Qardaş ölkəyə dəstək daha güclüdür; şimal qonşumuza tərəf olanlar da tapıldı...

Arif Hacılı: “Müsavat Partiyasi üçün bu məsələ...”

İqbal Ağazadə: “Rusiyanın yanında dayanmaq...”

Mirmahmud Mirəlioğlu: “KXCP Rusiya səfirliyi qarşısında etiraz piketi keçirdi”

Sərdar Cəlaloğlu: “Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” prinsipi bunu tələb edir”

Türkiyə-Rusiya münasibətləri getdikcə gərginləşir. Baş verənlərə biganə qalan dövlət demək olar ki, yoxdur. Azərbaycan da bu proseslərdə susqun deyil. 

Ölkəmizin müxalifət liderlərinin hər iki ölkə arasında gərginləşən, günlərdə davam edən “savaş”da hansı tərəfin yanında olmaları ilə bağlı mövqelərini aldıq.

Müsavat başqanı Arif Hacılı Türkiyə-Rusiya münasibətlərində haqq-ədalətin yanında olduqlarını bəyan etdi: “Rusiya təyyarəsinin vurulmasını yalnız həmin hadisə günü baş verən məsələlərlə bağlamaq düzgün deyil. Uzun müddət idi ki, Rusiya Türkiyənin hava sərhədlərini pozurdu. Dəfələrlə bu barədə Rusiya Hava Qüvvələrinə xəbərdarlıq edilmişdi. Buna baxmayaraq, Rusiya Türkiyə ilə hesablaşmırdı. Eyni zamanda Türkiyənin bilavasitə sərhədlərində Bəşər Əsədə müxalif mövqedə olan türkmənlərin bombarduman edilməsinə Türkiyə uzun müddət biganə qala bilməzdi. Ona görə də, Müsavat Partiyasi üçün bu məsələ müzakirə olunacaq bir məsələ deyil. Biz Türkiyənin yanındayıq. Azərbaycan cəmiyyətinin, eyni zamanda hakimiyyətinin də bu qarşıdurmada Türkiyənin yanında olmasını zəruri hesab edirik”.

Ümid partiyasının sədri İqbal Ağazadə də Türkiyənin yanında olduqlarını söylədi: “İstisnasız halda hesab edirəm ki, Rusiyanın yanında dayanmaq ən azından Azərbaycanın milli mənafeyinə xəyanət etmək kimi dəyərləndirilməlidir”.

KXCP sədri Mirmahmud Mirəlioğlu yeganə qurum olaraq Rusiya səfirliyinin qarşısında piket keçirdiklərini bildirdi: “Təbii ki, haqqın, ədalətin yanındayıq. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların hamısından fərqli olaraq, KXCP Rusiya səfirliyi qarşısında etiraz piketi keçirdi.  Səsləndirdiyimiz şüara səfirin özü reaksiya verərək bayıra çıxdı. Münasibətimizi açıq şəkildə bildirdik. Mövqeyimizi doğru sayırıq”.

ADP sədri Sərdar Cəlaloğlu mövqelərini açıq şəkildə göstərən bəyanatla mətbuatda çıxış etdiklərini diqqətimizə çatdırdı: “Türkiyə bizim strateji müttəfiqimizdir. Yanlış ya düz. Hansı addım atmasından asılı olmayaraq, Azərbaycan Türkiyənin yanında olmalıdır. Nəzərə almalıyıq ki, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının törədilməsində Rusiyanın kifayət qədər əli var. Dağlıq Qarabağ probleminin həllinə də Rusiya əngəl olur. Ərazimizdə erməni dövlətini də ruslar yaradıb. Ərazimizin bir hissəsini gürcülərə verən də onlardır. Eyni zamanda Dağıstanı bizdən alıb, neçə illərdir ilhaq altında saxlayan Rusiyadır. Belə bir vaxtda Rusiya nə qədər güclü olursa olsun, biz birmənalı şəkildə haqq-ədalətin yanında olmalıyıq. Türkiyəni müdafiə etməliyik. Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” prinsipi bunu tələb edir. Bəzi deputatlarımız Türkiyənin üzr istəməsi ilə bağlı fikirlər səsləndirirlər. Lazım olanda “Bir millət, iki dövlət” olur, lazım olmayanda isə, hər dövlətin özü-özünə siyasəti aparılır. Türkiyə hətta dövlət proqramına Qarabağı salır. İndiki məqamda Türkiyənin bizim müdafiəmizə ehtiyacı yoxdur. Çünki kifayət qədər nüfuzlu bir dövlətdir. Rusiya blokadaya alan kimi Avropa viza rejimini qaldırdı. Bu o deməkdir ki, türklər sərbəst şəkildə Avropaya gedə biləcəklər. Avropanın bazarı Türkiyənin üzünə açılandan sonra, Rusiyaya heç bir ehtiyac yoxdur. Rusiyanın özü blokada şəraitində idi. Onları türklər xilas etdilər. Sonda “sağol”larını belə verdilər. ADP olaraq, Türkiyəni birmənalı şəkildə haqlı hesab edirik. Onun atdığı addımı doğru sayırıq. Türkiyəni can-qanımızla müdafiə etməyə hazırıq. Xalqımız da bu mövqeyi nümayiş etdirməlidir. Rusiya daim düşmənçilik siyasəti aparmış bir dövlətdir”.

Musavat.com

Xəbər lenti