|
Cəlilabad rayonunda ailə cinayəti baş verib. ANS PRESS-in məlumatına görə, keçmiş ər arvadını və azyaşlı övladını baltalayıb. Hadisə Cəlilabadın Muğan kəndində baş verib.
Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə gəlib. Üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevanın baş nahiyyəsindən zərbələr endirib.
Ardınca o böyük oğlu Fəridlə əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əllərilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar.
Bir müddət əvvəl də İsgəndər Əliyev böyük oğlu Fəridə bıçaqla xəsarət yetirib.
Hadisənin səbəbinə gəlincə, rəsmi formada arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında narazılıq yaradıb.
Hazırda polis cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Bənzər hadisə ötən gün Bərdənin Qaratəpə kəndində qeydə alınıb. Kənd sakini Səbuhi Həsənov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Günel Qüdrət qızı Həsənovaya balta ilə zərbələr endirib. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.
Bu gün isə Zaqatala rayonunda tükürpədici qətlhadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Əliabad qəsəbəsində 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranov aralarında yaranan mübahisə zəminində oğlu 1965-ci il təvəllüdlü Zamir Kərim oğlu İmranov tərəfindən baltalanıb. Ağır bədən xəsarətləri alan 78 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.