Elşən İsmayl

Qaranlıq bir küçə ilə sürətlə irəliləyən, başında klassik qara şlyapa, əynində tünd boz rəngli uzun plaş olan naməlum hündür boy kişi bir neçə döngəni ötüb keçdikdən sonra beşmərtəbəli binanın qarşısına gəldi. Ehtiyatla başını qaldırıb binaya doğru baxdı. Gözlərinə gecə eynəyi taxan bu gizəmli adam 4-cü mərtəbənin sağ küncündəki evin pəncərəsini bir müddət izlədi. Gecə yarısı olmasına baxmayaraq otağı işıqları hələ də yanırdı. Bir müddət sonra pəncərədə bir kölgə göründü və elə o an aşağıdakı şlyapalı adam cəld özünü binanın dəhlizinə vurdu. Çöldən kölgəsi görünən kəs Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşı mayor Toğrul Qəribov, dəhlizə girən naməlum şlyapalı isə peşəkar muzdlu qatil, “Snayper” ləqəbli Malik Tələtov idi.

Mayor Qəribov şəhərdə vicdanı, məsuliyyəti və sadəliyi ilə seçilən nadir polislərdən idi. Ən qatı cinayətkara qarşı belə vicdanla, səbirlə yanaşır, bütün axtarış, dindirmə əməliyyatlarında dəqiq və intizamlı iş sərgiləyir, vəzifəsindən asılı olmayaraq hər kəsə qarşı eyni - olduqca səmimi, sadə münasibət bəsləyirdi. Düzdür çox da tanınmış biri olmasa da o artıq adını ölkənin ən qatı cinayətkarları, ən güclü narkobaronlarının “qara dəftərinə” sala bilmişdi. Dəfələrlə ona ciddi və məsuliyyətli polis olduğu üçün bəzi iş yoldaşları və bir sıra cinayətkarlar tərəfindən böhtan atılmış, işini, həyatını təhlükəli vəziyyətlərə salmağa çalışmışdılar. Çünki Mayor Qəribov xüsusi taktikası və səmimiliyi sayəsində karyerasında keçən hər gün irəliləyir, uğuru uğura calayırdı. Bu da bəzi “polislərin” qısqanclığına və mafiyozların qəzəbinə səbəb olurdu. Sırf ona görə idi ki ona 7 dəfə sui-qəsd etmiş, amma onu öldürməyi bacara bilməmişdilər. Mayor Qəribov bütün əngəlləri həssaslıqla aşır, düşmənlərinin bütün tələlərindən məharətlə qurtulur, əvəzində isə onlara qarşı güclü planlar quraraq əks-hücuma keçir, qısa müddətdə onları məhv edirdi...

“Snayper” ləqəbli Malik Tələtov isə uşaqlıqdan imkanlı ailəsində böyümüş, güclü qumarbazlarla masalarda oturmuş, həddi-buluğa çatanda isə “mafiya babası” olan atasının bütün şirkətlərində, kirli “pul fabriklərində” söz haqqı qazanmışdı. Muzdlu qatil olmasının isə səbəbi tamam başqa idi. Onun digər qəddar qatillər kimi nə səfil uşaqlığı, nə acımasız həyatı olmamışdı. O, sadəcə buna bir növ öyrəşmişdi. Narkotik aludəçisi olan Malik bir dəfə, növbəti “alver” zamanı içlərindən birinin onları polisə satması nəticəsində baş verən qarşıdurmada atasını itirmiş, ani yaranan dərin kədərdən təsirlənərək bütün həmkarlarını bir neçə gün içində doğramışdı. Bir müddət sonra isə o, müntəzəm olaraq adam öldürməyə və buna görə pul almağa başladı. Və bir neçə il bu işlə məşğul olandan sonra bu işə öyrəşdi, öz sahəsində peşəkarlaşdı, bu sahədən digərlərinə görə daha asan və daha çox pul qazanacağını təxmin etdikdə isə “aləmdə” peşəkar muzdlu qatil kimi tanınmağa başladı. Snayper ləqəbini ona işində hər zaman dəqiq və səbirli olduğu üçün narkobaronlardan biri vermişdi...

Həyat yoldaşını bir avtomobil qəzasında itirən mayor, işinin təhlükəsi və son dönəmin çətin həyat tərzini nəzərə alaraq yeganə övladı olan qızını qonşu Türkiyədə təhsil almağa göndərmiş, təhsilini bitirdikdən sonra isə qalıb orada işləməsi barəsində onu razı salmışdı. Düzdür, hər ikisi üçün bu çətin olsa da həyat yoldaşının bir sui-qəsdə qurban getdiyini düşünərək sanki bu yolla qızının həyatını xilas etmək istəmişdi, qayğıkeş ata. Sırf buna görə də həyat yoldaşından sonra evlənməmiş, kimsəylə uzunmüddətli münasibət qurmamışdı. Məs bunun nəticəsi idi ki o, indi yalnız yaşayırdı...

Yorğun iş günündən sonra işıqları söndürüb yatmağa hazırlaşan mayor Toğrul Qəribov bir anlığa sanki nəsə hiss etmişdi. Yataq otağının qapısı arxasına gizlənib tapançasını əlində hazır tutmuşdu. Məlum şəxsin qapıdan gələcəyini düşünsə də o yanılmışdı. Və artıq hər şey gec idi.

Peşəkar qatil Snayper hər şeyi dəqiqliklə hesablamış, mayorun yaşadığı yer haqqında bütün məlumatları bir həftə öncədən öyrənmiş və düz onun evinin üstündə - binanın yuxarı mərtəbəsində yalnız yaşayan, yaşlı, kar, gözləri zəif olan Lyudmila xanımın evinə qapını “xüsusi cihazla” açaraq girdi. Yatağında yatmaqda olan qoca qarını acımadan, soyuqqanlılıqla balıncla boğan Malik, pəncərədən polisin yataq otağına kəndirlə enərək, arxadan kəsiciliyilə seçilən və tiyəsinə xüsusi zəhərli maddə “CN” vurulmuş iri, süngü-bıçaqla ona hücum etdi. Peşəkar polis isə çaşqınlığıyla birlikdə qanına bələndi. Çünki Snayper hər şeyi ən xırda detalına kimi hesabladığı üçün qarının evinə girəndən, qarını öldürəndən sonra yaddaşına “qapı açar səsi” yüklədiyi telefonunu mayorun evinin qapısının önünə atmışdı. Elə bu da sərrast atıcı olan Toğrulu çaşdırdı, çaşdırdığı kimi də ölümə düçar elədi...

Üç ay sonra Malik müştərisindən Türkiyəyə getməsi və mayor Qəribovun orada yaşayan qızını da öldürməsi sifarişini aldı. Çox düşünmədən təklifi qəbul elədi və qısa müddətdə Türkiyəyə getdi. Amma heç nə onun planlaşdırdığı kimi olmadı...

Ömründə heç vaxt əsil sevgini, zərif insan hislərini duymayan, saf eşqi dadmayan qatil, deyəsən bu dəfə “yaman yerdə axşamlamışdı.” Odlu-alovlu ehtirasla dolu “eşq xəncəri” Malikin ürəyinə acımasızca saplanmışdı. Heç vaxt insanlara acımayan, vicdan deyilən məfhumdan daima uzaq olan Snayper bu dəfə birdən-birə dəyişmiş, sanki bu zamana qədər soyuq daş kimi daşıdığı qəlbi isinmiş, ərimiş və sadə insanın stressli ürəyinə dönmüşdü. Heç vaxt bəsit insanların həyat tərzini arzulamayan, onlara daima “yuxarıdan aşağı” baxan qatil bu dəfə onlar kimi saf hislərə, səmimi düşüncələrə qərq olmuşdu. Amma elə bu duyğular da onun sonunu gətirdi...

Mərhum polisin gənc qızı Arzu ilə o, bir sərgidə rastlaşdı. Qurbanını öncədən izləyərək, uzun müddət müşahidələr apararaq dərin planlar qurmağa vərdiş etmiş Malik, Arzunu görən ilk andan sinəsinin sol tərəfində yaranan sancı ilə birlikdə ona vurulmağa, səbirsiz və qeyri-dəqiq addımlar atmağa başladı. Özü də anlamırdı bu nə hiss idi. Amma qarşıda onu böyük çətinliklərin gözlədiyini yəqin etmişdi. Cəmi üç gün izləmə-müşahidə əməliyyatını həyata keçirən qatil, içində anidən yaranan ehtiras dolu qəribə hislərlə qarşı-qarşıya qalaraq çıxılmaz vəziyyətə düşmüşdü. Və yaxşı anlamışdı ki artıq geri dönüş yoxdur. Hər nə olsa da yalnız irəli getməli, bütün bədənini, eləcə də ruhunu ələ keçirən bu dərin anlaşılmazlıqla birlikdə hərəkət etməli, bacarıb işini bu halda da yerinə yetirməli idi. Amma tarixdə dəfələrlə meydana çıxmış və qurbanlarını acımasız qatildən daha qəddarcasına ovlayan eşq ona işini nəinki bitirməyə mane oldu, ümumiyyətlə onu bu zamana qədərki bütün düşüncələrindən uzaqlaşdırdı.

Bir neçə həftə birlikdə tanış, dost, daha sonra yaxın dost kimi vaxt keçirən Arzuyla Malik yavaş-yavaş eşqin sərrast oxlarına tuş gəlir, getdikcə daralan çənbərində boğulurdular. Qısa zamanda hər ikisi bu ülvi hislərə, səmimi insan arzularına, dərin məhəbbət duyğularına təslim oldular. Məs buna görə Malik axır ki ona tapşırılan işi bacarmayacağını anladı və özünü, bir ay içində bütün varlığıyla sevdiyi Arzunu qorumaq üçün tədbirlər görməyə başladı.

Öncə onu izləməyə gələn bütün həmkarlarını gizlicə öldürdü, sifarişçiləri məhv etdi. Kirli keçmişinin daşını birdəfəlik atmağa qərar verdi. Qatil Malikdən, Snayperdən uzaqlaşdı. Artıq o, sadəcə Malik Tələtov idi.

Özünə sadə həyat tərzi quraraq texniki işlərlə məşğul olmağa qərar verdi. Arzuyla qısa müddətdə nişanlandı və evlilik yolunda irəlilədi. Bəlkə də həyatında ilk dəfə həqiqi xoşbəxtliyin nə demək olduğunu anladı. Bu vaxta qədər xor görüb aşağıladığı sadə insanların həyatının əslində necə də gözəl olduğunu hiss etdi.

Amma zalım fələk onun kirli keçmişindən də zalım idi. Tanrı sanki bu çarəsiz bəndəsindən bir anlığa üz çevirdi. Hamıdan fərqli olaraq onun tövbəsini qəbul etmədi. Cəhənnəm əzabını axirətə saxlamadı, bu dünyada cəzasını verdi...

Arzu bir gün bədənində anidən başlayan sancılara görə həkimə getdi. Aldığı xəbər isə bütün dünya qadınlarını yeganə əvəzsiz xoşbəxtliyə çatdıran, qadınlıqdan analığa keçirən bir mərhələnin başlanğıcını müjdələyirdi. Bəli, o Malikdən uşağa qalmışdı. Bir neçə həftəlik hamiləydi. Həkim hətta qısa vaxtda uşağın cinsini öyrənməyin mümkünlüyünü də söyləmişdi. İndi Arzunun bütün arzuları bir anlığına yerini analığa vermişdi. Ana olmaq, ilahi, necə də gözəl hisdir, necə də möhtəşəm duyğudur. Ata olmaq da onun qədər ali mərtəbədir. Və Arzu düşündü ki onun qədər Malikin də buna haqqı var. Həmən bütün diqqətini Malikə bu gözəl xəbəri necə vermək haqqında düşünməyə cəmləşdirdi.

Arzu evə gələndə Malik hamamda yuyunurdu və suyun səsindən onun gəlişini, ayaqlarının addımlarını duymamışdı. Yuyunaraq elə hey Arzunu, onunla xoşbəxt gələcəyini düşünən Malik qəfildən qarşısında qəzəblə peyda olan və əlində böyük mətbəx bıçağı tutan yoldaşını görcək karıxdı, səndələdi. Başı kafelin tininə dəyərək partladı. Və dərin ağrıyla birlikdə gözündə qaralma hiss etdi. Arzu isə bıçağı yerə ataraq ağlamağa başladı. Getdikcə qan itirən və nəfəs almaqda çətinlik çətən Malik artıq hər şeyi anlamışdı.

Arzu evə çatan anda yaxınlıqdaki kafelərin birinin pəncərəsindən televizorda gedən bir xəbər diqqətini çəkmişdi və eşitdiklərindən dəhşətə gəlmişdi. Uzun zamandır birlikdə olduğu, dəlicəsinə sevdiyi, ona ana olmaq xoşbəxtliyi bəxş edən insan sən demə illərdir axtarılan qəddar, acımasız, qana susamış bir qatil imiş. Hələ bu da hamısı deyil, bu əclaf onun sevimli, həyatının ən dəyərli insanının canına qıymışdı, atasını öldürmüşdü.

Bütün bu ağlasığmaz, dəhşətli düşüncələrlə birlikdə Arzu artıq qəddar bir sifət alaraq gözləriylə sanki can verməkdə olan Malikdən hesab sormaq istəyirdi. Maliksə yavaş-yavaş ruhunun bədənindən çıxdığını, Arzunun ona söyləmək istədiyi xəbəri, bu zaman qədər etdiyi vəhşiliklərin cəzasını və vicdanını yeyib-dağıdan peşmanlıq duyğusunu son dəfə xatırladı və Arzuya son arzusunu pıçıldadı:

Qızımız olsa, adını Selcan qoyarsan. Eşitdim burda yaman dəbdədir. Həm də xalis Türk adıdır.

Beləcə o, bir neçə saniyə içində gözlərini əbədi olaraq yumdu...

 

Bölməyə aid digər xəbərlər

Xəbər lenti