Azərbaycan Xalq Cümhuriyyətinin demokratik daxili siyasətindən sui-istifadə edən bolşeviklər milli Azərbaycan dövlətçiliyini məhv etməyə çalışırdılar. "Azərbaycan tarixi" kitabında A.H.Balayev yazır ki, bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gücləndirirdilər. ADR-in mövcud olduğu bütün dövr ərzində Azərbaycanın istiqlaliyyətinə qarşı düşmənçilik mövqeyindən əl çəkməyən bolşeviklər iki dəfə 1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Bu tətillər siyasi xarakter daşıyıb, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəldilmişdi. Lakin azərbaycanlı fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Yalnız bu uğursuzluqlardan sonra bolşeviklər tələm-tələsik Azərbaycanda yeritdikləri siyasətdə dəyişikliklər etməyə başladılar.

RK(b)P-nin yerli təşkilatı kimi azərbaycanlılar arasında nüfuz qazanmağın qeyri-mümkünlüyünü dərk edən Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədilə "müstəqil" Azərbaycan Kommunist Partiyasının yaradılması ideyasını irəli sürdülər. Əslində, bu dəyişiklik kosmetik xarakter daşıyırdı. Ə.Qarayevin etiraf etdiyi kimi, söhbət yalnız formal "partiya"dan gedirdi, çünki bu "partiya" RK(b)P-nin yerli təşkilatı olaraq qalmaqla, bolşeviklər partiyası rəhbər orqanlarının və RK(b)P Qafqaz Ölkə Komitəsinin bütün qərarlarını yerinə yetirməyə borclu idi. Lakin Azərbaycan bolşeviklərinin bu cəsarətsiz təşəbbüsünü belə RK(b)P Qafqaz Ölkə Komitəsi millətçilik təzahürü hesab edərək, 1919-cu ilin avqustunda keçirilmiş plenumunda rədd etdi. Yalnız uzun sürən mübahisələrdən sonra RK(b)P Siyasi Bürosu 1920-ci il yanvarın 3-də "müstəqil" Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayı keçirildi. M.D.Hüseynov AK(b)P Rəyasət Heyətinin sədri seçilsə də, "partiya"nın faktiki rəhbəri A.İ.Mikoyan idi. Ümumiyyətlə, AK(b)P-nin yaradılması üçün icazənin Moskvadan alınması bu "partiya"nın "müstəqillik" dərəcəsini gözəl nümayiş etdirir.

Heç kimə gizli deyildir ki, AK(b)P Sovet Rusiyasının Azərbaycandakı "beşinci kolonnası" idi. AK(b)P Azərbaycan istiqlaliyyətinin məhv edilməsinə yönəldilmiş Kreml siyasətinin ölkədəki əsas daşıyıcısı idi. Qeyd etmək lazımdır ki, hətta "müstəqil" AK(b)P belə kütləvi partiyaya çevrilə bilmədi.

Təəssüflər olsun ki, Azərbaycan tarixinin belə məsuliyyətli dövründə hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət məsələsində hökumətin iki üzvü - F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi. O, Azərbaycanda güclü hakimiyyətin yaradılmasını, daxili işlər naziri M.H.Hacınskinin istefa verməsini, parlamentin buraxılmasını, hökumətə ölkənin müdafiəsi üçün fövqəladə səlahiyyətlər verilməsini və yaxın altı ay ərzində Ümumazərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsini tələb edirdi. F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da, o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. Belə bir imkan tezliklə ələ düşdü. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, onu istefa verməyə məcbur etdilər. Yeni hökumət kabinetinin təşkili M.H.Hacınskiyə tapşırıldı. Dərhal bolşeviklərlə əlaqəyə girən M.H.Hacınski onlara öz hökumətində nazir vəzifələri təklif etdi və hətta bolşeviklər partiyasına daxil olmağa hazır olduğunu bildirdi. Ən acınacaqlısı isə bu idi ki, M.H.Hacınski bütün bunları ölkəni dərin siyasi böhrandan çıxarmaq üçün deyil, getdikcə reallaşan bolşevik təhlükəsi qarşısında öz şəxsi təhlükəsizliyini təmin etmək üçün edirdi. Bolşeviklər M.H.Hacınskinin təşkil etdiyi hökumətə daxil olmaqdan imtina etsələr də, ona bildirdilər ki, əgər Azərbaycandakı kommunist təşkilatlarına loyal münasibət bəsləsəniz, yaxın müddətdə sizin kabinetə qarşı çıxış etməyəcəyik.

M.H.Hacınskinin yeni hökumət kabinetinin təşkilini yubatması Azərbaycanda onsuz da gərgin olan vəziyyəti bir qədər də gücləndirərək, parlamentdə müxtəlif partiyalar arasında gedən siyasi mübarizəni son həddə çatdırdı. Belə bir çətin məqamda ayrı-ayrı partiyaların məsuliyyətsiz siyasi oyunları xalqın qüvvələrini parçalayır və onun potensial qüvvəsini azaldırdı. Bununla əlaqədar, "İttihad" partiyasının xəyanətkar mövqeyindən danışmamaq mümkün deyildir.

"İttihad"ın liderləri açıq-açığına AXC hökuməti devirməyə çağırır və dövlət çevrilişi etmək üçün öz xidmətlərini bolşeviklərə təklif edirdilər. Azərbaycana qarşı müdaxilə ərəfəsində sovet hökuməti öz hərəkətlərini daşnak Ermənistanı ilə sıx əlaqələndirirdi. Məhz Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bu qiyam iki məqsədə xidmət edirdi. Birincisi, Azərbaycan hökuməti özünün bütün qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar. Azərbaycan Milli Dövlət Arxivində göstərilir ki, bolşeviklər guya ölkədə qayda-qanun yaratmaq məqsədi ilə Rusiyaya hərbi yardım üçün müraciət etməyə və XI qırmızı ordunu Azərbaycana dəvət etməyə çağırırdılar. Bu cəhətdən Ə.Qarayevin 1920-ci il aprelin 1-də Azərbaycan parlamentindəki çıxışı daha xarakterik idi. O demişdi: "qırmızı ordu artıq "Yalama" stansiyasında dayanmışdır və mən sizə təklif edirəm ki, onu köməyə çağırıb hakimiyyəti bolşeviklərə təhvil verəsiniz. Çünki bolşevik hakimiyyəti milli məsələni həll etməyə qadir olan yeganə hakimiyyət, XI qırmızı ordu isə milli qırğına son qoyacaq yeganə ordudur".

1920-ci ilin aprelində Denikin qoşunlarının tör-töküntülərini darmadağın edən XI qırmızı ordu hissələri bilavasitə Azərbaycan sərhədlərinə çıxdılar. 1920-ci il aprelin 15-də F.X.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi ki, "hal-hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz".

Lakin Çiçerin Azərbaycan hökumətinə cavab verməyi belə lazım bilmədi. Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxiləyə hazırlıq kampaniyası yekun mərhələsinə qədəm qoymuşdu. A.İ.Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI qırmızı ordunu Azərbaycana dəvət etmişdi. XI qırmızı ordunun komandanlığı ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bunda məqsəd dünya ictimaiyyətində belə fikir yaratmaq idi ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlamamış, aprelin 27-də XI qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar.

XI qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. Bu şərtlə ki:

1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq;

5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək.

Yalnız aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə sovet hökumətinə rəsmi surətdə müraciət etdi. Halbuki bu xahişə ehtiyac yox idi, çünki artıq iki gün idi ki, rus ordusu Azərbaycanın hüdudları daxilində idi. Bu, bir daha sübut edir ki, Azərbaycan Demokratik Respublikasının qanuni hökuməti Rusiyanın hərbi təcavüzü nəticəsində devrilmişdir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi xahişi ilə yalnız ölkənin qanuni hökuməti çıxış edə bilər. Nə Azərbaycan parlamenti, nə də Azərbaycan hökuməti belə bir xahişlə müraciət etməmişdi.

AXC-nin yaranması XX əsrdə Azərbaycan xalqının dövlətçilik tarixində şərəfli yer tutan bir dövlət qurumu idi. T.B.Qafarov 1999-cu ildə yazdığı "Azərbaycan tarixi" (1920-1991) kitabında qeyd edir ki, XX əsr qədim tarixi olan Azərbaycanın taleyində silinməz izlər buraxmışdır. Bütün bunlar dünyada gedən qlobal siyasi, iqtisadi və mənəvi proseslərlə bağlı olmuşdur. Birinci Dünya müharibəsi nəticəsində yaranmış siyasi mühit Azərbaycan xalqının da tarixi taleyində mühüm rol oynadı. Sovet Rusiyasının nüfuz dairəsinə keçən Şimali Azərbaycanda Şərqdə ilk respublika olan Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi. Burada rus ordusunun köməyi ilə Azərbaycan Sovet Sosialist Respublikası yarandı. 

Tarixçi-alim Musa Qasımlı Azərbaycan tarixinin öyrənilməsində obyektiv həqiqətə söykənməyin zərurətindən bəhs edərək yazır: "Azərbaycan tarix elmi sovet dövründə ideoloji basqılar və ölkədə yeridilən ümumi siyasi ucbatından xalqımızın müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlətini qurduğu 1918-1920-ci illər tariximizi qaralamaqla bu baxımdan xeyli əziyyət çəkib. İndiki şəraitdə isə Cümhuriyyət dövrü tarixinin yersiz ideallaşdırılması nə qədər ziyanlıdırsa, onun əks tərəfdən eyni qayda ilə qaralanması, üstündən xətt çəkilməsi də bir o qədər zərərlidir". 

 

Vahid ÖMƏROV, 

fəlsəfə üzrə fəlsəfə doktoru

Xəbər lenti