Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, qanlı hadisə Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Seymur Orucov küçəsində avtomobillərin yuyulması məntəqəsinin icarədarı, 30 yaşlı Hətəmov Tahir Mahir oğlu bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, zərbə Tahir Hətəmovun kürək nahiyəsindən vurulub. Zərbə o qədər güclü olub ki, bıçaq onun qarnının sağ tərəfindən çıxıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Tahir Hətəmov işlətdiyi avtoyuma məntəqəsinin qarşısında yaxınlıqdakı çayxanada işləyən 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Yeniyetmə 30 yaşlı kişini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti