|
KXCP Rəqəmsal yayım sisteminə keçidlə bağlı yaradılmış süni problemlərə etiraz edir.
07 noyabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, 11 noyabr 2016-cı il saat 17:30-da Bakı, Sumqayıt və Ərazisi işğal olunmuş rayon – şəhər şöbə sədrlərinin müşavirəsinin keçirilməsi qərara alınmışdır.
Yığıncaqda Milli Dirçəliş gününün 28-ci ildönümü ilə bağlı 17 noyabr 2016-cı il, saat 13:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət, daha sonra Partiyanın Mənzil Qərargahında tədbir keçirilməsi haqda qərar qəbul edilmişdir.
İdarə Heyətinin toplantısında hər dəfə yağışlardan sonra Binəqədi rayonu – Kənd Binəqədi deyilən ərazidə, magistral yolda yaranmış acınacaqlı vəziyyəti aradan qaldırılmasına cavabdeh qurumların heç bir iş görməməsi vurğulandı. KXCP cavabdeh qurumlardan yaranmış acınacaqlı vəziyyəti aradan qaldırılması ilə bağlı təcili tədbirlər görməsini tələb edir.
İdarə Heyətinin yığıncağında əhaliyə verilən qazın təzyiqinin aşağı olması və tez – tez kəsilməsi, qazın tərkibinin müvafiq normalara uyğun olmadığına görə istiliyin zəif olması vurğulandı. KXCP Azərbaycan hakimiyyətindən soyuq payız günlərində əhalimizi soyuqla imtahana çəkməməyə çağırır. Müvafiq qurumlardan ölkə əhalisini normal qazla təmin etməsini tələb edir.
Yığıncaqda Azərbaycan teleməkanının analoq yayım sisteminin ləğv edilərək, rəqəmsal yayım sisteminə keçidlə bağlı yarıtmaz idarəçilik, pis təşkilatçılıq və tamahkarlıq məqsədiylə yaradılmış süni maneələri müzakirə etmiş və pisləmişdir. KXCP hakimiyyət orqanlarından məqsədyönlü şəkildə yaratdıqları problemlərə son qoymağı tələb edir.