Elşən İsmayıl

Sərin bir yaz gecəsiydi. Tiber çayının sahilində Vatikanın möhtəşəm görüntüsü batmaqda olan günəşin qızılı şüaları altında daha da əsrarəngiz hal almışdı. Papa bir neçə şəxsi mühafizəçisiylə öz şəxsi qondolunda (qayıq tipi) kiçik gəzintiyə çıxmışdı. Elə bu vaxt sahildən onlara doğru baxan bir siyah əlbisəli adam Papanın diqqətini çəkdi. Uzaqdan dəqiq seçə bilməsə də o adamın qara kapşon geydiyini, başında klassik italyan şlyapasının olduğu və əlində kiçik bir durbin olduğunu görmüşdü Papa. Həmən bir mühafizəçisini yanına çağırıb o adamı göstərmək istədi. Amma bir neçə saniyəlik sahildən nəzərini çəkən kimi o gizəmli adamın yox olduğunun fərqinə vardı və özündən asılı olmayaraq əsəbiləşdi.  Son zamanlar yaşlılığın ona gətirdiyi bu əsəb çox mənasız vaxtlarda, olduqca sadə mövzularda özünü büruzə verirdi. Amma hər halda Papa o adamın niyə məhz onu durbinlə izlədiyini və onun kimliyini məmnuniyyətlə öyrənmək istəyirdi. Elə ona görə də səbirsiz halda öz adamlarına sahilə yan almağı əmr etdi və bir an öncə o adamın axtarışı üçün gərəkən bütün təlimatları verdi. Bir saatdan sonra Papa öz iqamətgahında, öz qızılı rəngdə əşyalarla dekora edilmiş otağında İncil oxumaqla məşğulkən içəri onun təhlükəsizlik üzrə baş köməkçisi girdi və özünə xas asil italyan salamını verərək sözə başladı:

Papa Həzrətləri, tapşırdığınız kimi bütün Tiber çayının sahillərini ələk-vələk eləmişik, axtarışımızın daha keyfiyyətli nəticəsi olması üçün Roma rəhbərliyilə əməkdaşlıq edirik. Vatikanın bilinən bütün ümumi, xüsusi məkanlarına baxırıq. Amma ...

Nə amma, buraya mənə bacarıqsızlığını nümayiş etdirmək üçün gəlmisənsə daha bəsdir, yetər, çıx çölə. İcazə ver, “Tanrının kitabını” oxumağa davam edim. – deyə köməkçisinin sözünü kəsərək qəzəblə fınxırdı qoca Papa.

Köməkçi dərhal çölə çıxdı. Papa arxasınca aşağılayıcı baxışlarıyla bir müddət baxdı, sonra mütaliəsinə davam etdi. Elə bu an, otağın Tiber çayı istiqamətindəki böyük pəncərəsi açıldı. Və içəri doğru külək əsməyə başladı. Sanki içəri dərin bir vahimə çökdü. Böyük bir sükut içində Papa udqunaraq kitabı dərhal qapadı və kənara qoyaraq taxtından endi, pəncərəni qapamaq üçün yaxınlaşdı. Amma o andaca pəncərənin yanındaki böyük, qızılı, qatbaqat pərdənin arxasından hündür, enlikürək, üzündə maska olan, başdan aşağı siyah əlbisəli bir adam peyda oldu və Papanın üzərinə yeridi. Papa qorxudan geri-geri gedərək səndələdi və arxası üstə yerə yıxıldı. Bağırmaq, köməyə adam çağırmaq istəsə də sanki nəsə ona mane oldu. Bir anlığa səsi tutuldu, gözləri qaraldı. Arxasını çevirmək istərkən boğazına dolanmış ensiz ipi hiss etdi və bu onun son duyğusu oldu. Bir neçə saniyə içində maskalı adam onu boğdu. Öldüyünə əmin olmaq üçün dəfələrlə nəbzini yoxladı, sonra kiçik səslə gülərək pəncərədən qaranlığa qərq oldu.  Bir neçə dəqiqə sonra bütün xidmətçilər, bir neçə saat sonra isə bütün Vatikan, Roma, sonra internet və televiziya vasitəsiylə bütün dünya Papanın öldüyü haqda fəryad edirdi...

Qaranlıq Roma küçələrindən birində siyah əlbisəli adam göründü. O səssiz, heç nə olmamış kimi küçələri yeriyərək ötür, bir neçə döngədən bir durur, ehtiyat üçün ətrafına baxırdı. Gecənin bu zülmət qaranlığında onu kimsə görə bilməzdi, amma hər ehtimala qarşı adam diqqət çəkməmək üçün bayaqki maskasını çıxarmışdı, görən olarsa şübhələnməsin deyə. Düzdür canında bir azca üşütmə, bir azca qorxu olsa da özünü olduqca xoşbəxt hiss edirdi. Yanaqlarından, tünd qırmızı dodağından əskik olmayan gülüşlər onu inanılmaz dərəcədə qorxunc və bir o qədər də xarizmatik göstərirdi.

Bir müddət getdikdən sonra tam qarşısında, haradasa on metrlik bir məsafədə əcaib sifət quruluşlu, qulaqları nisbətən uzun, gözləri qaranlıqda fosfor kimi ağaran, dişləri görənləri qorxudan infarkt keçirən, siyah fraq (kostyum) geymiş bir hündürboy ortayaşlı kişi onu istər-istəməz qorxutdu. Yanından keçib getmək, fikir verməmək istəsə də əcaib varlıq olduqca vahiməli səs tonuyla onu durdurdu:

Hara belə tələsirsən? – pis-pis gülməyə başladı.

Sənə nə, sən kimsən? İzn ver gedim. – çəkinərək bir tərəfə qısıldı.

Bir az əvvəl dünyanın bir nömrəli adamını – Papanı öldürmüş adam kimi deyilsən. Bu qorxu səndə haradan?

Məgər qatillər qorxmur? – getməyə fürsət axtardı.

Qorxur. Amma sənin kimi yox. Sən sanki etdiyinə peşman olmusan. – düz onun  qarşısında dayanaraq gözlərinin içinə baxdı.

Əsla. O Papa əclafı ölümü çoxdan qazanmışdı. – qəzəblə baxdı.

Aydındır. Nə də olmasa sən insansan. Bu qədər qorxu, bu qədər emosiya anlaşılandır. – pis-pis gülməyə davam etdi.

Sən məgər insan deyilsən? – çəkindi.

Xeyir. – dərindən qəhqəhə çəkdi və davam etdi – mən İblisəm. Sənin neçə vaxtı qoruyucu mələyin. – gülməyə davam etdi.

Ola bilməz. – qorxdu və dala çəkildi. – Sənə inanmıram.

O zaman diqqətlə izlə! - bir neçə saniyə içində göyə uçdu və geri döndü.

Məndən nə istəyirsən? – qorxudan tərləmişdi.

Heç nə. Sadəcə bundan sonra səninlə daha açıq şəkildə əməkdaşlıq etmək istəyirəm.

Bəs mən razılaşmasam. – çarəsizcə baxdı. – axı haradan bilirsən mən sən istəyən adamam? Mən ki ...

Bunu mənə bir keşiş, bir yepiskop, bir molla, bir haham, bir şeyx öldürmüş adam deyir? – sözünü kəsərək davam etdi və yüksək səslə güldü.

Axı sənə nə lazımdı? - əsəbiləşdi.

Sənin bu qəzəbin, ehtirasın, insanlığa və Tanrıya qarşı nifrətin.

Tanrını bu işə qarışdırma! Mən sadəcə insanlar arasında ədaləti bərpa etmək niyyətindəyəm, vəssalam.

Bu ədaləti nədənsə Tanrının sadiq xidmətçilərini öldürərək bərpa etməyə çalışırsan. – kinayəli şəkildə dərindən güldü.

Onlar Tanrının sadiq xidmətçiləri deyildilər. Onlar sadəcə Tanrı adından sui-istifadə edən, özlərinə mövqe qazanmağa çalışan əclaf, nadan, vicdansız din xadimləri idilər. Hansılar ki dünyadaki bütün yoluxucu xəstəlikləri yayan, dəhşətli müharibələri başladan, idarə edən, insanlığa hər hərəkətiylə qənim kəsilən ikiüzlü, saxtakar varlıqlar – multi milyarderlər idi. Və onları öldürməklə mən milyonlarla günahsız insanı xilas etdim. – özündə güc tapdı və yerimək istədi.

Necə də olmasa mənə həmişə ehtiyacın olacaq. Mənə, mənim əsrarəngiz gücümə. Səndən qeyri adi heç nə tələb olunmur, sadəcə öz işini, haqq mübarizəni davam et. Sən mənim yer üzündəki kölgəm olacaqsan. – vahiməli tərzdə güldü.

İstəmirəm. Sən məndən sonra Tanrıya qarşı çıxmağımı da istəyəcəksən. – yerindən tərpəndi.

Dur! Əsla elə şey olmayacaq. Sən onsuz da öz ədalətini yaymaqla Tanrının sistemini pozursan. Yəni təbii olaraq bu proses baş verir. Və sən Tanrıya qarşı çıxırsan. – onu durdurdu və yüksək səslə güldü.

Qaranlıqdan gələn adam qəfildən ayılmış kimi oldu və İblisin bu sözü onu çox düşündürdü. Dərhal o biri dünya, qiyamət və s. haqda fikirləşdi, amma sonra bu işə necə başladığını xatırladı...

O, uşaq vaxtı, 3 yaşında bir qəzada ata-anasını itirdi. Sonra uzun və sıxıcı yetimxana illəri başladı. Ona görə yox ki onun bacı-qardaşı yoxdu, ona görə yox ki onun heç dostu yoxdu, onu heç kim doğru-dürüst anlamırdı, ona görə ki, 6 yaşından daima baxıcıların əziyyətinə, təhqirinə məruz qalmışdı. Hələ bu harasıydı ki, 8 yaşındaykən ona bir yaşlı baxıcısı təcavüz elədi. Onun bədənindən öz əyləncəsi, öz keyfi üçün istifadə elədi. Onu alçaltdı, sonda onu murdar əski kimi kənara atdı. Bax onda itirdi hər şeyini. Mərhəmətini, sevgisini...

Əziyyətə dözməyib o baxıcını öldürdü. Yetimxanadan qaçdı. Sonra iyirmi il çöl həyatı yaşadı. Oğruluq etdi, adam öldürdü. Amma heç vaxt məzluma qıymadı. Ancaq zalımlara dünyanı dar etdi. Onlara qarşı bir qram da acıma hissi qalmamışdı artıq. Bu zamana qədər öldürdüyü insanların sayını, kimliyini unudan bu Tanrının unutduğu bəndəsi indi azacıq da olsa İblisin dediklərinə haqq qazandırdı içində. Amma içindəki Tanrı sevgisi ona yolunu azmağa imkan vermədi. İblislə razılaşmadı. Amma cəmiyyət, onu sonralar tanıyan, haqqında eşidən insanlar daima onu suçladı. Ardınca lənətlər oxudu. Anlamadan, dinləmədən onu mühakimə etdi. Adına da “Qaranlıqdan gələn adam” və ya “İblisin kölgəsi” dedilər...

Xəbər lenti