Teyfurə Əliyeva: “Cavid Hüseynovun çıxarılması üçün cəhdlər edilir”

Avqustun 8-də döyülməsi nəticəsində xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ailəsinin maraqlarını vəkil Əsabəli Mustafayev qoruyacaq. Əliyevlər ailəsinin vəkil tutmalarına səbəb istintaqın gedişindən narazı qalmalarıdır.

Onlar cinayətdə birbaşa adı hallanan və hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynova qarşı irəli sürülmüş ittihamla razı deyillər. Onlar iddia edirlər ki, futbolçu cinayəti bilib gizlətmə maddəsi ilə yox, cinayətin təşkilatçısı qismində məsuliyyətə cəlb olunmalıdır.

“Qəbələ”nin sentyabrın 3-də Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya göndərdiyi klub heyətinin siyahısına Cavid Hüseynovun da adını daxil etməsi narahatlığı daha da artırıb.

Mərhum jurnalistin anası Teyfurə Əliyeva bizimlə söhbətində vəkil tutmağa ehtiyac duyduqlarını anlatdı: “Vəziyyətim çox pisdir. Vəkilin əvəzimizdən danışmağı daha uyğundur. Həkimlərlə bağlı ciddi narahatçılığımız var. Açıq şəkildə onları məsuliyyətdən yayındırırlar. Cavidin evimizə dəfələrlə zəng etdiyinin şahidi olmuşam. Bibisi oğlu ilə bərabər əvvəlcə zəng etdi, ardınca kobud danışdı. Sonradan yalan şəkildə mülayimləşdiyini deməsinin şahidi mənəm. Rasimi evdən çıxaran, aldadan Cavid olub. O, deyib ki, uşaqlara demişəm, səndən üzr istəyəcəklər. Rasim Cavidə inanıb çıxdı. Əks halda o uşaqları tanımırdı axı. Cavid Hüseynov bu işdə birbaşa təşkilatçıdır. Tələbim odur ki, o, təşkilatçı kimi cinayətə cəlb olunsun. Bütün hadisələrin canlı şahidi mənəm”.

T.Əliyeva Cavid Hüseynovun adının heyətə salınmasından narahat olduğunu söylədi: “Cinayətin başında duran adamın adının heyətə daxil edilməsi ”Qəbələ"nin səviyyəsini aşağı salır. Mənə ağır təsir edir. Cavid kimilər o kluba yaraşmır. Düzdür, “Qələbə” klubunun burada günahı yoxdur. Söhbət cinayətkardan gedir. Hesab edirəm ki, klub cinayətkarın arxasında durmamalıdır".

Vəkil Əsabəli Mustafayev mərhumun hüquqlarını sona qədər qoruyacağını qeyd etdi: “Rasimin ailəsi çox narahatdır. Əsas narahatçılıq Cavidə qarşı irəli sürülmüş maddədir. Onun əməli yüngül tövsif olunub. Rasimin ailəsi Cavid Hüseynovun tapşırığının icra edildiyini deyirlər. O, tapşırıq verməsəydi, digərləri cinayət törətməzdi. Cavid nə desə, onu edərdilər. Qəddarcasına döymək onu göstərir ki, xüsusi tapşırıq verilib. İstintaqda əlavə göstərişlər üzə çıxacaq. Mətbuatda Cavidin vəkilinin onun günahının olmaması ilə bağlı fikirləri onu sübut edir ki, cinayətkarı məsuliyyətdən yayındırmaq cəhdləri edilir. Bir məsələdə göstərilib ki, Rasimin valideynləri danışıqlara meyllidirlər. Tək oğlu itirmiş valideyn danışıqlara necə meylli ola bilər? Burada ədalət axtarışı var. Bizim niyyətimiz o deyil ki, Cavid nəyin bahasına olsursa-olsun cəzalandırılmalıdır. Faktlar onun təqsirinin olduğunu göstərir. İstintaq buna qiymət verməlidir. İttiham da düzgün olmalıdır”.

Vəkil Cavid Hüseynovun adının heyətə salınmasına belə aydınlıq gətirdi: “Onlarda belə inam var ki, azad oluna bilər. Simvolik daxil etmə başqa anlayışdır. Amma burada əminçilik var ki, bu şəxs oyunlarda iştirak edəcək. İstənilən halda bu düzgün deyil”.

Xəbər lenti