nikahların qarşısının alınması imkanlarının gücləndirilməsi” beynəlxalq konfransı ortaya bir sıra məsələlər çıxardı. Tədbirdə erkən nikahların sayının çoxaldığı xüsusi qeyd edildi. Hazırda Erkən nikahlar cəmiyyətimizin həllini gözləyən problemlərindən olsa da, qətiyyən qarşısında aciz olduğumuz problemlərdən deyil. Təcrübə sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problem həll etmək yaxud problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltmək mümkündür.

Qeyd: Bu yazı müxtəlif mənbələrə istinad edilməklə, ERKƏN NİKAHLARA YOX DEYƏK kompaniyası çərçivəsində yazılmışdır.

Həmid Hüseynli-"Gənclər Klubu"İB-nin İ.Heyətinin üzvü, Müxtəlif QHT-lərdə təhsil və insan hüquqları ilə bağlı lahiyələrdə fəaliyyət göstərir.



Xəbər lenti