Rusiya Türkmənistanın öz qazını Avropa bazarlarına Transxəzər qaz kəməri layihəsi vasitəsilə çıxarmasını istəmir.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Moskva rəqabətin artacağından ehtiyatlanır:

“Rusiya Türkmənistanın öz qazını Avropa bazarlarına Transxəzər qaz kəməri layihəsi vasitəsilə çıxarmasını istəmir. Bu üzdən də Rusiya Xəzərdə yeni boru kəmərinin tikilişinin ekoloji tərəfini qabardır. Ancaq reallıq ondan ibarətdir ki, bu boru kəmərləri on illərdir Xəzərin dibində fəaliyyət göstərir. Sadəcə, onlar bir qədər lokal boru kəmərləridir. Ancaq bu yenə də məsələnin mahiyyətini dəyişmir. Məsələn, Neft Daşları Abşeron yarımadasının sahillərindən 50-60 km məsafədə yerləşir. Sovet dövründən bu məsafədən boru kəmərləri inşa edilib və indi də fəaliyyət göstərir. Nədənsə, bu amil Rusiya tərəfindən nəzərə alınmır. Transxəzər qaz boru kəməri layihəsi də dənizin dibi ilə keçəcək və uzunluğu təxminən 150-160 km olacaq. Dənizin dibində mövcud olan qaz borularının ümumi uzunluğu isə yüzlərlə kilometrlərlə ölçülür. Belə olan halda əlavə bir kəmərin tikilişi vəziyyəti nə dərəcədə dəyişdirə bilər?! Hesab edirəm ki, bu ritorik sual mütləq Rusiya tərəfinə ünvanlanmalıdır. Rusiya illərdir ki, Transxəzər qaz boru kəməri layihəsinin reallaşmasını azrulamır. Görünür, bu məsələnin yenidən gündəmə gətirilməsində siyasi məqsədlər dominantlıq təşkil edir, sadəcə, Moskva məsələni ekoloji amillərlə ört-basdır edir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Soçidə Gənclər və Tələbələrin Beynəlxalq Festivalında çıxışı zamanı Xəzərdə boru kəmərlərinin tikilişinin ətraf mühitə təsirindən söz açıb. Lavrov bildirib ki, bu, ekoloji problem yarada bilər və mütləq araşdırılmalıdır.