Şövkət Mirziyaev Özbəkistanın yeni prezidenti seçilib. Kərimovlar ailəsinə çox yaxın olan 59 yaşlı siyasətçi ölkəni idarə etmək üçün kifayət qədər siyasi resurs cəmləşdirib.

Teleqraf.az axar.az-a istinad edərək Özbəkistanın yeni prezidentinin bioqrafiyasını təqdim edir.

Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olub.

1976-1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb, 1981-1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, birinci prorektor vəzifəsinə qədər yüksəlib.

Şövkət Mirzyayev 1992-1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləyib, 1996-2001-ci illərdə isə Cizzəx vilayətinin, 2001-2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışıb.

Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunub.

***

Öz sələfləri ilə müqayisədə Mirziyayevin baş nazirliyi uzunömürlü hesab olunur. O, 2003-cü ilin 11 dekabr tarixində bu vəzifəyə təyin olunub və indiyə qədər bu postdan möhkəm yapışıb. Onun sələfləri Utkur Soltanov, Abdulxaşim Mutalov və Şukurullo Mirsaidov psixoloji və idarəetmə metodlarına görə Şövkətdən çox fərqlənib.

Şövkət Mirziyayev kifayət qədər nüfuzludur, amma Kərimovun ən mənasız tapşırığını belə son nöqtəsinə qədər həll edirmiş. Pambıq, yaxud taxıl yığınını sürətləndirir, xüsusi əhəmiyyətli obyektlərin tikintisi və ya böyük tədbirlərin təşkilini nöqsansız yerinə yetirir. Başqa sözlə, indiki baş nazir böhran vəziyyətində daim işləyən menecer kimi ad çıxarıb.

Şövkət Mirziyayev Kərimov üçün rahat məmur olub. O, prezidentlə daim razılaşıb və onu tənqiddən, məsuliyyətdən kənar saxlayıb. Faktiki olaraq, baş nazir "ildırımötürən", "vuruşan oğlan" rolunda çıxış edib.

O, siyasi şəraitin tələb etdiyi kimi icrası mümkün olmayan öhdəlikləri öz üzərinə götürüb. Misal üçün, 2015-ci ildə pambıq yığımının 90 faizinin maşınla həyata keçiriləcəyinə söz verib, halbuki, bunun əlçatmaz olduğunu özü də bilirdi. Çünki ölkədə bu qədər texnika yoxdur. Kənd təsərrüfatında məcburi işləmək qadağan olunmasına baxmayaraq, baş nazir hər kəsi, hətta gəncləri də sahələrə qovurdu. Özbək pambığı Avropa və ABŞ-dan boykot ediləndən sonra o, Daşkənddə pambıq birjası təşkil edib və MDB, Cənubi-Şərqi Asiya ölkələrinə satıb. Buna görə Kərimovdan böyük dəstək alıb.

Ekspertlər Şövkət Mirziyayevi belə xarakterizə edir:

“Sərt, cazibəli rəhbərdir, mənəvi sərhədlərə malik deyil. Prezidentin istənilən iradəsini icra edir. İnadcıldır, ikiüzlüdür. Açıqlığı sevmir, mətbuata çıxmır. Hiyləgərdir, amma çox da ağıllı deyil. Zor gücünə və söyüşlərlə idarə etməyi sevir. Hirslidir”.

Şövkət Mirziyayev həmçinin, korrupsiya yeyintiləri ilə də ad çıxarıb.

Ən maraqlısı isə onun xarici siyasət oriyentasiyasının dəqiq bilinməməsidir. O, həm Rusiya, həm də ABŞ-la əməkdaşlığa hazırdır. Baş nazir prezident ailəsinin təmin olunması üçün lazımi maliyyə axınını təşkil edir. Həm də yalnız İslam Kərimovun yox, birinci xanım Tatyana Kərimova, qızları Gülnarə və Lola Kərimovaların istəklərini həyata keçirir.

Ehtimallara görə, onun şəxsi biznesdə Gülnarə Kərimova ilə yolları kəsişib. Prezidentin qızına qarşı oyunun arxasındakı fiqurlardan birinin məhz Şövkət olduğu iddia olunur.

Şövkət Mirziyayev Səmərqənd klanının lideridir. O, 2000-ci ildə “boz kardinal” İsmoil Djurabekovun birinci müavinliyindən siyasi iyerarxiyanın pillələrini qalxmağa başlayıb.

Səmərqənd klanının Daxili İşlər naziri Zakir Almatov, Maliyyə naziri Bəxtiyar İbrahimov və digərləri kimi nüfuzlu şəxsləri olmasına baxmayaraq, Ş. Mirziyayev onları geridə qoymağı bacarıb. Buna səbəb kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovla yaxın əlaqələrə malik olması göstərilir. Onun oğlu Davron Mirziyayev energetika sahəsinə nəzarət edir.

Şövkət Mirziyayevin digər klanları zəiflətmək üçün də addımlar atdığı deyilir.

Onun prezident olacağı haqda ehtimallar hələ 2000-ci illərin sonlarında meydana çıxıb. İslam Kərimov anlayırdı ki, qızı Gülnarə Kərimova dövləti idarə edə bilməz. İddialara görə, prezident Şövkət Mirziyayevdən hakimiyyətə keçəcəyi halda, Kərimovlar ailəsini qoruyacağına dair zəmanət də alıb.

Xəbər lenti