Tanınmış jurnalist, BTV onlayn telekanalının və bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 4 il keçir. Söhbət 4 il əvvəl, 2011-ci ilin 7 oktyabrında Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdu. 

Xatırladaq ki, həmin dəhşətli hadisə zamanı Vasif Turanın Qobudakı evində qəfil yanğın hadisəsi baş verib. Vasif Turan olayı belə xatırlayır: “Həyat yoldaşımla birlikdə qayınanamgilə getmişdik. Evlərimiz arasında məsafə də elə uzaq deyildi. Rayondan bizə sovqat göndərmişdilər. Onu almaq üçün getmişdik. Heç 10 dəqiqə deyildi ki, qayınanamgilə çatmışdıq ki, xəbər gəldi evimiz yanır. Təcili geri döndük, uşaqlar evdə idi. Onları yatırdıb çıxmışdıq. Bizim geri dönüşümüz də ən çoxu 5 dəqiqə çəkərdi. Evə yetişəndə gözlərimə inanmadım. Çünki qısa müddətdə evin bu qədər sürətlə yanması mümkün deyildi. Uşaqları çıxarmağa çalışdıq. Dəfələrlə evə girmək istədim. Əllərim, qollarım yandı. Amma...

Baş redaktor deyib ki, Rüfətlə Əhməd çox da kiçik deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekvando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür: “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsdən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.

Vasif Turan öz açıqlamasında 4 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyib. Bildirib ki, bu müddət ərzində FHN-in İstintaq İdarəsi və Baş Prokurorluq dəhşətli olayı araşdırıblar. Amma hələ də ortada heç nə yoxdur: “İndiyə qədər dəfələrlə istintaqa çağırılmışam. Övladlarımın ölümü ilə bağlı bütün şübhələrimi, ehtimallarımı, təxminlərimi, mümkün dəlilləri istintaqa təqdim etmişəm. Di gəl, heç bir nəticə əldə etmək mümkün olmayıb. Ümid edirəm ki, istintaq orqanları bu cinayətin üstünü tezliklə açacaqlar. Mənim də bundan sonra ürəyim təskinlik tapar ki, cinayətkarlar yaxalandı və cəzalarını aldı”./Musavat.com/

Xəbər lenti