Azərbaycanda növbədənkənar Prezident seçkiləri Konstitusiyanın 101-ci maddəsinin I hissəsinə istinadən təyin olunub.

 Konstitusiyanın 101-ci maddəsinin ikinci cümləsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik 2017-ci ilin dekabrında Milli Məclis tərəfindən edilib. Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini əksini tapıb. Məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinə edilən dəyişikliyə əsasən növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

179.2-ci maddəyə edilən dəyişikliyə görə Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi (Prezident tərəfindən başqa qayda müəyyən edilmədikdə) gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin./strateq.az/
Teleqraf.az

Xəbər lenti