20 faiz torpaqları işğal altında, təməl insan haqları məhv edilmiş, dərinləşmiş maliyyə böhranı ilə üz-üzə, korrupsiya-rüşvət məngənəsində çabalayan ölkəmizdə iqtidar ailə hakmiyyətini zorla saxlamaq üçün artıq üçüncü dəfədirki referendum adlandırdığı ənənəvi saxtakarlığı 26 sentyabrda başa çatdırdı.

Azərbaycan Konstitusiyası, dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklər və insan haqları ilə ziddiyyət yaradan Konstitusiya dəyişikliklərinin mahiyyəti xalqdan gizlədilərək müzakirələr aparılmadan, debatlar keçirilmədən, vətəndaş cəmiyyətini basqı altında saxlayaraq, həbslər və represiyalar şəraitində çox qısa zamanda keçirməklə təməl insan haqları kobud şəkildə pozulub.

 Beynəlxalq təşkilatlar, demokratiya institutlarının əksəriyyəti müzakirələrdən kənarda saxlanılıb. Çox qısa zaman kəsiyində Avropa Şurasının Venesiya Komissiyasının hazırladığı və haqlı olaraq sərgilədiyi mənfi rəy və təkliflər nəzərə alınmadı. Ümumxalq səsvermə günü ənənəvi saxtakarlıq mexanizmaları bütün gücü ilə işləməyə başladı: Seçici fəallığının çox aşağı olmasına baxmayaraq başda Mərkəzi Seçki Komissiyası olmaqla seçki komissiyaları seçici fəalığını saxtalaşdıraraq dəfələrlə artırması, kütləvi seçki karusellərinin təşkil edilməsi, seçki qutularına topa bülletenlərin doldurulması, qanunsuzluqlara etiraz edənlərin saxlanılması, seçki məntəqələrində seçki protokollarının yazılmaması kimi kimi ənənəvi seçki saxtakarlıqları müşahidə edildi.

Ənənəvi olaraq AŞPA-nın kürü diplomatiyasına uyğun bir qrup deputatının referenduma demokratik görüntü vermək məqsədi ilə xalqımızı və beynəlxalq təşkilatları aldatmaq cəhdləri müşahidə edildi. Klassik Xalq Cəbhəsi Partiyası hesab edir ki, 26 sentyabrda umumxalq səsverməsi adı altınd keçirilən saxta referendum vasitəsiylə vətəndaşların təməl hüquqları pozulub, hakimiyyətin bölünməsi prinsipi ciddi zədə alıb, hakimiyyətin zəbt edilərək bir ailənin inhisarında qalması üçün süni və saxta təməllər yaradılıb.

Klassik Xalq Cəbhəsi Partiyası umumxalq səsverməsi adı altında keçirilmiş saxta referendumun nəticələrini tanımır, Azərbaycan Konsitutsiyasına və Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 26 sentyabr referendumunun nəticələrinin ləğv edilməsini tələb edir.

Xəbər lenti