Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Dağlıq Qarabağ probleminə də toxunub. Dövlət başçısı deyib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək.

Bölgənin gələcək statusu barədə sualı cavablandıran prezident deyib: “Yerli idarəetmə məsələləri üzrə kompromis mümkündür. Əgər biz razılığa gələ bilsək, Dağlıq Qarabağ gələcəkdə muxtar respublika statusu ala bilər”.

1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ erməniləri vilayəti Ermənistana birləşdirmək tələbi ilə separatçı hərəkata, işğalçı müharibəyə başlayıb.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Həmin il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub.

Hazırda Dağlıq Qarabağ bölgəsi işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli), Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini zəbt edib.

1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
novator.az