Azərbaycan diasporunun Türkiyədəki nümayəndələrindən biri, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və qardaş ölkədə fəaliyyət göstərən “CanAz” internet televiziyasının rəhbəri Camal Mehmetxanoğlu  qarşıdan gələn parlament seçkilərində səsini müxalifdə olan kürd partiyasına-HDP-yə verəcəyini bəyan edib.

Modern.az saytının məlumatına görə, Camal Mehmetxanoğlu birmənalı qarşılanmayan seçimini bir neçə faktla əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, HDP (Xalqların Demokratik Partiyası – sədr Selahettin Demirtaş-red.) insanların təbii haqlarından biri olan ana dilində təhsili və qadınların ictimai-siyasi həyatda fəaliyyətini dəstəklədiyi üçün seçimi məhz o təşkilat olacaq.

Camal Mehmetxanoğlu əlavə olaraq seçiminin niyə HDP olacağına bu cür aydınlıq gətirib:

“Etnik ayrı seçkiliyə yol vermədiyi üçün, kürd milləti və digər etnik azlıqların hər zaman yanında olduğu üçün. 

Əzilən siniflərin yanında hər zaman HDP olub. HDP-nin də Türkiyə Böyük Millət Məclisində olmasını istəyirəm. HDP-nin parlamentdə olması Türkiyədə daxili savaşların azalmasına çox kömək edə bilər”.

Azərbaycan diasporunun nümayəndəsinin fikrincə, bu gün iqtidarda olan AKP-yə müxalif ola biləcək tək partiya məhz HDP-dir. 

Camal Mehmetxanoğlu düşünür ki, HDP digər ana müxalifət partiyaları olan CHP və MHP hakim AKP-yə qarşı layiqli mübarizə apara bilmir.

Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Xəbər lenti