KXCP Ali Məclisinin Dövlət Müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibəti ilə Müraciət yayıb. 

Teleqraf.az-a daxil olan müraciəti təqdim edirik:

Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 25-illiyi münasibəti ilə Azərbaycan xalqına Müraciəti

Əziz vətəndaşlar!

18 oktyabr 2016-cı il Quzey Azərbaycan Respublikası müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümü bayramıdır. Bu bayram münasibəti ilə bütöv Azərbaycan Xalqını təbrik edirik.

Əziz vətəndaşlar! Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1988-ci ilin noyabr-dekabr aylarında zirvəyə yüksələn Quzey Azərbaycan Xalq Hərəkatı 1989-cu ilin ortalarında təşkilatlanaraq özünün yönətici qüvvəsini-Azərbaycan Xalq Cəbhəsini yaratdı.

Azərbaycan Xalq Cəbhəsi cəmiyyətin bütün təbəqələrini: milli azlıqlar, azsaylı xalqlar, etnik qruplar və bütövlükdə vətəndaşlarımızın birlik və bərabərliyi şəraitində dövlət müstəqilliyimiz uğrunda mübarizəyə yönəltməklə bərabər, siyasi plüralizm, azad media, vətəndaş cəmiyyəti kimi fundamental dəyərlərin yaradılması, insan haqlarının müdafiəsi istiqamətində böyük uğurlar qazandı. Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi ilə Xalq Hərəkatı iki illik ağir mücadilə və minlərlə şəhidin şəhadəti ilə 18 oktyabr 1991-ci ildə Quzey Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktının qəbul edilməsinə nail oldu. Xalq hərəkatının ardıcıl demokratik və dinc mübarizəsi nəticəsində Kommunist partiyasının nüfuzdan düşməsi və Sovet orqanları məğlubiyyətə uğraması ilə Azərbaycan xalqı Azərbaycan Xalq Cəbhəsini hakimiyyətə gətirdi.

AXC-nin bir illik hakimiyyəti dövründə: demokratik yolla seçilmiş respublika prezidenti Elçibəy başda olmaqla AXC rəhbərliyi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın tam müstəqil dövlətə çevrilməsi, demokratiyanın bərqərar olması, müstəqil xarici siyasətin formalaşması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır:

-İlk olaraq bütün imkanlar ordu quruculuğuna səfərbər edilmiş, sərhəd qoşunları, Xəzər donanması, gömrük sistemi yaradılmış, iki yüz il Azərbaycanı işğal altında saxlayan rus ordusu ölkəmizdən çıxarılmış;

- Siyasi sistemi dəyişdirmək məqsədi ilə siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edilmiş, parlament seçkiləri haqqında qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilmiş;

-Məhkəmələrin statusu, bazar iqtisadiyyatının formalaşması, özəlləşdirmə, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi, aksizlər haqqında qanunlar qəbul edilmiş;

-Azərbaycan milli valyutası dövriyyəyə buraxılmış, Ləl-cəvahirat fondu yaradılmış;

-Liberal iqtisadi islahatlara başlanılmış: Dövlət Əmlak Komitəsi, Torpaq komitəsi, Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi və s. kimi yeni dövlət orqanları yaradılmış, ticarətin liberallaşdırılması, Dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, kiçik sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları verilmiş, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatlarının, emal sənaye sahələrinin inkişafı haqqında dövlət proqramları hazırlanmış;

-Elm, təhsil və mədəniyyət sahəsində ciddi islahatlar başlanılmış: təhsil haqqında qanunlar qəbul edilmiş, özəl müəssisələrin açılmasına icazə verilmiş və tezliklə bir çox müstəqil təhsil ocaqları yaqradılmış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirilmiş, qısa müddətdə müstəqil dövlət prinsiplərinə uyğun orta məktəblər üçün yeni proqramlar və yeni dərsliklər hazırlanmış, yüzlərlə gəncə xarici ölkələrdə dövlət hesabına nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradılmış, dövlət idarələrində bərpa edilmiş latın qrafikalı Azərbaycan əlifbasından istifadəyə başlanılmışdı;

AXC-nin bir illik hakimiyyəti dövründə Milli Məclisdə xalqın mənafeinə uyğun 118 qanun, 160 qərar qəbul edilmiş, bununla da suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuş, prezident Elçibəy Milli Dövlət əhəmiyyətli bir çox fərman və sərəncamla yanaşı milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında da fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.

Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş:

-BMT, ATƏM (indiki ATƏT), İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi, təmsil olunmağa başlamış;

-Bakıda BMT-nin nümayəndəliyi açılmış;

-Rusiya, Türkiyə, İran,Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş;

-Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış;

-ABŞ, İngiltərə, Almaniya, Belçika, Pakistan, Misir və İsraillə sıx əlaqələr yaradılmış;

-Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında iki tərəfli müqavilələr bağlanmış;

-BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış;

-neftin Aralıq dənizinə, oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmışdır. Nəticə etibarı ilə qərbdə Azərbaycan Respublikasının demokratik imici formalaşmış, Azərbaycanın inkişafı üçün böyük perspektivlər açılmışdı.

Elçibəy başda olmaqla AXC iqtidarının apardığı geri dönməz Milli Dövlət siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etmiş, ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərmişdir. Xalqı bu ağır faciədən qurtaran Elçibəy 1993-cü ilin iyun ayında Bakını tərk etməklə xalqı qardaş qırğınından qurtarmış, bununla da bir illik AXC hakimiyyətinə son qoyulmaqla dövlət müstəqilliyi və suverenliyimiz təhlükəylə üzləşmiş, Dağlıq Qarabağ ətrafı altı rayonumuz işğal edilmiş, qazanılmış demokratik dəyərlər itirilmiş, rüşvət-korrupsiya sistemi idarəetmə mexanizmasına çevrilmiş, Azərbaycan xalqı layiq olmadığı fəlakətlərə sürüklənmuşdir. Ən acınacaqlısı budur ki, vaxtilə Azərbaycanın müstəqilliyi əleyhinə olanlar, müstəqilliyi xəyal sayanlar, bu mübarizədən kənarda duranlar, qiyam yolu ilə hakimiyyəti mənimsəyənlər tarixi saxtalaşdıraraq AXC-nin bütün bu uğurlarını bir şəxsin adına yazmaqla müstəqillikdən şəxsi mənada maksimum bəhrələnməkdə, müstəqillik uğrunda şəhid olanların ailələrinə və bu mübarizəni qələbə ilə nəticələndirənlərə keçmişdə olduğu kimi bu gündə düşmən münasibət bəsləməkdədirlər. Lakin onlar unudurlar ki, xalqın gözü tərəzidir, o, ağı qaradan seçməyi bacarır.

Hakimiyyət tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyi bərpasının dövlət bayramı kimi qeydiyyatının ləğv edilməsi cox ciddi səhvdir. Hakimiyyət bu səhvini düzəltməli Azərbaycanın Dövlət Müstəqilliyi bərpası dövlət bayram kimi qeyd edilməlidir. Əziz vətəndaşlar! Müstəqillik Bayramınızı təbrik edir, Milli demokratik dövlətçiliyimizin bütün dəyərlərinin bərpası uğrunda mübarizəyə səsləyir və bu mübarizədə Sizlərə uğurlar diləyirik. Tanrı yardımçınız olsun! Amin.

 

Xəbər lenti