Bu gün hüquq müdafiəçisi İntiqam Əliyevin doğum günüdür, onun 53 yaşı tamam olur.

İntiqam Kamil oğlu Əliyev 30 noyabr 1962-ci ildə Biləsuvar rayonunda anadan olub, Sumqayıtda böyüyüb, bu şəhərin sakinidir. Ailəlidir, bir oğlu, bir qızı var.

O, 1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

İntiqam Əliyev barədə vikipediya məlumatlarında qeyd olunur: "İ.Əliyev hüquq təcrübəsinə 1990-cı ildən Bakı şəhər Baş Tikinti Trestində hüquqşünas vəzifəsindən başlayıb. 1991-ci ildə ölkədə ilk hüquq firmalarından olan «Advokat Servis» hüquq şirkətini təsis edib. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 2003-cü ildən Azərbaycan Hüquqşünasları Forumunun həmsədridir.

Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.

20 ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olur, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 200-dən çox şikayət ünvanlayıb. 40-dan çox işi uğurla başa vurub.

10-a yaxın qanun layihəsinin, «Ailə Məcəlləsinin yozumu», «Mülki Prosessual Məcəlləsinin kommentariyası», «Mətbuat azadlığı», «Uşaq hüquqları üzrə praktikum», «Vəkillik fəaliyyəti», «Ekoloji hüquq üzrə praktikum», «Qeyri-kommersiya hüququ üzrə praktikum», «Avropa İnsan Hüquqları Məhkəməsi» və başqa adda 20-dən çox dərsliyin, praktik vəsaitlərin müəllifidir. Yerli və xarici ölkələrin mətbuat orqanlarında dərc olunan sosial, insan hüquqları, məhkəmə-hüquq islahatları, dövlət quruculuğu, korrupsiya və s. mövzularda yüzlərlə məqalənin müəllifidir.

Dünyanın müxtəlif ölkələrində (ABŞ, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Türkiyə və s.) demokratiyanın inkişafı, qanunun aliliyinin təmin olunması, insan haqlarının müdafiəsi, korrupsiya ilə mübarizə, mətbuat və birləşmək azadlığı, məhkəmə və həbsxana sisteminin islahatı və s. mövzularda onlarla beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edib və məruzələrlə çıxış edib.

ATƏT-in, Avropa Şurasının, ABŞ-ın Milli Demokratiya İnstitutunun, Respublikaçılar İnstitutunun, Amerika Səfirliyinin, Niderland Helsinki Fondunun, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) və başqa beynəlxalq təşkilatların qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. Yerli və beynəlxalq təşkilatların xətti ilə ölkənin müxtəlif regionlarında hakimlər, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, jurnalistlər, dövlət orqanları, bələdiyyə, qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən 100-ə yaxın təlimlərə aparıcı-ekspert kimi cəlb olunub.

Hüquq müdafiəsi sahəsindəki fəaliyyətinə görə 2013-cü ilin aprelində Çexiyada yerləşən People in Need təşkilatının "Homo Homini" mükafatına, 2014-cü ildə Caucasian Knot media servisinin "Qafqaz qəhrəmanı" mükafatına, həbsindən sonra Norveç Helsinki Komitəsinin "Saxarov" mükafatına layiq görülüb.

İntiqam Əliyev 8 avqust 2014-cü ildə həbs olunub. 22 aprel 2015-ci ildə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7,6 il müddətinə azadlıqdan məhrum edilib.Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir və həbsini hüquq müdafiəçiliyi sahəsindəki fəaliyyəti ilə əlaqələndirir. Beynəlxalq Amnistiya təşkilatı İntiqam Əliyevi vicdan məhbusu olaraq tanıyıb.

"Yeni Müsavat" qəzetinin kollektivi dəyərli hüquqşünasımızı doğum günü münasibtilə təbrik edir, onun tezliklə azadlıqda, aramızda olmasını arzulayır.

Xəbər lenti