Zərqələm Quliyevanın atası Gündüz Quliyev 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olub. 2014-cü ilin avqustundakı 4 günlük müharibədə - Ağdamda gedən döyüşlərdə isə Zərqələm xanımın həyat yoldaşı Sənan Quliyev vətən uğrunda şəhid olub.

İndi Z.Quliyevanın bu həyatda anasından və iki qızından savayı kimsəsi yoxdur. Zərqələm Quliyeva şəhid Sənan Quliyevin iki yadigarını, qız övladlarını təkbaşına böyüdür. Ramana qəsəbəsində, köhnə neft zavodunun binası yaxınlığında, taxtadan tikilmiş kiçik daxmada yaşayan şəhid ailəsinin həyat şəraiti çox acınacaqlıdır. Yayın istisindən çətinliklə çıxan ailəni indi qışın şaxtası gözləyir. Havalar soyuyanda, yağış yağanda bu daxmada ailənin vəziyyəti daha da çətinləşir. Hökumət tərəfindən ailəyə iki şəhidə görə aylıq müavinət ayrılsa da, onların mənzil problemi həll olunmayıb.

2 il öncə şəhid olan atasının ölümündən sonra dünyaya gələn 2 yaşlı Nişanənin və 5 yaşlı Sevincin rahat yatması, oynaması üçün evdə şərait yoxdur. Uşaqlar günlərini ensiz və havasız otaqda keçirirlər. Otaqların pəncərələrinin olmaması uşaqların səhhətinə pis təsir göstərir. Anasının da dediyinə görə, ilin bütün fəsillərində uşaqlar xəstələnirlər.
Vətən uğrunda iki şəhid verib, iki uşağı ilə tək qalan Zərqələm Quliyeva ərinin həyatından, ölümündən danışır: "Sənan 2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra evə qayıtdı. 2014-cü ilin avqust döyüşlərində isə ehtiyatda olan hərbçi kimi yenidən xidmətə çağırıldı. Azyaşlı uşağının olmasına baxmayaraq, o, getməyə qərar verdi. Xahiş etdik, yalvardıq ki, getməsin. Ancaq israrlı idi. Deyirdi ki, vətənin dar günündə gərək cəbhədə olum. 2014-ün avqustu hamının yadındadır; müharibə başlamışdı. Həmin vaxtlar qızğın döyüşlər gedirdi. Sənan cəbhə xəttində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət göstərirdi. Avqust ayının 1-dən 2-nə keçən gecə ölüm xəbərini aldıq... (ağlayır) Onun qara xəbərini eşidəndə inanmadıq. Bir gün öncə telefonla danışmışdıq, demişdi ki, hər şey yaxşıdır. Səhəri gün vurulduğunu eşidəndə inanmaq çətin gəldi"...

Zərqələm Quliyeva həyat yoldaşının şəhidlik mərtəbəsinə yüksəlməsi ilə fəxr etdiyini dedi: "Ailəmizin həyatında bu, ikinci şəhid oldu. Atam Gündüz Quliyev də Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuşdu. Anamın və mənim taleyimizə şəhid qadını olmaq yazılıb. Təki vətən sağ olsun".

Ailə başçılarını itirən Quliyevlərin ən böyük çətinliyi evlərinin olmamasıdır. Onlar hökumətin şəhid ailələrinə göstərdiyi dəstəkdən razı qaldıqlarını dedilər. Ancaq ən böyük arzuları iki azyaşlı şəhid qızının ağır şəraitdə yaşamaması üçün rahat mənzillə təmin olunmasıdır: "Şəhid ailəsi olaraq hökumətimiz bizə aylıq 600 manat müavinət verir. Bu dəstəyə görə minnətdarıq. Ancaq bizim ən əsas problemlərimizdən biri evimizin olmamasıdır. İki azyaşlı övladımın gələcəyi və sağlamlığı mənim üçün hər şeydən önəmlidir. Bu daxmanın otaqlarının döşəməsi torpaqla örtülüb. Qış aylarında rütubət yaranır, uşaqlar tez-tez xəstələnirlər. Revmatizm xəstəliyi, soyuqdəymə artıq körpələrdə xroniki hal alıb. Hökumətimizdən, Xocavənd Rayon İcra Hakimiyyətindən yardım əli uzatmalarını xahiş edirəm. Əgər uşaqlarım azyaşlı olmasa idi, mənim üçün bura da rahat idi. Ancaq onların sağlamlığını hər şeydən üstün tuturam".

Başsız ailəyə qucaq açan Zərqələm Quliyevanın nənəsi Ətirə Məmmədova uşaqların gələcəyindən nigaran olduğunu dilə gətirdi: "Xocavənd raayonunun Kuropatkino kəndindən qaçqın düşmüşük. 18 ildir ki, gördüyünüz bu şəraitdə yaşayırıq. Çətin şəraitdə övlad, nəvə böyütmüşük. Ancaq hələ də yaşamağa normal evimiz, şəraitimiz yoxdur. Zərqələmi uşaq vaxtından mən saxlamışam. Atası şəhid olandan sonra qızımı və nəvəmi də mən saxladım. Nəvəm Zərqələm uşaqlıqdan yanımda böyüdü. Öz əmisi oğlu ilə ailə qurdu. Şəhid Sənan Quliyev həm xalam nəvəsi, həm də yeznəm idi. Çox gözəl ailələri var idi. Rəhmətlik mehriban oğlan idi. Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Çox vətənpərvər, ailəcanlı uşaq idi. Yazıq nəvəm həm atasını, həm də həyat yoldaşını itirdi. Şəhid olandan sonra Xocavənd Rayon İcra Hakimiyyəti onun yas mərasimini keçirdi. Mənzil verilən zaman ailəyə Beyləqandan ev vermək istədilər. Orada heç kimimiz olmadığından nəvəm Zərqələm təkbaşına oraya gedib yaşaya bilməzdi. Xahiş elədim ki, ailəyə evi Bakıdan versinlər. Çünki şəhidin qeydiyyatı Ramana qəsəbəsində idi. Dayıları ilə birgə öz yaşadığım yerin yanında, birtəhər birotaqlı daxma düzəldib, yanımıza gətirdik".

Ətirə Məmmədova şəhid ailəsinin mənzillə təmin olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını dedi: "Xocəvənd Rayon İcra Hakimiyyətindən şəhidin hazırda qeydiyyatda olduqları Ramana qəsəbəsindən ev verilməsini xahiş elədim. Ancaq onlar kömək edə bilməyəcəklərini dedilər. O vaxtdan bu günə qədər, artıq 3 ilə yaxındır ki, bu ailə ilə maraqlanan yoxdur. Məsələ ilə bağlı dəfələrlə "Qaçqınkom"a getdim. Dedilər ki, ev yoxdur. Bizimlə maraqlanan da yoxdur ki, necə yaşayırsız".

Ümid edirik ki, bu yazıdan sonra ailə başçılarını vətən uğrunda itirən bu ailəyə aidiyyəti qurumların diqqəti artar. Ən azı, ona görə ki, o şəhidlər torpaq üçün canlarından keçərkən geridə qoyduqları ailə üzvlərini bu millətə və dövlətə əmanət ediblər.

Leyla Həsənova



 

Bölməyə aid digər xəbərlər

17 Okt 2016 Dilqəm Əsgərov dövlətin onu müdafiə etdiyinə inanmır –Oğluna məktub

15 Okt 2016 Etirazçılar 2000-ə yaxın avtomobillə Bakı-Qazax yolunu bağladı-Son dəqiqə

14 Okt 2016 “Məhkəmələrimiz Prezident Adminstrasiyasının şöbəsinə çevrilib”

11 Okt 2016 İstiqlalçı deputat: “Azərbaycanda bizim arzu etdiyimiz hakimiyyət yoxdur”

10 Okt 2016 Türkiyə ilə Rusiya arasında tarixi anlaşma imzalandı: "Türk Axını" - Ərdoğanla Putinin birgə mətbuat konfransında dedikləri

10 Okt 2016 İlham Əliyev Türkiyədəki çevriliş cəhdindən danışdı

10 Okt 2016 Ukrayna MDB-dən çıxmağa hazırlaşır

04 Okt 2016 “Hakimiyyət vətəndaşların Allahın verdiyi yaşamaq hüquqlarını da əlindən alıb”

24 Sent 2016 Şeyx və deputatlar Lənkəranskinin 40 mərasiminə qatıldı

24 Sent 2016 Masallıda aksiyaçılar yolu bağladılar- FOTOLAR

21 Sent 2016 Müxalifətçi gəncin atası icra hakimiyyətində döyülüb

20 Sent 2016 Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

20 Sent 2016 “Əkinə yararlı torpaqları hasara alan məmurlar xalqın düşmənləridir”

19 Sent 2016 Musavatın divan üzvü: “Əli Kərimli müxalifətin birgə fəaliyyətində maraqlı deyil”

15 Sent 2016 KXCP Bakının azad edilməsinin 98 ci ildönümü ilə bağlı tədbir keçirdi

13 Sent 2016 İranlı ayətullah Mövsüm Səmədova məktüb ünvanladı

12 Sent 2016 KXCP Ali Məclis üzvü həbs edildi

01 Sent 2016 Bəraət alan Azərbaycanlı məhbus polisdən 200 min təzminat istəyir

31 Avq 2016 Sumqayıt xəstəxanasında rəzalət- ölü sahiblərindən pul tələb edilir

19 Avq 2016 Rövşən Lənkəranskini güllələyən daha 2 nəfər tutuldu

18 Avq 2016 Gömrük işçiləri anasının gözü qarşısında övladını döyüblər

16 Avq 2016 Heykəltaraş şəhidimizə 5 aydır ki, məzar daşı qoyulmur

14 Avq 2016 Əli Əliyev: “Hakimiyyət amansızlığını davam etdirəcək”

07 Avq 2016 “ KXCP ölkəni monarxiyaya aparan referendumda iştirak etməyəcək”

04 Avq 2016 “Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, hamı bir arada ola bilər”

01 Avq 2016 Rauf Arifoğlu Arif Hacılının cavabını verdi:”Sizdən heçnə olan deyil!”

26 İyul 2016 Arif Hacılı: “Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır”

26 İyul 2016 Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edilib

26 İyul 2016 Gürcüstan hakimiyyəti Elat bayramını keçirməyə imkan vermədi

26 İyul 2016 İranda türklər yenə təhqir edildi

Xəbər lenti