İran Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb. Bu barədə İranın neft naziri Bijan Zanqane Ermənistan Energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşün yekunlarına dair açıqlamasında bildirib. Beləliklə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır. Bundan əlavə, İran Ermənistana verdiyi qazın həcmini də artıracaq. 

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktorunun müavini Aleksey Qrivaç da bu məsələyə münasibət bildirərək qeyd edib ki, Ermənistan üzərindən İran qazının Gürcüstana nəqli ölkənin "mavi yanacağa" olan tələbatının dörddə bir hissəsini ödəyəcək və Azərbaycandan asılılığını azaldacaq. Hazırda Gürcüstan qaz olan tələbatının 80%-ni Azərbaycanın hesabına ödəyir.

Rusiya rəsmisi iddia edir ki, mövcud infrastruktur ucbatından Gürcüstan İran yox, Rusiya qazını alacaq: "Müqavilənin şərtləri ilə tanış deyiləm. Lakin bir şeyi dəqiq bilirəm ki, sözügedən sxem üzrə nəql "Qazrpom"un icazəsi olmadan baş tuta bilməz. Çünki Ermənistanın qaz kəməri yoxdur, oradan keçən kəmər isə Rusiyaya məxsusdur. Bu səbəbdən, faktiki olaraq, İran qazının Gürcüstana tranziti mümkünsüzdür: İran Ermənistana 500 milyon kubmetr qaz nəql edir, əvəzində Rusiya həmin həcmdə qazı Gürcüstana satacaq. Bu yolla Ermənistan qaz nəqlinin təhlükəsizliyini də artırır. Çünki Gürcüstanadək uzanan kəmərin 30-dan çox yaşı var, dağlıq ərazidən keçir və istismara yararsız hala düşüb. Beləliklə, Gürcüstan Azərbaycanın ona verə bilmədiyi əlavə qaz həcmini alır. Azərbaycan neft hasilatını dəstəkləmək üçün qaz hasilatını azaltmağa məcburdur. Buna görə, Gürcüstan yeni təchizatçı axtarır. Məlum siyasi səbəblərdən Gürcüstan Rusiyadan qaz ala bilmir. İranla svop əməliyyatı hesabına Gürcüstan qaz defisiti problemini həll edə bilər".

Qeyd edək ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi. Lakin İran rəsmi Bakını deyil, İrəvanı seçdi. 

İranın bu seçimini siyasi baxımdan şərh edən politoloq  Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu  həddindən artıq təəccüblü bir hadisədir: “İran dostluqdan dəm vurur, Araz çayı üzərində hidroqovşaqların tikilməsi ilə bağlı saziş imzalayır, Azərbaycana tərəfdaşlıq vəd edir, digər tərəfdən isə bu cür gözlənilməz addımlar atır. Hətta Azərbaycan prezidenti rəsmi Tehranda səfərdə olarkən bu dövlət hətta TANAP layihəsi vasitəsilə Avropa bazarlarına qaz çıxarmaq niyyətində  olduğunu da bəyan etmişdi. Bu baxımdan texniki şəraiti kifayət qədər əlverişlidir. Çünki Sovet dövründə  İranın Sovet İttifaqının cənub bölgələrinə, Cənubi Qafqaz respublikalarına, eləcə də Dağıstan respublikasına qaz verməsi üçün böyük bir kəmər çəkilmişdi. Həmin kəmər Azərbaycan ərazisindən keçir və Azərbaycan ərazisində də paylaşdırılır. İndi həmin qazın həm ana xətti boş qalıb, həm də onun Gürcüstana gedən xətti boşdur. Ona görə də, İran Gürcüstana qaz satmaq istəyirsə, onun Azərbaycandan Gürcüstana ən azı iki xətti var və bu kəmərlər vasitəsilə çıxara bilər. Yəni, texniki baxımdan İran əlavə xərc çəkmədən qazı çox asanlıqla Azərbaycan vasitəsilə Gürcüstana çıxara bilər, amma etmir. Ermənistanın qaz kəmərlərinin çəkilməsi üçün əlverişsiz olan dağlıq ərazisindən istifadə etməyə,  1000 kilometrlik məsafəyə 2000 kilometrlik məsafənin xərcini çəkməyə razı olur. Maliyyə itkilərinə məruz qalsa belə bu xətti seçir”. 

Ekpertin sözlərinə görə, bu məsələyə siyasi don geyindirmədən şərh etmək mümkün deyil: “Belə görünür ki, İran Azərbaycanın Avropaya yönəlmiş ən böyük layihələrini dəstəkləmir, Azərbaycanın mövqeyini gücləndirmək istəmir. Özü də əlavə xərc çəkmədən ölkəmiz vasitəsilə qazını Avropa bazarlarına çıxarmaq istəmir. Bu yolu Ermənistan və Gürcüstan üzərindən aparmaq niyyətindədir. Yəni, qazı Gürcüstana verdikdən sonra, Avropaya qədər çıxmaq niyyəti güdür. Bir sözlə , İranın bu addımı açıq-aşkar Azərbaycanın əleyhinə işləyən, ölkəmizin iqtisadi inkişafını dəstəkləməyən bir addımdır. İran bununla yenə də özünün ənənəvi ermənipərəst siyasətini ortaya qoyur. Bu ürək ağrıdan məsələdir”. 

Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban isə açıqlamasında bildirdi ki, hələ ki, bu sənəd kommersiya sənədi hesab edilmir və reallaşması da mümkün görünmür: “Bu İran və Ermənistanının energetika nazirləri arasında imzalanan bir sənəddir. Yəni , bu hələ kommersiya sənədi deyil. O zaman kommersiya sənədi olacaq ki, buraya təsərrüfat subyektləri də qoşulacaq. Satıcı və alıcı arasında bir müqavilə imzalanmayıbsa, bu sənəd sadəcə niyyət xarakteri daşıyır.  Orada qeyd olunur ki, bu Gürcüstana ixrac üçün nəzərdə tutulub. Ancaq Gürcüstanın neft-qaz şirkəti özəl bir şirkətdir və həmin şirkətin İrandan hansısa qiymətə qaz almaqla bağlı razılaşması və ya açıqlaması yoxdur. İkinci bir tərəfdən Ermənistanla Gürcüstan arasında Gürcüstana  yönəlik bir qaz infrastrukturu yoxdur, bunu kim və nə zaman edəcək – bu da bəlli deyil. Ortada çoxlu suallar olduğundan hesab edirəm ki, ortada siyasi məqsəd daha çoxdur, nəinki kommersiya. Ona görə də, bir  qədər səbirli olaq və məsələnin nə ilə sona çatdığını gözləyək. Ermənistanla İran arasında belə bir sənədin imzalanmasının özü ona dəlalət edir ki, İran Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanı dəstəkləməyə davam edir, həm də müsəlman faktorunu nəzərə almadan. Reallıq budur”. 

 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti