Sudeyif Sadiqli      

KXCP Nizami rayon                              

şöbəsinin sədri.       

Referendum

26 Sentyabrda keçiriləcək Referendumda təklif olunan dəyişiklərlə tanış olduqda aydın olur ki, bu Referendumun əsas məqsədi bir tərəfdən Əliyevlər hakimiyyətinin ömrünü uzatmaq, digər tərəfdən isə ölkədə Vətəndaş Cəmiyyətinin müqavimətini zəiflətməkdir.

Mitinqlər

Milli Şuranın 11 və 17 Sentyabr, Müsavat Partiyasının 18 Sentyabrda keçirdiyi Antireferendum mitinqləri dəryada damla idi. Müsavat Partiyasının birgə mitinqə razılığına rəğmən, MŞ-nın 24 Sentyabr mitinqindən imtina qərarı MŞ rəhbərliyinin bu qərarda söz sahibi olmadığını göstərdi. MŞ rəhbərlərinin müxtəlif vaxtlarda sonuncu mitinq haqqında fikirlərinin üst-üstə düşməməsi bu fikri daha da möhkəmləndirdi.

İqtidarın Rusiya sevgisi

Xeyli vaxtdır ki, Azərbaycan iqtidarındakı məmurlar Rusiyaya xidmətlərinə görə ucdantutma Rusiya orden və medalları ilə təltif olunurlar. Özü də bu təltiflər məmurlarımızın sinəsinə yağ kimi yayılır. Bəziləri bəlkə də öz orden və medallarımızı belə məmnunluqla qəbul etmirlər.

Rusiyanın yeni işğal siyasəti

Azərbaycanı yenidən işğal etmək Rusiyanın strateji planıdır. Bunun ücün Rusiya  bir tərəfdən burada  mövqelərini möhkəmlədir, o biri tərəfdən bizi Avrasiya İttifaqına üzv etmək, digər tərəfdən isə Qarabağı qaytarmaq adı ilə Azərbaycanı işğal etmək istəyir.

Azərbaycanda rus məktəblərinin yağışdan sonra göbələk kimi artması, Rusiya Universitetlərinin filiallarının açılması, rus dilinin az qala ikinci Dövlət dili səviyyəsinə qaldırılması, rus məmurların Moskva-Bakı arasını su yoluna döndərməsi, məmurlarımızın Rusiya orden və medalları ilə təltif olunması və bu zaman təltif olunanların sıyılması elə  işğalın tərkib hissəsidir. Daha işğalın buynuzu olmur ki. Amma Azərbaycanı heç bir atasından xəbərsiz kimsə işğal edə bilməz.

Putinin asqırmağı

Ölkəni idarə edənlər Putindən elə qorxurlar ki, bir dostumuzun dediyi kimi “O orda asqıran kimi bunları burda üşütmə tutur, zökəm olurlar”. Axı bu Millət bunlara nə vaxta qədər əriştə kəsməlidir ki, bunlar sağalsınlar?

Lazıma möhtac Qarabağ ...

Amerika və Fransa ATƏT-in Minsk qrupunu sanki boykot ediblər. Fəaliyyətləri görünmür. Rusiya təşəbbüsü alıb ələ. Həftə səkkiz mən doqquz Putin Azərbaycan və Ermənistan prezidentlərini hüzuruna çağırır, söhbətləşirlər. Sonra bəyan edilir ki, tərəflər güzəştə getməlidirlər. Putinin qorxusundan bizimkilər soruşmurlar ki, Ermənistan işğal edib oturub torpaqlarımızda biz daha nəyi və niyə güzəştə getməliyik? Torpaqlarımızdan çıxsınlar. Hələ Azərbaycana dəyən maddi və mənəvi ziyandan söhbət getmir. Böyük başlarımızın dişsizliyindən məsələ gəlib elə yerdə düyünlənib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyir ki,“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur”. Bəs onda ərazilərin qalan hissəsi nəyin müqabilində qaytarılacaq? Qaytarılacaqmı? Bəlkə də qaytardılar ...

Müharibə

Düzdür, torpaqlarımızı müharibə yolu ilə qaytarmalıyıq. Qaytaracağıq da. Onu Azərbaycan əsgəri qaytaracaq. İnşallah. Ordumuzun rəhbərliyi təmizlənsə, digər çatışmamazlıqlar sıfırlansa, onda Lazım da gələcək.

Xalqın durumu

Ölkədə korrupsiya. rüşvətxorluq, qanunsuzluq baş alıb gedir. Demək olar ki, heç bir sahə normal fəaliyyət göstərmir. Təhsil və səhiyyə bərbad vəziyyətdə. İşsizlik baş alıb gedir. Əhalinin maddi durumu acınacaqlıdır. Qiymətlər artır. Manatı buraxdılar üzməyə, o da üzmək bacarmırmış. Üçüncü inflyasiya gözlənilir. Sosial müdafiə yox dərəcəsindədir. Bir sözlə xalqı ağlar günə qoyublar. Xalq da yəqin ki, öz gününə ağlayacaq.

Elçibəyin öncəgörməsi

Ağıllı iqtidarlar xalqın qayğısına qalır, onu ayaqda saxlayır ki, bəd ayaqda xarici təzyiqlər güclənəndə xalqa arxalansın. Bu təzyiqləri xalqın dəstəyi ilə dəf edə bilsin. Bizdə isə iqtidar xalqa düşmən kəsilib. İqtidar özünü nə qədər ağıllı, uzaqgörən saysa da sabah bu aşağılamalara xalqın nə ilə cavab verəcəyini bu gün deyə bilməz. Bəd ayaqda bunların arxasında nə müxalifət, nə də xalq duracaq. Bunlar o haqqı itiriblər. Yazıq və arxasız iqtidar ...

Bu yerdə Elçibəyin bu iqtidarın sonu haqqında fikirləri yada düşür. BƏY deyirdi ki, “Vaxt gələcək biz  bunları xalqın əlindən ala bilməyəcəyik”.

Bu günə qədər Elçibəyin zamanı çatan bütün öncəgörmələri doğru çıxıb. Yenə doğru çixacaq. Bəs  hökumət bir yana çıxacaqmı?!

Ruhun şad olsun BƏY! Amin!

 

Bölməyə aid digər xəbərlər

Xəbər lenti