Suriyadakı vətəndaş müharibəsi müddətində ölkədə qüvvələr balansı davamlı olaraq dəyişib. Müxtəlif qruplaşmaların nəzarət etdiyi ərazilərin xəritəsi isə dəqiq cəbhə xətti olmayan alabəzək tablonu xatırladır.

 Hazırda Bəşər Əsəd müttəfiqi “Hizbullah”la birlikdə müxtəlif dünyəvi və dini üsyançılara qarşı mübarizə aparır. Digər tərəf isə İŞİD-dir: hər kəsə qarşı vuruşaraq ölkənin yarısından çoxunu ələ keçirib. Son bir ildə kürdlər də mühüm münaqişə tərəfi kimi ortaya çıxdılar. Onlar Suriyanın şimalında faktiki muxtariyyət yaratmış və həm hökumət, həm də İŞİD qüvvələrinin bu ərazilərə soxulmasına müqavimət göstərirlər.

Suriya ordusu və müttəfiqləri

2011-ci ilin martında Suriyanın Deraa şəhərində yeniyetmələrin divara anti-hökumət şüarları yazması, sonra da polis bölməsində döyülməsi ilə başlayan nümayişlər, nümayişlərin atəşə tutulması, eləcə də onlarla insanın həyatını itirməsi – Əsədə qarşı etirazlar və qarşıdurmanın silahlı mərhələyə keçidi məhz bu hadisələrdən başladı. Türkiyəyə qaçan suriyalı generallar Azad Suriya Ordusu (FSA) yaratdılar – bununla da 200 min nəfərin həyatına son qoyan, 10 milyon insanı evindən didərgin salan vətəndaş müharibəsi başlandı.

Suriya ordusu və müttəfiqləri:

Suriya əhalisinin 10 faizi ələvi (şiələr), 75 faizi isə sünnilərdir.

Əsəd bu gün Suriyanın cəmi 17 faizinə nəzarət edir. Hökumət qoşunları Dəməşq, Xüms, Hələb boyunca Latakiyaya qədər ərazilərdə cəbhə xətti tutub.

Loyalistlər ordudan, hərbi-dəniz donanması, HHQ, havadan müdafiə qüvvələri və bir neçə hərbiləşmiş dəstədən ibarətdir. Bu qüvvələrin ali baş komandanı isə konstitusiyaya görə prezidentdir.

Quru qüvvələr üç ordu korpusundan, üç ayrı diviziya və Respublika Qvardiyasından ibarətdir. Suriyada gənclər 18 yaşında çağırışçı kimi hərbi xidmətə gedirlər. Münaqişə illərində 50 yaşına qədər bütün kişilər səfərbərliyə cəlb olunmuşdu. Lakin ölənlər, üsyançıların tərəfinə keçənlər və fərarilərin çoxluğu ordunu gücləndirməyə imkan vermədi. Xüsusilə də, sünnilər hərbi xidmətdən yayındılar.

Suriya ordusu 325 min nəfərdən 150 minə düşdü. Daha 60 min nəfər isə Prezident Qvardiyasına daxildir.

Həmçinin “Hizbullah” və ələvi milis dəstələrinin sırasında on minlərlə silahlı döyüşçü var. “Hizbullah” bir çox ölkədə terrorçu qruplaşma kimi tanınsa da, Suriyada dövlətçiliyin dayağı hesab olunur. Hələ 30 il əvvəl Livan müharibəsində də Dəməşq və “Hizbullah” arasında sıx ittifaq var idi. Müttəfiqlərin silahlandırılmasında isə əsas rolu Rusiya və İran oynayır.

Daha 50 min döyüşçü kürd dəstələrinin sırasında var, lakin onlar suriyalı əsgərlərə nisbətən yüngül silahlanıblar.

Suriya SSQ əsasən sovet texnikası işlədir: müharibənin əvvəlinə qədər Suriyanın 4700 tankı (T-55, T-90), 3 min artilleriya silahı, 4 min BMP və BTR-i var idi. Bu texnikadan çoxu, həmçinin təyyarə və vertolyotların üçdə biri ya məhv edilib, ya sıradan çıxıb, ya da ələ keçirilib.

Bundan əvvəl dünya mətbuatında İŞİD-in sərəncamında bir neçə təyyarə və vertolyot olduğu barədə də məlumat verilmişdi. Lakin müxaliflər və islamçı-terrorçu qruplaşmalar əsasən “Pick up” avtomobillərdən və zirehli texnikadan(Suriya və İraq ordularından ələ keçirdikləri) istifadə edirlər.

Əsədin müəyyən hərbi gücü, İranda xüsusi hazırlıq keçən “Hizbullah” döyüşçüləri və ələvi klanının dəstəyi qalsa da, iqtisadiyyatın çökdüyü, xarici dövlətlərin dəstəyi olmadan – həmçinin ABŞ-ın zərbələri şəraitində mübarizə apara bilmir.

Suriyanın Rusiya və İranla yanaşı Çin və Şimali Koreyadan da cüzi miqdarda silah yardımları, eləcə də humanitar yardımlar aldığı deyilir. Həmçinin İraq, Əlcəzair və Venesuela da humanitar yardım göndərir.

 İŞİD-in sıralarında 60 minə (bəzi mənbələrdə 100 min) yaxın “mücahid”in döyüşdüyü deyilir. ABŞ zərbələrində 15 minə yaxın İŞİD döyüşçüsünün öldürüldüyü deyilsə də, bu təşkilat hələ də gücünü qoruyur. İŞİD-in sıralarında müxtəlif ölkələrdən gələn təhsilli islamçılar olsa da, yerli gənclərin də təlimlərə qatılması potensial əsgər yetişdirməyə imkan verir. Suriya və İraqın İŞİD nəzarətində olan müxtəlif bölgələrində bir neçə düşərgə var ki, orda ailələrdən toplanmış yeniyetmə və gənclər hərbi-ideoloji təlim keçirlər.

“İraq və Şam İslam Dövləti” (İŞİD) Səddam Hüseyn rejimi devrildikdən sonra, ABŞ-a və şiə qruplarına “müqavimət” göstərən “Əl-Qaidə” şöbəsi kimi təzahür etdi. İŞİD-in əvvəlki lideri Əbu Musa Əz-Zərkavi aviazərbələrdən biri nəticəsində öldürüldü. Lakin “Əbu-Qureyb” həbsxanasından çıxan Əbu-bəkr əl-Bağdadi rəhbərliyi ələ alaraq hazırkı halına gətirdi.

Əlbəttə ki, Bağdadi bunu tək etmədi. Onu dəstəkləyənlər arasında hətta Səddam Hüseynin sağ qalan ailə üzvlərinin və yaxın qohumlarının olduğu da deyilir. Digər tərəfdən, sünni məzhəbli, yüksək hərbi hazırlığa malik keçmiş İraq hərbçiləri və Səddam Hüseynin aid olduğu Tikrit klanının bir çox mühüm hissəsi Bağdadini dəstəkləyir.

Səddam Hüseyn dövründə müxtəlif yerlərdə basdırılmış gizli silah anbarlarından bəzilərinin məhz İŞİD qüvvələrinin sərəncamına keçməsi barədə məlumatlar da az deyil. Görünür ki, “yeni xilafət” Səddam Hüseyn rejiminin 10 il boyunca qorunub qalan mühüm alətlərindən, hərbçi-kəşfiyyatçı personalından məharətlə istifadə edir.

Lakin İŞİD-in dirçəlməsi Suriyadakı vətəndaş müharibəsi zamanı baş verdi. Mühüm nöqtələri və neft mədənlərini ələ keçirən İŞİD rəhbərliyi digər xırda islamçı qrupları da itaətə cəlb etdikdən sonra “Əl-Qaidə”ni tanımaqdan imtina etdi. 2014-cü ildə bu təşkilat gah İŞİD, gah İLİL (İraq və Levant İslam Dövləti), daha sonra isə “İslam dövləti” adlandırıldı.

Neft qaçaqmalçılığı və ciddi inzibati-idarə sistemi nəticəsində həm güclü ordu, həm də dünyanın müxtəlif yerlərində şöbələr yaratmağa müvvəfəq olan İŞİD indi dünya supergüclərinin danışıq predmetinə çevrilib.

İŞİD-in böyüməsi təhlükə olsa da, gec məhvi və ya müvafiq formatda qalması da müəyyən güclərin siyasi manevrləri üçün əlverişli ola bilər.

İŞİD öz valyutasını da buraxır. Neft qaçaqmalçılığından “xəlifə”nin hər gün ən az 2-3 milyon dollar təmiz qazanc əldə etdiyi deyilir. Hətta neft mədənləri bombalandıqdan sonra da “qara qızıl”ın ticarətinə davam edən terrorçuların “bomba yağdığı” günlərdə ən az 1 milyon dollar qazandığı bildirilir. İŞİD-in əsas uğurlarından biri də xaricdən gələn təhsilli kadrlardan və yerli mütəxəssislərdən istifadə, həmçinin strateji müəssisələrdə işçilərə yüksək maaş və bol ərzaq verilməsidir.

Yerli əhalinin qida sıxıntısı çəkdiyi bir zamanda İŞİD-in zorla ucuzluğu təmin etməsi və hətta müəyyən miqdarda pulsuz ərzaq paylaması kimi məlumatlar bu qruplaşmanın sosial siyasət baxımından heç də kortəbii davranmadığını göstərir.

Xarici girovların öldürülməsi və edamı isə yerli əhalinin rəğbətini qazanmağa, o cümlədən “imperializmlə mübarizə aparan qüvvə” kimi ortaya çıxmağa “xidmət” etdi.

İŞİD-lə bərabər terror təşkilatı kimi tanınan başqa bir təşkilat da “Cəbhət-əl-Nusra”dır. İŞİD-çilər və nusraçılar arasında vaxtaşırı toqquşmalar olsa da, böyük münaqişələrdən uzaq qaçır və “öz ərazilərində hökm sürürlər”.

“Cəbhət-əl-Nusra” öz fəaliyyətində “Əl-Qaidə”nin qolu kimi tanınan və tabeliyində 10 minə yaxın döyüşçü olan bu qruplaşma dünyəvi müxalifət qruplarına nisbətən daha yaxşı silahlanıb. Qruplaşmanın tərkibində 3 mindən çox muzdlu və avropadan gəlmiş müsəlmanlar döyüşür.

Həmçinin “Cəbhət-əl-İslam” qruplaşması – 45 mindən çox döyüşçüsü olan bu təşkilat Suriyada sünni təmayüllü İslam dövləti qurmağı planlaşdırır.

Digər tərəfdən Səudilər tərəfindən maliyyələşən 17-18 min döyüşçüyə malik “Ceyşül-İslam” və digər irili-xırdalı qruplaşmalar da var ki, Suriyanın cənub ərazilərində partizan mübarizəsi ilə Əsədi “arxadan vurmağa” çalışırlar.

Onları necə məğlub etmək lazımdır?

 Əlbəttə ki, Suriya “yeni dövr”ə qədəm qoyduqda bu təşkilatların kökünü kəsmək mümkün olmayacaq. Vətəndaş müharibəsi bitdikdə, adətən amnistiya elan olunur, ya da silahları yerə qoymaq və “normal həyata” dönmək üçün imkan yaradılır. Radikal qruplaşmaların öz fəaliyyətini davam etdirməsinə isə ciddi maneələr ola bilməz.

Lakin indiki zamanda bu qruplaşmalarla bir-bir, ya da nisbətən az cəbhədə mübarizə aparmaq lazım gəlir ki, bu da Əsəd qüvvələrinin məcburən geri çəkilməsinə gətirib çıxarır.

Rusiyanın 20-30 təyyarəsi və ya 2-3 min hərbçi ilə, mütəxəssislərlə də bu məsələ həllini tapan deyil. Hazırkı şəraitdə Rusiyanın minimum 30-40 min hərbçi göndərməsi nəsə ciddi dəyişiklik yarada bilər. O isə məntiqlə mümkün deyil.

Azad Suriya Ordusu, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-dan gələn etirazlar ona işarə edir ki, Rusiya İŞİD mövqelərini yox, dünyəvi müxalifət mövqeləri və dinc sakinlərin yaşadığı məntəqələri bombalayır.

Hazırda Rusiya üçün əsas hədəfin və başlıca təhlükənin İŞİD yox, məhz Amerikanın dəstəklədiyi qüvvələr olduğunu anlamaq və bu “təhdid”dən yola çıxaraq prosesləri qiymətləndirmək elə çətin olmaz. Bundan başqa, İŞİD-ə dəstək verən sabiq İraq zabitləri və kəşfiyyatçılar arasında vaxtilə Rusiyada təlim-tədris keçmiş şəxslərin olması istisna deyil.

Hər halda, Rusiyanın İŞİD-lə bağlı məlumat kasadlığı olduğunu deyə bilmərik.

İŞİD Rusiyanın bölgədəki hərbi mövcudluğunu əsaslandırması üçün, Suriyaya daha çox hərbçi və texnika göndərməsi üçün lazım idi. Bununla, həm Rusiya, həm də Suriya rejimi vaxt qazanmış olur, getdikcə irəliləyən müxalifət və islamçı qruplarını müəyyən xətdə dayandırır.

Lakin yenə də, Putin əsas işi Əsədin boynuna qoyur – müxalifətlə dialoqa girmək, bir də uğurlu əks-hücuma keçmək.

Əsəd bacaracaqmı? Bacarmasa, Putinin əlindən çox “lazımlı kart” düşmüş olacaq.

Ümidlər “Moskva-3” danışıqlarına qalıb… Əsədin dərhal getməsi, yoxsa tədricən getməsi müzakirə mövzusu olacaq.

Əslində Əsədin müttəfiqlərini o yox, təmsil etdiyi klan maraqlandırır. Rusiyanın da, İranın da regionda əsas müttəfiqi ələvilərdir. Ələvilər yeni, daha bacarıqlı, daha ünsiyyətçil fiqur tapıb ortaya çıxaracaqmı?

Yeni fiqur həm də Əsədin “həyat zəmanəti” olacaq.

Rüfət ƏHMƏDZADƏ
AzPolitika.info

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti