Bu gün- mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin 98 yaşı tamam olur. Bayram günü cümhuriyyətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənni doğulduğu Bakının Novxanı qəsəbəsində izdiham var. Səhər saatlarından etibarən onun heykəli olan parka insanlar axın edirlər. 

Teleqraf.az-ın xəbərinə görə, cümhuriyətimizin qurucusu Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi qarşısında anılır. Kənd sakinləri səhər saatlarından abidənin yerləşdiyi parka gələrək, M.Ə.Rəsulzadənin heykəlini ziyarət ediblər, anıblar. Həmçinin siyasi partiyalar, ictimaiyyət təmsilçiləri də abidənin ziyarətinə gəlirlər.

Saat 13.30-da ona yaxın partiyanın daxil olduğu Antiböhran Koalisiyası da abidənin yerləşdiyi parka gələrək cümhuriyyət gününü qeyd edib. Onlar tədbirə dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunun yad edilməsi ilə başlayıblar.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil çıxışında 98 il əvvəlki İstiqlal Bəyannaməsindən danışaraq, müstəqilliyin vacibliyindən danışıb. Həmçinin tədbirdə Rəsulzadənin çıxışını səsləndirib.

Antiböhran Koalisiyasının üzvlərindən olan ADP sədri Sərdar Cəlaloğlu çıxışında bildirib ki, respublika dövlət idarəçiliyinin ən təkmil formalarından biridir: “Bu gün hər bir Azərbaycan vətəndaşı bunu doğma günü kimi qeyd etməlidir. Bu respublikanı bizə əmanət qoyub gediblər. Azərbaycan dövlətçiliyi uğrunda milyonlarla qurban vermişik. Onların da xatirəsi bizə əzizdir. Müstəqilliyi qazanmaq asandır, qorumaq isə çətindir. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı respublikamızın qədrini biləcək”.

AXP sədri Pənah Hüseyn isə qeyd edib ki, mübarizənin bu gün də əzmlə davam etdirilməsi qürurvericidir: “Bu günün əhəmiyyətini dərk etməliyik”. Onun sözlərinə görə, cümhuriyyətin yüz illiyində korrupsioner rejimin ölkədə olmayacağına ümid edir: “Biz o zaman başımızı qaldırıb fəxarətlə bayrağın altında dura biləcəyik”.

“Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə qeyd edib ki, milli mübarizə bir az da səngiməyib: “Bu gün də Azərbaycanda haqq-ədalətlə ədalətsizlik uğrunda mübarizə gedir, insan haqları ilə bunun əleyhinə olanların arasında mübarizə gedir. Bu gün Azərbaycanda milli hökumət yoxdur. Mübarizəmizi sonadək davam etdirəcəyik”.

VİP sədri Əli Əliyev isə qeyd edib ki, millət olaraq etməli olduqlarımızda gecikməməliyik: “Azərbaycanı bu gün nə qədər milli azadlıq hərkatından saxlasalar da, bu, mümkün olmayacaq. Dövlətimizin bünövrəsini qoymuş şəxsi indiki hakimiyyət gizlətməyə çalışır, amma edə bilməyəcəklər. Rəsulzadənin heykli hər bir vicdanlı azərbaycanlının ürəyindədir. Ümid edirəm ki, bu hakimiyyət dəyişəcək və arzuladığımız dövləti qura biləcəyik”.

MKP sədri İxtiyar Şirin isə deyib ki, 1993-cü il iyun haadisələrindən sonra milli hökumətin varisliyi əldən çıxıb: “Bizim əsas vəzifəmiz milli hökumət tərəfindən bizə miras qoyulan dəyərləri bərpa etmək, onlara sahib olmaqdır. Bir mübarizəmizi davam etdirməliyik”.

“125-lər” Siyasi Qrupunun üzvü Tamilla Qulami isə qeyd edib ki, bugünkü müxalifətin əsas vəzifəsi müstəqilliyin itirilməsinə yol verməməkdir.

“Ağ blok”un təsisçilərindən Tural Abbaslı isə bildirib ki, Rəsulzadənin ardıcıllarının bayrağa, millətə sahib çıxma zamanıdır.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, bu gün Allahını, millətini tanıyan hər kəsin bayramıdır: “Bu gün burada Azərbaycanın reallıqları görünür. Bu meydanda dünyaya göstəririk ki, biz kimik, nəyə qadirik, neçə yerə bölünmüşük, nəyə qadirik və haraya gedirik. Rəsulzadə deyirdi ki, bizdən öncəki nəsil heçdən bir bayraq yaradıb. Rəsulzadənin böyüklüyü, öndərliyi o idi. Rəsulzadənin davamçısı bütöv azərbaycançı olmalıdır, millətinn hər bir övladına doğma baxmalıdır. Bu gün hakimiyyət də bu bayrağa möhtacdır. Yazıqlar olsun öz haqqını tanımayanlara”. Bu gün böyük bir mübarizə var, bu, iqtidarla müxalifətin mübarizəsi deyil, haqqla batilin, halalla haramın, dürüstlə nadürüstün mübarizəsidir. Halal adamlara eşq olsun deyirəm. Onların mübarizəsi qalib gələcək”.

Teleqraf.az

 

Xəbər lenti