Müsavat Partiyasında daxili çəkişmələr artıq partiyanın var olması üçün təhlükə yaradıb. Məsələ ilə bağlı bir çox şəxslər fikir səsləndirərək müxtəlif təkliflər irəli sürsələr də, hələ ki, problem öz həllini tapmayıb.

Hafta.az-a açıqlamasında sabiq spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev də baş verənlərlə bağlı öz münasibətini bildirib. O, hələ bir neçə ay öncə dediklərini xatırladıb: "Demişdim ki, Müsavat Partiyası dağılacağından qorxduğu üçün qurultay keçirməkdən çəkinir. Bu gün isə tək müsavatçılara yox, hamıya "Müsavat"ın 20 illik liderlərinin saxta yolla Hacılını başqan etdikləri məlumdur. Qurultayda iştirak edənlərin səslərini saymaqdan başqa bütün proses saxtalaşdırılıb. Tək Müsavat Partiyasının yox, istənilən partiya üzvləri Hacılı səviyyəli adamı özünə başqan seçməz. Özünü 100 illik partiya adlandıran, banilərinin isə  dünya siyasəti və demokratiyasının banisi Rəsulzadə olduğunu dəfələrlə yazan partiya funksionerləri, ondan başlayıb bu günə qədər başqan olmuşların siyahısına  təkrar baxmalıdırlar. (Baxmayaraq ki, mən "Müsavat"ın başqanlarının içərisində fövqəladə dahi şəxsiyyət görmürəm.)  Onlar Hacılının başqan olması ilə bu partiyanın necə cırtdanlaşdığını anlamalıdırlar. Bu gün yenidən qurultay keçirməyi tələb edən, partiyanın sözün əsl mənasında intellektualları olan  Hacızadə, Vurğun, İbadoğlu, Əlisoya qarşı “ailə podradı”nın rayon çərçivəsindən hələ də çıxa bilməyən Qubadoğluya məclis sədri olmağı təklif ediblər. Bu nə deməkdir, bazardır?”.

R.Quliyev təklif edib ki, partiyanın parçalanmasının qarşısını almaq üçün yenidən qurultay keçirmək lazımdır:

“Sözsüz ki, saxta yolla seçilməmiş qurultay üzvləri İbadoğlunu, yaxud da bir başqasını başqan seçməlidir. Hər halda Hacılını heç vaxt seçməzlər. Əgər bu addım atılmasa, İbadoğlunun öz tərəfdarları ilə növbədənkənar qurultay keçirməyə də  gücləri çatar. Nəticədə "Müsavat" üzvlərinin 80 faizi yeni liderlərinin bayrağı altında birləşəcək. 20 faiz isə ambisiyalı cənabın bayrağı altına yığışar. Ola bilər (və çox ehtimal) hökumət “saxta ailə podratı partiyası”nın qeydiyyatını saxlasın, ancaq bu çox  uzun çəkməz. Partiyanın dağılmaması naminə qurultay keçirilməli, yeni başqan və məclis seçilməlidir. Partiyanın uzun müddət idarə heyətində, məclisdə olanları öz namizədliklərini irəli sürməməli və cavanların rəhbərliyə gəlməsinə yol açmalıdırlar. Hacılı ümumiyyətlə (seçkiləri saxtalaşdıran əsas fiqurant kimi) istefa verib, yenidən rayon müxbirliyinə qayıtmalıdır. Müsavat Partiyasının dağılmamasının yolunu bunda görürəm”.

 

Xəbər lenti