Bir müddət əvvəl Teleqraf.az-a şikayət məktubu ilə müraciət edən Ağsu rayon Axundlu kənd sakini Cavanşir Musayev yenidən yazaraq bildirib ki, onların ailəsinə məxsun 6 hektar torpaq sahəsi Dövlət Neft Şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun adamları tərəfindən saxta sənədlər tərtib edilməklə zəbt edilib.  Bununla bağlı dəfələrlə prezidentə məktubla müraciət etdiyini deyən Cavanşir Musayev heç bir nəticə əldə olunmadığını bildirib:

“Bizim ailəmizin Ağsu rayon Axundlu kəndində olan pay torpaqlarımız Dövlət Neft Şirkətinin vitze-prezidenti Mikayıl İsmayılovun adamları tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edilərək Ağsu rayon notarius idarəsində  saxta sənədlərlə alqı-satqı aparılaraq zəbt edilib. Bizim torpaqlarımz hazırda  Mikayıl İsmayılovun həyətyani torpağına qatılıb.

Mən dəfələrlə bu qanunsuzluqlar haqqında aidiyyəti qrumlara, o cümlədən Mikayıl İsmayılovun özünə müraciət etsəm də, müraciətlərimi heç kim eşitmir. Əvəzində M.İsmayılovun qohumları mənə şikayətimdən əl çəkməyimi bildirirlər.

Prezident İlham Əliyevin etdiyi çıxışında məmur özbaşınalıqları haqqında ona məlumat verməmizin lazım olduğunu dedikdən sonra mən ruhlanaraq prezidentə Mikayıl İsamayılovun bizim ailəmizə qarşı həyata keçirdiyi qanusuzluq barədə yazaraq məlumat verdim. Çox təəssüf ki, prezidentə yazdığım məktub baxılmaq üçün qayıdıb Ağsu rayon icra hakimiyyətinə göndərldi. Mənə yenə də heç bir köməklik olunmadı. Əvəzində Mikayıl İsmayılovun adamları kənd icra nümayəndəliyinidən yeni bir saxta sənəd aldıqları haqqında dedilər. Mən ona görə saxta sənəd deyirəm ki, bunların sənəd dedikləri hansısa kağız parçasında ailə üzvlərimizin heç birinin imzası yoxdur. Orda çəkdikləri imza saxtadır. İstəsələr araşdıra da bilərlər. Mən həm də bu imzaların yoxlanılması üçün müraciət edirəm.

Mən bu haqsızlıqlara dözməyərək Mikayıl İsmayılovun evinin qarşısında intihar etməyi düşünürdüm. Bu fikrimnən məni yayındıran dostlarım məsləhət bildilər ki, dövlət baçısına müraciət et, yaqin məktubların ona çatmır. Mən yenə də prezidentə müraciət etsəm də heç bir nəticəsi olmadı. Sanki Mikayıl İsmayılovun adı olan yerdə prezidentin tapşırıqlarını saya salan yoxdur.  Bir əlacım ona qalıb ki, prezident Ağsuya gələndə onunla görüşməyə cəhd edim. Mən prezidentlə mütləq görüşəcəm və inanıram ki, ondan sonra haqq öz yerini tapacaq. Başa düşmürəm Ağsudan Kürdəmirə qədər bütün kəndlərin torpaqlarını “alan” Mikayıl İsmayılov üçün 6 hektar torpaq sahəsi nə olan bir şeydir ki, onu özümə qaytarmayaraq bu qədər  problemə çevrilib. Ən azından kimsə Mikayıl İsmayılovu başa salmalıdır ki, sən nə əldə etmisən prezidentin sayəsində etmisən, ona görə də prezidentin adına və tapşırıqlarına hörmətlə yanaşmalısan. Bu adam mənim kimi sadə vətəndaşın haqqına girir, prezidentidə eşitmir. Mən bir daha mətbuat nümayəndələrindən xahiş edirəm ki, mənə olunan haqsızlıqları özlərinin mətbuat orqanlarında işıqlandırmaqla mənə köməklik etsinlər."

Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

Xəbər lenti