Qazax rayon sakini iddia edir ki, Uşaq Poliklinikasının baş həkimi onu təhqir edib

Qazax rayon sakini Rəşad Mustafayev redaksiyamıza müraciət edərək Qazax rayon Uşaq Poliklinikasının baş həkimi Mehriban Nəsibova tərəfindən təhqirə məruz qaldığını, onun tərəfindən şəxsinə və əlil övladına qarşı ağır sözlər, alçaldıcı ifadələr işlədildiyini bildirib. O dediyinə görə, hadisə sentyabrın 8-də övladının dərmanlarını almaq üçün xəstəxanaya getdiyi zaman baş verib.

“Bir övladım var. Həyat yoldaşımdan ayrıldığıma görə, özüm tək saxlayıram. Oğlum Mustafazadə Nurlan anadangəlmə İşemik iflic xəstəsidir. Belə xəstələr dövlət tərəfindən himayəyə götürülüb. Belə ki, bu tip xəstələrin dərmanları dövlət tərəfindən verilir. Açıq satışda olan bir dərman deyil ki, gedib hansısa bir aptekdən ala biləsən. Narkotik tərkibli dərman olduğundan ancaq və ancaq uşaq poliklinikasından yazılır və mən gedib onu xəstəxananın aptekindən götürürəm. Hər dəfə bunu alanda, baş həkim Mehriban Nəsibova tərəfindən yersiz təhqirlərə, aşağılayıcı ifadələrə məruz qalmışam”.
O sonuncu dəfə xəstəxanaya getdiyində bu kimi halların – təhqirin, söyüşün, aşağılanmanın – ən son həddini gördüyünü, cinayət törətmək həddinə çatdırıldığını; lakin bir güc-bəlayla əsəblərini cilovladığını qeyd edib.
“Mən axırıncı dəfə sentyabrın 8-də, hardasa saat 11:00 radələrində bu adamın yanında oldum. O mənə qayıtdı ki, məzuniyyətdəyəm. Soruşdum ki, sənin əvəzində kim var? Dedi ki, mən heç nə bilmirəm. Gördüm ki, acığından otağı bağlayıb getmək istəyir... Ağzına gələni danışır... Danışığından görünürdü ki, o kiməsə əsəbiləşib. Hirsini məndən çıxdı. Məni sərt şəkildə sorğu-suala tutdu ki, sənə nə lazımdı? Nəyə gəlmisən?”
O, sualların qarşılığında tam təmkinli şəkildə cavab verdiyini, lazım olan sualları verdiyini, xəstənin dərmanlarını hardan alacağını soruşduğunu bildirib. Bunun qarşılığında heç bir əxlaqa sığmayan ifadələr eşitdiyini deyib.
“Mən onun bu boyda hirsinin, əsəbinin, məni acılamağının qarşılığında sadəcə kirimişcə soruşdum ki, bu uşağın dərmanlarını hardan ala bilərəm? Kim yazacaq? Axı, siz də deyirsiniz, məzuniyyətdəyəm. Qayıdıb mənə dedi ki, sən də öl, uşağın da ölsün. Mən bu topalların, şillərin əlindən bezmişəm. Artıq özümü saxlaya bilməyib sözlərini özünə qaytarmalı oldum”.
Rəşad Mustafayev bu məsələnin ciddi şəkildə üstünə düşülməsini, Mehriban Nəsibovanın işinin, xəstələrlə davranışının əlaqədar təşkilatlar tərəfindən yaxından araşdırılmasını xahiş edib.
“Sonda deyəcəklərim ondan ibarətdir ki, mən dərmanları vaxtı-vaxtında ala bilmirəm. Dəfələrlə Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzova desəm də, problemə dair hər hansı bir yöndə tədbirlər görülməyib. Əlaqədar ünvanlardan, Səhiyyə Nazirliyindən xahiş edirəm ki, Qazax rayon Uşaq Klinikanasının baş həkimi Mehriban Nəsibovanın işi,xəstələrlə rəftarı araşdırılsın və lazım gələrsə hüquqi qiymət verilsin”.
Məsələylə bağlı Qazax rayon Uşaq Klinikasında Mehriban Nəsibovanın da qəbulunda olduq. O müsahibə vermək istəməsə də, hadisəylə bağlı iddiaçı tərəfi həbs etdirmək üçün akt tərtib etdiklərini, lakin insaflı olduqlarına görə, polisə təqdim etmədiklərini bildirdi.
O, qeyd etdi ki, Rəşad Mustafayevin iddiaları tamamilə cəfəngiyyatdır.
“Biz onu təhqir etməmişik. Hər dəfə dərmana gələndə normal qaydada yola salmışıq. Əksinə heç bir səbəb olmadan o bizi təhqir edib. Və bununla bağlı 21 nəfərin imzasıyla akt tərtib etmişik. Əvvəl polisə təqdim etmək istəyirdik, sonradan vəziyyətini, dolanışığını nəzərə alıb fikrimizdən vaz keçdik.

Mediaxeberleri.az

Xəbər lenti