“Bəzi müxalifət partiyaları daxilində yaşanan qarşıdurmaya görə təəssüf edirik. Liberal Partiyasının daxilində isə heç bir qarşıdurma yoxdur. Bundan əlavə, Liberal Partiyası digər partiyalarla da normal əlaqədədir”.

Bunu Modern.az-a açıqlamasında  Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan müxalifət partiyaları arasında son vaxtlar baş verən qarşıdurmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, partiyanın lideri xanım Lalə Şövkət əvvəllər də müxalifət daxilində gərginliyin qarşısının alınması üçün çağırışlar edib: “Lalə xanım vaxtilə müxalifət partiyalarının parçalanmaması üçün təşəbbüs göstərib. Təəssüf ki, onun istədiyi nəticə hələlik özünü göstərmir. Nə vaxtsa fürsət yaranarsa, Lalə xanım yenidən belə bir təşəbbüsdə olacaq. Lalə Şövkət həm müxalifət, həm də millət daxilində birliyin tərəfdarıdır. Ümummilli məsələlərdə belə, iqtidar-müxalifət birliyinin tərəfdarıdır”.

ALP-nın sədri Əvəz Temirxan  Lalə Şövkətin hazırda siyasi fəaliyyətdən kənarda qalmasının onun nədənsə çəkinməsindən irəli gəlmədiyini qeyd edib: “Lalə Şövkət heç nədən çəkinmir. Bu cür yanaşma doğru deyil. Lalə xanım strateji məsələlər görə üzdədir. Məsələn, dünən Lalə Şövkətin iştirakı ilə bağlı ALP-da toplantı olub. Toplantıda çıxış edən Lalə Şövkət son günlərdə cəmiyyətdə baş verən hadisələrdən ciddi narazılığını dilə gətirib. Lalə xanım qiymətlərin artırılmasını, manatın bu səviyyədə aşağı düşməsini birmənalı şəkildə qəbul etmir. Lalə xanım deyib ki, öncə sosial baxımdan xalqı müdafiə etmək lazımdır. Sonra dolları azad buraxmaq lazım idi. Təəssüf ki, iqtidar bunu etmədi.  Əslində süni şəkildə milli valyutanı möhkəmləndirmək,  nə vaxtsa onu azad kursa buraxmağa məcbur olmaq demək idi. Çünki ölkənin valyuta ehtiyatları sonsuz deyil”.

Xəbər lenti