Tural Abbaslı: “Qurultaya Müsavat, AXCP, YAP da dəvətlidir”

İyunun 26-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Vahid Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Məsələ ilə bağlı  musavat.com-a danışan qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı bir çox məsələlər aydınlıq gətirdi.

T.Abbaslı bildirdi ki, qurultaya hazırlıq prosesi artıq yekunlaşıb. O, öncə tədbir üçün yer ayırdığına görə Vətəndaş Həmrəyliyi Partiyasına və partiya sədri Sabir Rüstəmxanlıya minnətdarlıq elədi: “Hazırlıq işlərimiz yekunlaşıb. Ancaq bir məsələni də qeyd edim ki, bunu hansısa illərdir oturuşmuş partiyaların qurultayı ilə  müqayisə etməyin də doğru olduğunu düşünmürəm. Çünki bu, başlanğıcdır və burada müəyyən boşluqlar, çatışmayan cəhətlər də ola bilər”.

T.Abbaslı qurultaya kimlərin dəvət olunması ilə bağlı bildirdi ki, onların tədbirlərində hər kəs iştirak edə bilər: “Siyasi arenaya yeni siyasi partiyanı qazandırmaqda məqsədimiz, həm də bu arenanın qabığının dəyişməsində, yeni ”oyunçu"ların, yanaşma tərzinin, münasibətlərin formalaşmasında yer almaqdır. Bu baxımdan elə biz bu işi qurultayımızdan başlamaq niyyətindəyik. Sizin vasitənizlə də hər kəsi - hər bir siyasi partiyanı, QHT-ni, ictimai xadimləri qurultayımıza qonaq qismində dəvət edirəm. Qurultaya həmçinin, Müsavat Partiyasını, AXCP-ni, Yeni Azərbaycan Partiyasını da dəvət edirik. Artıq bəzi protokolların oturuşmasının tərəfdarıyıq. Buna görə biz siyasi rəqabəti, siyasi düşmənçilik fonundan çıxarmaq istəyirik. Misal üçün, Yeni Azərbaycan Partiyası ilə siyasi rəqib ola bilərik, ancaq düşmən deyilik və şəxsi qərəzimiz olmamalıdır. Həmçinin də digər partiyalarla belədir. Ən həssas  münasibətlərin olduğu Müsavat Partiyasını da eyni cür qarşılayırıq. Çalışacağıq ki, qurultaydan sonra siyasi arenaya yeni standartlar gətirək".

T.Abbaslı hesab edir ki, siyasi arenada yeni qüvvələr yox dərəcəsindədir: “Artıq 23 ildən bəri hökm sürən siyasi mühit var ki, hər bir proses onun hegemonluğu ilə gedir. Bura YAP da, Müsavat Partiyası, AXCP-də daxildir. Təklik təbii ki, bizim üçün çətin olacaq. Yeniliyə iddialı olub, tək olmaq prosesləri ağırlaşdırır. Ancaq əminəm ki,  bizim addımlar nümunə yaradacaq və yeni siyasi ambisiyalı qurumlar meydana gələcək. Artıq  ondan sonra hesab edirəm ki, proses daha sürətli gedəcək. Növbəti siyasi mərhələnin qarşıdakı dönəmində müxalifət daha 23 il müxalifət olaraq qalmayacaq”.

Qurultayın  3-4 saat davam etməsini nəzərdə tutduqlarını deyən Abbaslı, həmin saatlarda hansı işlərin görüləcəyini də açıqladı: “Adın dəyişməsi, nizamnamə dəyişikliyi, sədr seçilməsi, məclisə seçkilər nəzərdə tutulub. Artıq Ədliyyə Nazirliyinin müvafiq idarəsinə qurultayla bağlı rəsmi xəbərdarlıq məktubu göndərmişik. Qurultaydan sonra da  digər protokolların, sənədlərin təqdimi işlərinə  davam edəcəyik. Qurultaya 3 gün qalmışa qədər istənilən posta, istənilən adamın namizədlik verməsi proseduru var idi. Ancaq həmin zaman  ərzində sədrliyə məndən başqa namizəd olmadı. Ancaq olduğu halda da heç bir problem olmazdı. Demokratiyadır və biz buna hazırıq. Bu baxımdan qurultayda  sədrliyə tək namizəd mən olacam. Digər yerlərə də namizədlər tam hazırdır”.

“Ağ blok”un lideri Tural Abbaslı onu da qeyd edib ki, blokda olduğu kimi partiyada da gənclər üstünlük təşkil edəcək: “Lakin bu o demək deyil ki, yalnız gənclərin potensialından yararlancağıq. Xeyr, yaşlılar da var  və olmaqda da davam edəcək. Burada gənc, yaş məsələsi daha çox fiziki, bioloji deyil, düşüncə, yanaşma tərzinə görədir. Bizdə elə yaşlı görünən insanlar var ki, düşüncələri, gələcəyə baxışları bizim bir çox gənclərdən daha irəlidədir. Bizi inkişafdan saxlayan ”yaşlı düşüncə"dir. Misal üçün, Böyük Britaniya Avropa Birliyindən çıxmağı səsə qoydu və qəbul olundu. Bütün bunlar təbii ki, risklərdir. Ancaq bunun özündə də bir müsbət var ki, insanlar dəyişikliyə can atırlar. Bizim cəmiyyətdə isə uzun müddətdir ki, belə bir hal müşahidə olunmur. Sanki donmuş bir vəziyyətdə yaşayırıq. Hakimiyyətin bunu dəyişmək istəməməsi haradasa başa düşüləndir. Ancaq məsələ ondadır ki, bunu müxalifət də istəmir. Biz də gənc dedikdə, yenilikçi insanları nəzərdə tuturuq ki, onlar manevrlərə, risklərə hazır olsunlar. Güman edirəm ki, biz siyasi yaşı yox, düşüncəni gəncləşdirəcəyik".

Xəbər lenti