Proqramının yeni versiyası Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Azərbaycan dili üçün intellektual texnologiyaların yaradılması ilə məşğul olan “Dilmanc” layihəsi təbii dillərin emalı (Natural Language Processing - NLP) sahəsində ən müasir və effektiv elmi yanaşmalardan olan Dərin Neyron Şəbəkələr (Deep Neural Networks - DNN) nəzəriyyəsini öz proqramlarında tətbiq etməyə başlayıb.

 Layihə qrupundan  verilən məlumata görə, Dərin Neyron Şəbəkələr yanaşması “Dilmanc” layihəsində ilk olaraq Azərbaycan dilində nitqin tanınması sisteminə tətbiq edilib.

 Hazırda bu yanaşmanın köməyilə hazırlanmış “Dilmanc Translator” proqramının yeni versiyasında Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

 Yaxın vaxtlarda kompüter istifadəçiləri də şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasından istifadə edə biləcəklər. Bu sistem əvvəlkindən həm keyfiyyətinin yüksək olması, həm də bahalı mikrofona ehtiyac olmaması ilə fərqlənəcək. Belə ki, artıq istifadəçilər öz mobil telefonlarını mikrofon kimi istifadə edə biləcəklər. Telefona deyilən şifahi nitqi kompüterdə Microsoft Word və ya bu tipli istənilən digər mətn prosessorunda klaviaturadan istifadə etmədən yazmaq mümkün olacaq. Bu zaman telefon və kompüterin internetə qoşulması kifayətdir.

 “Dilmanc” layihəsi hazırda nitqin tanınması sisteminin akustik modelin öyrədilməsi üçün 768 nüvəli qrafik prosessordan, dil modelinin öyrədilməsi üçün isə hər birinin 8 nüvəsi olan 30 serverdən ibarət paylanmış hesablama klasterindən istifadə edir.

 Qeyd edək ki, layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.

 

 

Xəbər lenti