Keçmiş müdafiə naziri evini niyə özəlləşdirə bilmir?

Keçmiş müdafiə naziri Rəhim Qazıyev “Azadlıq” qəzeti vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edib. Teleqraf.az Müraciəti olduğu kimi təqdim edir: “Ilk növbədə, Binəqədi rayonu ərazisində yerləşən binada korrupsioner məmurların qurbanına çevrilən körpə övladlarımızın və faicədə həlak hər bir vətəndaşımızın ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Bu faciə hər birimiz üçün ağırdır. Allah xalqımızı bu bəlalardan hifs eləsin. Əgər millətimiz bu faciədən sonra yenə də laqeydliyə, biganəliyə davam etsə, heç bir müsbət nəticə olmayacaq.

Mən heç bir zaman şəxsi məsələmi ümumi problemə çevirməmişəm. “Azərnəşriyyat”ın yaxınlığında yerləşən  doqquz mərtəbəli binanın doqquzuncu mərtəbəsində yaşayıram. Hansı ki, mən bu evi 1976-ci ildə almışam. Mən yaşadığım bu evi özəlləşdirmək istəyirdim. Üç il ərzində məni Əmlak Komitəsində get-gələ saldılar. Müxtəlif bəhanələr gətirərək özəlləşdırmədilər. Məlum olandan sonra ki, Prezidentin sərəncamı ilə ASAN Xidmət yaradılır, mən də öz problemimi həll etmək üçün oraya üz tutdum.

Mən 30 aprel 2015-ci ildə yaşadığım evin sənədlərini ASAN Xidmətə verdim və qəbul edildi. Lazımi dövlət rüsumunu ödədim və mənə mayın 20-dən sonra gəlməli olduğumu bildirdilər. 20 may tarixində mən yenidən ASAN Xidmətə getdim. Məlum oldu ki, sənədlər hələ də hazır deyil. Niyə hazır olmadığı barədə isə heç kim bir söz deyə bilmədi. Orada çalışan işçilər məndən xahiş etdilər ki, bu məsələ ilə bağlı onlara daha bir gün möhlət verim. Bir gün sonra mən yenidən ASAN Xidmətə gəldikdə bildirdilər ki, Əmlak Komitəsinin rəisi Xudaverdiyev soyadlı bir nəfər deyib ki, onların bu işi bir ay müddətində ləngitməyə ixtiyarları var. Mən isə bildirdim ki, lazım olarsa bir il də ləngitmək olar, amma, bunun səbəbini öyrənmək istəyirəm. Onlar da bu dəfə məndən bir həftə möhlət istədilər.

Mən “Azadlıq” qəzeti vasitəsilə vasitəsilə Respublika prezidenti Ilham Əliyevə müraciət edirəm: “Siz prezidentsiniz və mən də ölkə vətəndaşıyam. Bu təbiidir ki, prezidentin bəzi tanınmış vətəndaşlardan xoşu gələ və ya gəlməyə bilər. Eyni zamanda, bəzi vətəndaşların da prezidentdən xoşu gəlib-gəlməyə bilər. Hər kəs bilir ki, mən bu rejimə müxalifəm. 2005-ci ildə Fərhad Əliyev və Əli Insanov həbs olunarkən Ilham Əliyev ictimaiyyətə bildirdi ki, o da, atası da kişi kimi mübarizə aparırlar. Mən bu mübarizədə kişilik görmürəm. Rəhim Qazıyevin evinin özəlləşdirilməsi niyə bu qədər problemə çevrilib? Üç ildir məni get-gələ salıblar. Hətta ASAN Xidmət də mənim işimi həll edə bilmir. 

Cənab prezident, gəlin mənim yaşadığım evə və həm də 94 yaşlı anamın yaşadığı yarım zirzəmiyə baxın. Mən villalar tikməmişəm. Sizin də dediyiniz kimi, harın, qudurğan sizin təyin etdiyiniz məmular və balaları kimi ölkəni talamamışam. Niyə insanların əsəblərilə oynayırlar? Siz əgər məni qəbul etsəniz sizə də sözüm var. Mən sizə ətrafınızdakı yaltaqların dediklərini deməyəcəm. Mən sizə on iliik prezident olduğunuz ölkədə baş verən anarxiyadan danışacağam. Faktlarla danışacağam. Mənim ixtisasım riyaziyyatdır. Bunun üçün də bilmədiyim sahə ilə bağlı danışmaram. Xalqımız üçün baş verən faciəni siyasiləşdirməyin də əleyhinəyəm. Amma, mən vaxtinda yaşadığım binanın plastik üzlüklərlə üzlənməsinə etiraz etmişdim.

Cənab prezident, mən sizin yanğınla bağlı yaradılan komissiyanın iclasındakı çıxışınıza diqqətlə qulaq asdım. Sizin bu çıxışda dediyiniz bəzi məqamlar məni dəhşətə gətirdi. Siz dediniz ki, qanunsuz olaraq tikilən villaları sökdürdünüz. O villaların yanında istinad divarların qiymətinin iki milyon manat olmasını da bildirdiniz. Bu villalar axı gecəqondu deyil. Nazirlər Kabinetinin həmin sahə üzrə məsul şəxsi Abid Şərifov, Bakı şəhərinə on beş ildir rəhbərlik edən Hacıbala Abutalıbov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hara baxırlar? Sonra da villaların sahibi üzə çıxmır. Əgər sahibsizdirsə o villaları niyə sökürsüz? Vətən üçün əlil olan, qazi olan Qarabağ iştirakçılarına, şəhid ailələrinə niyə verilmir?

Fövqəladə Hallar nazirinin dediyinə görə plastik üzlərlə üzlənən 263 bina var. Bu üzləmə bir günün içində olmayıb. Buna birbaşa məsul olan Bakı Şəhər Icra Hakimiyyəti, baş nazirin müavini Abid Şərifov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Bu faicədə məsul olan bu şəxsləri yaradılan komissiyanın tərkibinə daxil etməklə nə etmək olar?

Cənab prezident, siz bu ölkəyə aylar deyil, on iki ildir ki, rəhbərlik edirsiz. Bu müddət ərzində əgər sizi aldadıblarsa, niyə bunun qarşısını almırsız? Cənab prezident, siz bilməlisiz ki, bu baş verənlərə görə məsuliyyəti birbaşa siz daşıyırsınız. Siz bu faciənin baş verməsində günahı olan bütün şəxsləri komissiyaya üzv təyin etmisiniz.

Müraciətimin əvvəlinə dönərək bildirirəm ki, ümidvaram prezident məni qəbul edəcək. Ölkədə baş verənlər haqda millətin qanını soran adamlardan yox, ədalətli mövqe nümayiş etdirənlərdən soruşmaq gərəkdir. Mən istərdim ilk olaraq, prezident buyursun mənim yaşadığım evə. Sonra isə Flarmoniya bağı ilə üzbəüz yerləşən yarım zirvəmi evdə yaşayan anamın evinə buyursun, anamın çayını içsin və mən ona bütün faktları deyim".

 

Xəbər lenti