"Heç bir halda boykotu, imtinanı təkrar tətbiq etməyəcəyik"

KXCP sədri Mirmahmud Mirəlioğlu partiyanın avqustun 1-də keçirəcəyi növbəti qurultayı, sədr seçkisi, həmçinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı Musavat.com-un suallarını cavablandırıb. 

- Sabah qurultayınızdır. Qurultaydan gözləntiniz nədir?

- Qurultay bir mərhələyə, bir dövrə yekun vurur. Bu, yekun vurduğu dövrün hesabatıdır. Təbii ki, həm cəmiyyət qarşısında hesabatdır, həm də partiya qarşısında. Həm də növbəti mərhələyə bir baxışdır, hazırlıqdır. 

- Hansı mərhələdir o?

- Yəni növbəti qurultaya qədərki dövrə hazırlıqdır, o cümlədən, 2015-ə, 2016-ya və sair növbəti illərə...

- Niyə hələ də sədrliyə namizəd olacaq şəxslər mətbuata açıqlanmayıb? Sizə qarşı çıxmağa cəsarət edən yoxdur? 

- Yox, nizamnaməmiz belə istəyir. Bizim nizamnaməmizə görə, bütün məsələlər qurultay günü açıqlanır. O cümlədən namizədlər də qurultay günü irəli sürülür.

- Digər partiyalardan fərqli olaraq, KXCP-də sədrliyə iddialılar mətbuata açıqlama verməyiblər bununla bağlı. Heç kim bilmir ki, qurultayda sədrliyə kimlər, hansı namizədlər ola bilər...

- Ola bilsin ki, olsun. Burada məsələ belədir, bizim məsələmiz birbaşa nizamnamə çərçivəsindədir. Nizamnaməmiz belədir. Bunu zamanında dəyişmək istədik. Bu yaxınlarda dəyişmək istədik, vaxt tapa bilmədik. Bu, Azərbaycan Xalq Cəbhəsi dövründən qalan qaydalardır. Bu məsələni indi dəyişdirmək istəsək də, çatdıra bilmərik. Çünki parlament seçkilərinə avqustun 31-də start verilir, 30 gün ərzində nizamnaməyə əlavə və düzəliş etsək, Ədliyyə Nazirliyinə təqdim etməliyik. Ədliyyə Nazirliyi də buna bir ay müddətində baxmalıdır. Müddət etibarı ilə çatmırıq. Ona görə də qaldı. Amma dəyişmək istəyirik. 

- İndiki nizamnaməyə görə, eyni şəxs neçə dəfə sədr seçilə bilər?

- Müddət qoyulmayıb. Keçən dəfə bunu çox istədik dəyişək. Dörd il əvvəl, qurultayda istədik ki, sədrliklə bağlı müddət mütləq olsun, məsələn, Müsavatda olduğu kimi. Müsavat bunu 2003-cü ildə etmişdi. Amma bizim qurultayda bunun əleyhinə xeyli əsaslar gətirdilər.

- Siz də razılaşdınız...

- Təkcə mən razılaşmadım. Mən əksəriyyətlə razılaşıram. Mənim də bir səsim var.

- Mirmahmud bəy növbəti dəfə sədr seçilməsə, sıravi üzv kimi qalmağa razı olacaqmı? 

- Əgər seçilməsəm, inanırsınız, o qədər dua edəcəm ki... O qədər rahat olacam ki... O qədər görülməli işlər var ki... Doğrudan da o qədər görülməli işlər var... Onları görəcəm.

- Bəs niyə yenidən partiya sədrliyinə iddia edirsiniz?

- İddia edirəm ona görə ki, bu dəfə də getmək istəyirəm. Amma Mirmahmud seçilməsə, çox rahat olacaq, sıravi üzv kimi indikindən qat-qat artıq işləyə biləcək, dəstək verə biləcək, məsləhət verə biləcək, qaça biləcək-filan. Bir az da azad olacaq. 

- Niyə o azadlığı Mirmahmud bəy bəri başdan istəmir?

- Biz axı əslində qanunları qəbul edirik, özü də xüsusi israrlı oluruq ki, qanunlar mütləq yerinə yetirilsin. Qanunlar işləsin. Hamımızın davası budur. Yüz illərdir, min illərdir insanlıq bunun üstündə mübarizə aparır. Amma qanunlar insanların azadlıqlarını məhdudlaşdırır. 

- Qurultayda sədrliyə hansısa gənc KXCP üzvü namizəd olarsa, siz gəncə dəstək olaraq geri çəkilə bilərsiniz? 

- Bütün məsələlərin hamısını hesablayıb, hər şeyi gözaltı edib, bunu edə bilərəm. 

- Qarşıdan parlament seçkiləri gəlir. KXCP bildirib ki, bütün seçki dairələrindən namizəd çıxarmağa gücü var. İlkin siyahının neçə faizi gənclərdən ibarətdir?

- Biz seçkiyə dostlarımızla bir yerdə namizəd çıxarmaq məcburiyyətindəyik. O demək deyil ki, dostlarımızın boynuna minnət qoyuruiq. Qətiyyən. Ona görə bir yerdə gedəcəyik ki, biz blokuk. Gənclərin isə faizi azdır təəssüf ki... Seçkiyə qatılmaq istəyən gənclərimiz azdır, həm də ümumiyyətlə gənclərimiz azdır...

- Yeri gəlmişkən, partiyanın bir neçə gənc üzvünün partiya siyahısından kənar namizəd olacağı bildirilir. KXCP nədən həmin gəncləri dəstəkləmir?

- Mənim bu sualla bağlı bilgim azdır. Bəlkə də kimsə var, partiya siyahısından kənar seçkiyə getmək istəyən gənclər var. Mən ilk dəfədir sizdən eşidirəm.

- Məsələn, ölkədə gənclərdən ibarət yaradılan “Ağ Blok”a qoşulan KXCP üzvləri var, siyahının artacağı da bildirilir. Bu blok partiya siyahısından kənar seçkiyə qatılacaq gəncləri birləşdirir. KXCP partiya onlarla bağlı hansı tədbir görəcək? 

- Bu məsələni öyrənib sizə cavab verərəm. Bu sual mənim üçün yenidir. 

- Tamam, bəs partiya siyahısından kənar namizədliyini verən gəncləri tapsanız, onları hansı aqibət gözləyir? Partiya onlarla bağlı hansı tədbirlər görə bilər? Onlar partiyadan çıxarılacaqmı?

- Mən inanmıram ki, KXCP-dən kimsə siyahıdan kənarda namizədliyini versin. Yəni inanmıram KXCP siyahısından kənar seçkiyə gedən gəncimiz olsun. Amma istisnalar ola bilər. Ona görə bu sual icazənizlə qalsın cavabsız. 

- Qala bilər. Digər partiyalar onlara asi çıxan gənclərə qarşı aqressiya nümayiş etdirir. Sizdə necədir vəziyyət?

- Biz sona qədər, həmişə səbrlə hər şeyin təbii axarında getməsinin tərəfdarıyıq. Cəzalandırmaq, repressiv addımlar atmaq, qərarlarla qadağan edilmə məsələsindən uzağıq. Bunu bizimlə bir yerdə olan gəncimiz də, yaşlımız da, hər kəs bilir. Xarakterimiz budur.

- Sizin həm də qarşıdan gələn parlament seçkilərində iştirak etmək haqda qərarınız var. Seçkilər saxtalaşdırılacağı təqdirdə, həmkarlarınız parlamentə buraxılmasalar, ancaq bir neçə nəfərə, yaxud da təkcə sizə mane olmayıb parlamentə buraxsalar, saxta parlamentdə təmsil olunacaqsınız, yoxsa yenə də mandatdan imtina edəcəksiniz?

- İndiyə qədər atdığımız addımları davam etdirəcəyik. Biri bu idi ki, 2000-ci il parlament seçkilərində mandatdan imtina etmişik, hamı bizi meydanda tək qoyub və sair. Bunlar hamısı olub. 2005-ci il parlament seçkiləri, 2006-cı il təkrar parlament seçkiləri olub, iştirak etmişik, haqqımızı yeyiblər. Üz tutmuşuq məhkəmələrə, məhkəmələr də haqqımızı tanımayıb. Sonra Avropa İnsan Haqqları Məhkəməsinə üz tutmuşuq və sair. orada da Azərbaycan hökumətini cərimələtdirmişik, pulumuzu da almışıq.

- Bu dəfə də seçkiyə qatılmaqda məqsəd sonda hökuməti cərimələtdirməkdir?

- Burada məsələ belədir. Ardıcıllıqla işimizi quracağıq. Çalışacağıq ki, seçkiöncəsi demokratik şərait yaradılsın. Seçki Məcəlləsi təkmilləşdirilsin. Seçki komissiyalarının üzvləri dəyişdirilsin. Hansı mərhələdə nə bacarırıqsa, çalışacağıq, edəcəyik. Bu dəfə biz rıçaqımız da, silahımız da var. O da Azərbaycan hökuməti ilə danışıqlarda iştirak etməkdir, onların bütün etdiklərinə az qala şərik olmaqdır. 

- Sonuncu iqtidar-müxalifət dialoqunda hakimiyyət tərəfi dedi ki, seçki məsələsini müxalifətlə müzakirəyə lüzum görmür. Yəni danışıq olmayacaq...

- Əvvəl dedilər. Nə olsun ki? Çox şey deyirlər. Biz deyirik, etmirlər, təkrar deyirik, illər sonra məcbur qalırlar, bizim dediklərimizi gec-tez edirlər. Bunlar olub. Qurultayda da açıqlamalarımızda bunu deyəcəyik. İndi məsələ nədir. Bizim dediklərimiz olmadığı təqdirdə, hər halda nə bacarırıqsa, onu edəcəyik. Amma heç bir halda boykotu, imtinanı təkrar tətbiq etməyəcəyik. Düzdür, buna opponentlik edən insanlar var, az qala intihar həddinə çatıblar, sinələrini cırırlar, üzlərinə əl atırlar, özlərinə əl qatırlar. Deyirlər ki, filankəs and içib mütləq gedəcəyəm, təki mənə mandat verin-filan. Bu cür yazırlar, bizi lağa qoyurlar, öz aləmlərində bizə rişğənd edirlər. Bütün bunlara baxmayaraq, nəyi doğru hesab ediriksə, nəyi millətimiz, dövlətimiz üçün döğru və uğurlu hesab ediriksə, onu da edəcəyik. Biz hesab edirik ki, adam özü öz nümunəsini təkrarlamaz. Kim istəyirsə, mənim nümunəmi təkrarlasın...

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti