QAT sədri: “Ermənistan azərbaycanlıları öz yurdlarına qayıdanda onlara hansı status veriləcəksə...”

“Biz ovuc erməniyə status verilə bilməz! Bizim münasibətimiz, mövqeyimiz hər zaman birmənalı olub. Dağlıq Qarabağdakı qondarma rejimə statusla bağlı söhbət ola bilməz”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı dövlət başçısının Dağlıq Qarabağla bağlı son dediklərinə münasibət bildirərkən vurğulayıb.

QAT sədri Teleqraf.az-a açıqlamasında deyib ki, əgər Dağlıq Qarabağa statusla bağlı söhbət gedirsə onda deməli, biz ermənilərin haqlı olduğunu isbatlamış oluruq: “Dağlıq Qarabağdakı bir ovuc erməni guya öz hüquqlarının artırılması uğrunda mübarizəyə başlayıb. İndi biz onlara status veririksə, onların haqlı olduğunu dolayısı ilə təsdiq edirik. Əslində isə məsələnin mahiyyəti odur ki, Ermənistan Dağlıq Qarabağdakı bir ovuc ermənidən sui-istifadə edib Dağlıq Qarabağ da daxil olmaqla, bir sıra Azərbaycan torpaqlarını işğal edib. Məsələyə yanaşma belə olmalıdır ki, Dağlıq Qarabağdan və digər işğal olunmuş ərazilərdən ermənilər qeyd-şərtsiz çıxmalıdırlar. Ondan sonra digər məsələlər müzakirə edilə bilər. Dağlıq Qarabağda ermənilərin sayı az olub. Ancaq 300 mindən yuxarı azərbaycanlı Ermənistandan qovulub. Bizim mövqeyimiz belədir ki, ermənilər Dağlıq Qarabağdan və ətraf rayonlarda çıxandan sonra Ermənistandan çıxarılmış, tarixi Azərbaycan torpaqlarından çıxarılmış azərbaycanlılar geri qaytarılmaldır. Onlara hansı status veriləcəksə, həmin status da Dağlıq Qarabağdakı ermənilərə verilə bilər. Bizim mövqeyimiz belədir. Ermənistan ərazisindən zorla çıxarılan 300 mindən çox azərbaycanlının öz yurdlarına qaytarılması gündəmə gələrsə, rəsmi Bakı məsələni müzakirə edə bilər. Ermənistan azərbaycanlıları öz yurdlarına qayıdanda onlara hansı status veriləcəksə, Dağlıq Qarabağ ermənilərinə də oxşar status verilməlidir”.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür. Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk Qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Düşünürük ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhalisi 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir. Fərq ondadır ki, biz öz torpaqlarımızı geri istəyirik, Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir”.

İ.Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Günay Turan

Xəbər lenti