“Hər dəfə qayda pozmaq həddinə çatanda polisin işıqlı üzü gözlərimin önünə gəlir”

"Bu avtomobil mənim 22 ildir yol yoldaşımdır..."

Avtolent.az saytı yeni layihəyə start verir. “Sükan arxasında” adlı layihəmizin məqsədi sürücülük məharəti olan tanınmış siyasətçilər və onların idarə etdiyi maşınlar haqqında oxuculara məlumat çatdırmaqdır.

“Sükan arxasında” layihəsinin ilk qonağı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğludur.

- Mirmahmud bəy, nə vaxtdan avtomobil idarə edirsiniz?

- 35-36 yaşımdan avtomobil idarə edirəm.

- İlk avtomobiliniz hansı olub?

- Hazırda idarə etdiyim “UAZ” markalı avtomobil dostumun hədiyyəsidir. Bu maşını 1991-ci ilə qədər elə həmin dostum idarə edib, sonra isə mənə bağışlayıb. Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra dostlarım mənə “QAZ-3102” markalı işlənmiş bir avtomobil hədiyyə etdilər. Bir neçə il onu sürdüm və sonra köhnəldiyinə görə, yenə bu avtomobilə qayıtdım.

- Yol hərəkəti qaydalarını pozduğunuz hallar olubmu? Buna görə sizi cərimələyiblər, yoxsa güzəşt ediblər?

- Güzəştə getmək söhbəti olmayıb. Bəzən yol polisləri ilə mənim aramda maraqlı məqamlar yaşanıb. Bir dəfə Sumqayıtda gənc bir polis məni saxladı və işıqforun qırmızı işığında hərəkət etdiyimi bildirdi. Onun yanında bir polis zabiti də var idi. Etiraf etdim ki, yaşıl işıqda yox, məhz işıqforun sarı işığında hərəkət etmişəm. İlk olaraq polis mənimlə razılaşmadı, sonradan sübut olundu ki, doğurdan da mən sarı işıqda keçmişəm. Yanındakı zabit sənədlərimi qaytardı və gənc polisə məni tanımadığı üçün iradını bildirdi. Gənc polis də məndən xahiş etdi ki, bir də yol hərəkəti qaydalarını pozmayım. Mən də öz növbəmdə bundan sonra Sumqayıtda yol hərəkəti qaydalarını pozmayacağam dedim. O, təkrar “heç yerdə pozmayın” deyə xahiş etdi. Mən də “Sən hər yerə baxmırsan axı, Sumqayıta baxırsan və mən də sənə söz verdim” dedim. Belə bir zarafatımız oldu. Ancaq həmişə yol hərəkəti qaydalarını pozmaq həddinə çatanda həmin gənc polisin işıqlı üzü gözlərimin önünə gəlir. Çünki mən ona söz vermişəm ki, yol hərəkəti qaydalarını pozmayım. Ancaq olub ki, başqa maşın sürəndə sürət həddini aşmışam və cəriməni də ödəmişəm.

- İdarə etdiyiniz başqa maşınlar olubmu?

- Oğlumun “VAZ-21015” markalı avtomobili var. Bəzən sürətli hərəkət etmək lazım gələndə onu idarə edirəm. Bundan başqa qardaşımın “QAZ-24”, dostumun “Daewoo” markalı avtomobillərini idarə etmişəm. Hazırda idarə etdiyim avtomobillə isə zamanında ölkənin bütün döyüş bölgələrini gəzmişik.

- Avtomobilinizlə qəza törətmisinizmi?

- Bir dəfə mənim səhlənkarlığımın ucbatından Bakının mərkəzi küçəsində belə bir hal olub. İşıqforda gözlüyümü təmizləyirdim. Maşınlar da dayanmışdı və bu an bir avtomobili arxadan vurdum. Qarşıdakı maşın zədələndi, ancaq şükür Allaha bizə bir şey olmadı.

- Belə köhnə avtomobili sürmək sizə çətinlik yaratmır?

- Hərdən yaradır. Bəzən belə bir zarafat da edirik ki, nə qədər Bakıda tikini-söküntü var, yollar tez-tez təmirə bağlanır, bu avtomobil maneələri aşmaqdan ötrü əvəzsizdir. Amma təbii ki, bu avtomobilin çətinlikləri çoxdur.

- Avtomobiliniz nasaz olanda özünüz təmir edirsiniz, yoxsa maşın ustasına göstərirsiniz?

- Xeyr, mən təmir işlərini bacarmıram. Onu da deyim ki, bu avtomobil məni heç vaxt yolda qoymayıb. Bizi istənilən çətinlikdən çıxardıb.

- Avtomobilinizi dəyişmək fikriniz varmı?

- Hələlik yoxdur. Çünki bu məsələ mənim imkanlarıma bağlıdır. Hazırda belə bir imkanım da yoxdur. Bu maşınla 22 ildir yol yoldaşıyıq.




Xəbər lenti