Hüquq müdafiəçisi , jurnalist Samir Kazımlı Müsavat Partiyasından istefa verdiyi haqda bəyanat yayıb.

Teleqraf.az xəbər verir ki, Samir Kazımlı istefa bəyanatını "facebook"-da yayıb. Həmin bəyanatı qısa ixtisarla təqdim edirik:

Mən 2001-ci ilin may ayının 22-dən Müsavat Partiyasının rəsmi qaydada üzvüyəm. Tələbə olanda hesab etdim ki, Azərbaycanda demokratiya istəyən hər bir kəs Azərbaycanda (Həm də Şərqdə) ilk dəfə demokratik respublika quran böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə və onun fədakar silahdaşları tərəfindən yaradılan Müsavat Partiyasının üzvü, tərəfdarı və onların davamçıları olmalıdır.  O zaman ölkəmizdə demokratiyanın bərqərar olmasında iştirak etmək məqsədi ilə bir gənc kimi Müsavat Partiyasına üzv oldum. Başqa heç bir məqsədim və marağı olmayıb. Həm də ona görə bu partiyaya üzv oldum ki, bu partiya M.Ə.Rəsulzadə və onun əqidədaşları tərəfindən yaradılmışdı və düşünürdüm ki, onların tutduğu bu şərəfli yol şərəfli qaydada davam etdiriləcək. 

Üzv olduqdan sonra pis-yaxşı partiyanın tədbirlərində, keçirdiyi aksiyalarda iştirak etməyə başladım. 2003-cü ildə bacardığım qədər partiyanın prezidentliyə namizədi İsa Qəmbərin təbliğatı ilə məşğul oldum, seçki günü səsimi ona verdim. Bir sözlə tələbəlik illərində bacardığım qədər partiyanın təbliği ilə məşğul oldum, tərəfini tutdum, ölkədəki haqsızlıqlara etiraz etdim. 

Xüsusi qeyd etmək istəyirəm ki,  2003-cü ilin 15-16 oktyabr aksiyalarında iştirak etmişəm. İlk dəfə olaraq 2003-cü ilin oktyabr ayının 17-də Müsavat Partiyasının (şəhərin mərkəzindəki) qərargahının qarşısında polislər tərəfindən saxlanılaraq döyülmüşəm. Bütün bunlar öz vicdanımla etmişəm və bunlara görə də peşman deyiləm. 

Xatırladım ki, həmin günlərdə prezident seçkildiyini iddia Müsavat başqanı, seçkidən öncə oldu-alovlu çıxış edənlər partiyanın qərargahının qarşısında görünmədilər və ora gələ bilmirdilər. Amma gənclik orada idi.  Bir müddətdən sonra isə məni sərbəst buxardılar. O vaxt belə başa düşdüm ki, həbs olunanlar çoxdur və məni salmağa yer olmadığı üçün buxarıblar. Sonradan bildim ki, Müsavat Partiyasının fəalı, həbs olunanların müdafiəsi ilə məşğul olan Səfdər Nəhmətlinin müdaxiləsi (polislərə jurnalist olduğumu deyib) nəticəsində məni sərbəst buraxıblar. Səfdər bəyə təşəkkür edirəm. 

Polis idarəsindən çıxandan sonra yolu keçərək Bulvara getdim. Orada bir neçə Müsavatçı gənci gördüm. Onları da mənim kimi partiyanın qərargahın (Qərargahda gözətçidən başqa heç kim yox idi) qarşısına gəldiyinə görə, tutaraq döyüb, sonra buxarmışdılar. Amma gənclər üzv olduqları partiyanın qərargahının yaxınlığına gedə bilməsələrdə, kənardan baxırdılar ki, birdən liderləri ora gələ bilər. O, vaxt internet və mobil telefon vasitəsi ilə əlaqə yaratmaq imkanları az idi. Amma gənclərin gözlədiyi lider və onun ətrafı heç vaxt gənclərin gözlədiyi yerə gələ bilmədilər, əvəzində isə Dərnəgülə getdilər. Nə isə...

Etiraf edim ki, mən partiyada çox fəal olmamışam, nə bacarmışamsa onu da etməyə çalışmışam. Son 8-9 ildə isə partiyanın keçirdiyi tədbirlərdə, aksiyalarda partiya üzvü olaraq iştirak etməmişəm. Bir sözlə partiyada heç bir fəaliyyətim olmayib. Səbəbi isə budur: 2005-ci ildən bu günə kimi Dərnəgüldə yerləşən partiyanın  hakimiyyətə qarşı apardığı mübarizə zamanı verdiyi qərarların, atdığı addımların çox məni qane etməyib, düşüncələrimlə, ictimai-siyasi baxışlarımla üst-üstə düşməyib. Bundan əlavə partiyada şəffaflıq və hesabatlılıq kimi məsələlər də ürəkaçan olmayıb. Bir misal. 2013-cü ildə Dərnəgüldəki partiyanın o vaxtkı başqanı İsa bəy Qəmbərin Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla gizli şəkildə görüşməsi barədə ciddi adamlardan məlumatlar eşitmişdim. Bu məlumatı dəqiqləşdirmək – İsa bəylə Əli Həsənovun niyə görüşdüklərini, görüşdə nəyi müzakirə etdikləri haqda düz bir neçə ay facebook-dakı müzakirələr zamanı (o vaxtkı başqanın adını da tağı edərək) suallar versəm də, partiyanın bir necə fəalından üzbəüz soruşsam da, sualıma hələlki cavab ala bilməmişəm. O vaxtdan sonra İsa bəylə 1-2 dəfə rastlaşmaq imkanım olub, amma onda da qeyd etdiyim məsələ ilə bağlı ona sual verməyə imkan olmayıb. Bu gündən sonra isə bu haqda düşünməyi özümə mənasız sayıram.

Bundan əlavə partiyadanın daxilində təşkilatçılıq işləri çox zəifdir və bu problemin aradan qaldırılmasına ümidlərim də azdır. İstəyirsən partiyaya 100 yox, 200 illk partiya de, amma bu belədir. Məsələn, 10 ildən çoxdur ki, bilmirəm ki, mənim üzv olduğum rayon təşkilatının (Nərimanov) sədri, sədr müavini, özək sədri və üzvləri kimdir. Yəqin ki, onlarda bilmirlər ki, mən onların təşkilatının üzvüyəm. Bir sözlə heç kim heç kimi itirib axtarmır.

Bundan başqa partiya başqanı vəzifəsinin müddəti keçməsinə baxmayaraq bir neçə il partiyada başqan kimi qaldı və səbəbini də belə izah etdilər ki, hakimiyyət qurultay keçirməyə şərait yaratmır. Tamam. Amma bütün bunlara baxmayaraq başqan demokratik dəyərlərə hörmət edərək hakimiyyətini qurultay keçirmək üçün yer verməməsinə etiraz olaraq istefası haqda ərizə yazıb, səhaliyyətlərini partiyanın ikinci şəxsinə da ötürə bilərdi. Amma bu baş vermədi. Buna da hakimiyyət mane oldu? Bəlkə də olub, bizim xəbərimiz yoxdur. 

Digər bir məsələ. Neçə ildir ki, deyirdilər ki, bizə 800-1000 nəfərlik yer verilsə, bundan sonra qurultay keçirə bilərik. Səhv etmirəmsə, sonda qurultayı heç bir qonaq çağırmadan 600 nəfər qurultay nümayəndəsi ilə keçirməyi planlaşdırmışdılar. Amma cəmi-cümü 450 nəfərlə keçirə bildirlər. Əgər belə idisə, bəs hanı yerdə qalan qurultay nümayəndələri? Həmin günün qurultay nümayəndələrinin birinin rəhmətə getdiyini elan etdiniz.  Bəs qurultaya gəlməyənlərin harda olmasını niyə elan etmədiniz? Əgər belə olacaqdısa, bəs neçə ildir ki, 800-1000 nəfərlik yer deyə-deyə camaatın baş-beynini niyə aparırdınız? 

Bir məsələni təəssüflə qeyd edirəm. Artıq bir neçə ildir ki, hiss edirəm və görürəm ki, ölkədəki ictimai-siyasi proseslərlə, həmçinin  hakimiyyətlə bağlı partiyada qərar verən şəxslərlə məni ictimai-siyasi baxışlarım və düşüncələrim, yanaşmalarım üst-üstə düşmür. Yuxarıda qeyd etdiyim və etmədiyim problemlərlə, çatışmamazlıqlarla bağlı vaxtaşırı sosial şəbəkələrdə, partiya fəalları ilə söhbətlərdə öz narazılığımı, etirazımı bildirsəm də, heç bir əsaslı müsbət nəticəsi olmayıb. Yuxarıda qeyd etdiyim  bütün səbəblərə görə, mən bu gündən üzv olduğum partiyadan istefa verdiyimi bəyan edirəm. Bundan sonra fəaliyyətimi ölkədə demokratiyanın bərqərar olmasına, azad  cəmiyyətin qurulmasına, insan haqlarının qorunmasına sərf etmək, əvvəlki kimi jurnalistika və hüquq müdafiəçiliyi sahəsində davam etdirmək fikrindəyəm.

Əvvəllər də  partiyadan istefa vermək haqda düşünürdüm. Tam səmimi deyirəm, bu mənim üçün çox ağır və çətin idi. 

M.Ə.Rəsulzadənin və onun fədakar silahdaşlarının qurduğu partiyadan istefa vermək mənə çox çətin gəlirdi. Amma indi anlayıram ki, bu partiyada qalmaqla M.Ə.Rəsulzadə, demokratiya və Müsavatçılıq yolunu getmiş olmuram.

Xahiş edirəm ki, bu bəyanatımı partiya istefa ərizəsi kimi qəbul etsin. Çünki, Dərnəgülə getməyə həvəsim yoxdur. 

Xəbər lenti