"2006-cı ildə baş verən hadisələr Güney Azərbaycanda milli hərəkatın yeni mərhələsi oldu, hərəkat uğurla yekunlaşacaq”

Bütöv Azərbaycan Ocaqları mayın 21-də paytaxt Bakıda dəyirmi masa keçirib. Tədbirin keçirilməsində məqsəd on il əvvəl İranda baş verən olayların ildönümünü qeyd etmək olub. Musavat.com xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi simalar, partiya sədrləri, milli fəallar, gənclər, ziyalılar iştirak ediblər. Onlar İranda 2006-cı ildə dövlət qəzetində türklərin təhqir olunmasına və bundan sonra baş verən proseslərə bir daha diqqət çəkiblər. Həmçinin beynəlxalq birliyə İrandakı Azərbaycan türklərinin durumunun çatdırılması da əsas məqsəd olub. 

Çıxış edən BAO üzvü Elvin Abdullayev bildirib ki, İrandakı Azərbaycan türkləri elementar hüququ olan ana dilində təhsildən məhrum edilib: “Soydaşlarımız öz hüquqları uğrunda dəfələrlə səslərini ucaltmışdılar. 2006-cı ildə İran qəzetində türklər hamam böcəyinə bənzədilmişdi, nəticədə 4 milyona yaxın insan buna etiraz etdi. On yeddi min insan həbs edildi. Beş yüz nəfərə bir ildən beş ilə qədər həbs kəsildi. Minlərlə insan isə rejim zindanlarında iş kəsilmədən aylarla saxlanıldı. Bu hadisələr Güney Azərbaycanda milli hərəkatın yeni mərhələsi oldu”. Güney Azərbaycanda milli hərəkatın davam etdiyini vurğulayan E.Abdulayev əlavə edib ki, hərəkat uğurla yekunlaşacaq.

AMEA-nın üzvü Yasəman Qaraqoyunlu isə deyib ki, türk millətinin təhqir olunmasının tarixi təkcə on il əvvəl may hadisələrində olmayıb: “Bu cür təhqirlər dəfələrlə baş verib. Fars ideologiyası daim türkləri təhqir edən bir ideologiyadır. Hesab edirəm ki, BAO olaraq, bütöv Azərbaycan uğrunda mübarizə aparanlar olaraq Azərbaycan Milli Qurultayının keçirilməsinə çalışmaq lazımdır”. 

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, Cənubi Azərbaycan probleminin ciddi olduğunu bilməliyik.Onun sözlərinə görə, bu problemdə də Rusiya faktoru ciddidir. Həmçinin oradakı milli fəallar, azadlıq uğrunda mübarizə aparan qurumlar bir-biri ilə düşmən kimi bir mövqedə olduqları üçün uğur qazanmaq mümkünsüzdür.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, 2006-cı ildə baş verən hadisələr qanlı hadisələr idi, amma beynəlxalq birlik heç bir reaksiya vermədi: “Maraqlıdır ki, bu hadisələrin təkrarlanması ehtimalı varmı? Mən bunu ehtimal edirəm. İranda proseslər çox mürəkkəbdir. Yenidən təkrarlanacağı halda, beynəlxalq birliyin, həmçinin Azərbaycanın reaksiyası maraqlıdır. İranda aktivlik bu gün də var. 2006-cı il hadisələrinin təkrarlanması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bu zaman Azərbaycan hakimiyyətinin heç bir reaksiyası olmayacaq. Çünki İranla münasibətləri pisləşdirmək istəmir. Amma beynəlxalq birlik proseslərə aydınlıq gətirməli, reaksiya verməlidir”. 

KXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirib ki, diaspora təşkilatlarının bu işdə köməkliyi ola bilər, ancaq onlar maraqsız və fəaliyyətsizdirlər: “İran demokratiyanı əngəlləyən dövlətlərdən biridir. Orada Azərbaycan türklərinin öz dövlətini qura biləcəyini düşünürəm”.

Digər çıxış edənlər də Cənubi Azərbaycandakı siyasi, milli hərəkatı müzakirə ediblər, həmçinin gələcəyini proqnozlaşdırıblar. Sonda isə Bütöv Azərbaycan Ocaqlarının (BAO) “22 maydan 10 il sonra” mövzusunda keçirilən dəyirmi masasının bəyanatı da səsləndirilib. “On il öncə- 2006-cı ilin may ayının 12-də İranın dövlət qəzeti olan “İran” qəzetində Azərbaycan türklərinə qarşı təhqiramiz karikatura və yazının getməsinə etiraz olaraq həmin ayın 22-də Təbriz, Urmiya, Ərdəbil, Tehran, Qəzvin, Qoşaçay, Mərənd, Maku, Xoy, Zəncan və başqa şəhərlərdə Azərbaycan türkləri şovinist fars rejiminə qarşı kütləvi etirazlara qalxıb. Etiraz aksiyalarında İran rejimindən Azərbaycan türklərinin milli-mənəvi haqlarının təmin olunması, o cümlədən Azərbaycan türkcəsinə rəsmi dil statusunun verilməsi tələb olunub. Bu etirazları yatırtmaq üçün hakimiyyət ilk olaraq dövlətin güc strukturlarını küçələrə yeritsə də, onlar Təbriz əhalisinə atəş açmaqdan imtina edib. Bunu görən fars şovinist rejimi Livandan gətirilmiş “Asala” terror təşkilatının üzvlərini, əfqan və çinlilərdən ibarət cəza dəstələrini aksiyanın dağılmasına cəlb edib. Nəticədə aksiya zorakılıqla yatırılıb, yüzlərlə etirazçı həbs olunub, onlarla insan qətlə yetirilib,  tələblərin heç biri yerinə yetirilməyib”,- deyə bəyanatda bildirilib.

Həmçinin qeyd edilib ki, həmin hadisələrdən on il keçməsinə baxmayaraq, İran rejimi Azərbaycan türklərinə və digər qeyri-fars xalqlarına qarşı apardığı farslaşdırma siyasətini bu gün də davam etdirməkdədir: “Sayı 35 milyon olan Güney Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan məhrumdur, hətta şoifahi nitqdə belə türk dilindən istifadə sıxışdırılır, öz milli-mədəni haqlarını tələb edən insanlar sərt repressiyalara məruz qalırlar. Bütün bunlar isə beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulmasıdır. Bir neçə gün öncə də milli fəallardan Süheyla xanım Kargər həbs olunub, Abbas Lisani və onunla yanaşı bir neçə siyasi məhbus rejimin çovinist siyasətinə etiraz olaraq aclıq aksiyasına başlayıb”.

BAO-nun bəyanatında qeyd edilib ki, dünya ictimaiyyətinin bu məsələyə diqqətini yönəltmək lazımdır: “Biz bir daha dnüya ictimaiyyətini və beynəlxalq təşkilatları İran rejimi tərəfindən Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının kobud şəkildə pozulmasına və milli-mədəni fəallara qarşı aparılan sərt repressiyalara biganə qalmamağa, mümkün sivil vasitələrlə bu şovinist rejimə təzyiq göstərməyə, Azərbaycan türklərinin haqq işinə dəstək verməyə çağırırıq”.  

Musavat.com

Xəbər lenti